Bakının Nərimanov rayonunda sürücülərin xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Əhməd Rəcəbli küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Qəzada "Nissan" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıblar. Hadisə yerinə təcili yardım maşını çağırılıb. "Mercedes"ın sürücüsü Elvin Xıdırova elə hadisə yerində tibbi yardım göstərilib. "Nissan"ın sürücüsü Eyvaz Sadıqov isə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Eyvaz Sadıqovun boynu sındığından vəziyyəti ağırdır.
Hadisə yerinə gələn Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya dairə yol nişanının tələbinə məhəl qoymayan "Nissan"ın sürücüsü səbəb olub. Qəza baş verən ərazidə "Təhlükəsiz Şəhər" kamerası olduğundan qəzanın səbəbkarı həmin kameranın görüntülərinə baxıldıqdan sonra müəyyən olunacaq. Faktla bağlı Nərimanov Rayon İdarəsində araşdırma aparılır.