Kolumbiyanın Maqdalena vilayətində dəhşətli yol nəqliyyat qəzası baş verib. Məktəbli uşaqları evə aparan avtobusun yanması nəticəsində 33 uşaq ölüb, 19 nəfər xəsarət alıb. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağır hesab edilir.
Hadisə ilə bağlı istintaq araşdırması başladılıb. İlkin ehtimallara görə, yanğına sürücünün səhlənkarlığı səbəb olub. Sürücü avtobusa yanacaq doldurmaq məqsədilə gedən zaman mühərriki söndürməyib.
Araşdırma zamanı sürücünün avtobusu vəsiqəsiz idarə etdiyi də ortaya çıxıb.
Vəziyyətlə əlaqədər prezident Xuan Manuel Santos may ayının 25-ində keçiriləcək seçkilərlə bağlı təşviqat kampaniyasını təxirə salıb və ölənlərin ailələrinə baş sağlığı verib. Prezident hadisənin ətraflı şəkildə araşdırılmasını tələb edib.
Hadisə ilə əlaqədar ölkədə milli matəm elan olunub.