Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan xalq artisti İlhamə Quliyevanın səhhətində irəliləyiş hiss olunmur.
Bunu xalq artistinin oğlu Orxan Nadirov verib. O bildirib ki, anasının bu hala düşməsinin əsl səbəbkarı keçmiş köməkçisi Mehriban Hüseynovadır: "Anam artıq neçə gündür ki, xəstəxanadadır. Mehribanın yedizdirdiyi psixotrop dərmanlar anama çox pis təsir edib. Onun fəsadlarıdır ki, bu gün anam hələ də xəstəxanadadır. Şəkəri hələ də yüksəkdir. Allahın köməyi ilə tez sağalıb, ayağa qalxacağı günü gözləyirik. Amma hələ ki, həkimlərin ciddi nəzarəti altındadır. Həkimlər hələ ki, anamı evə buraxmağa icazə vermirlər. Müalicə həkimi söylədi ki, hələ xəstəxanada qalmalıdır. Onu da deyim ki, sonuncu dəfə Mehriban anama moruq mürəbbəsi bişirmişdi. Onu yeyəndən bəri səhhəti belə pisləşib”.
Xalq artistinin oğlu anasının keçmiş köməkçisi Mehriban Hüseynova ilə olan məhkəmə prosesindən də söz açıb: "Hazırda bu işə Bakı şəhər Prokurorluğunda baxılır. Bu məsələ müstəntiq Cavid Abbasovun icraatındadır. Ümidvarıq ki, bu işə hüquqi qiymət veriləcək. Hələ ki, iki aylıq istintaq dövrü gedir. Ola bilər ki, istintaq müddəti artırılsın”(Lent.az).
Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti səhhətindəki problemi belə izah etmişdi: "Başımda güclü ağrılar hiss etdim. Axşam saat 12-dən saat 3-ə qədər burnumdan qan gəlməyə başladı. Dərhal məni Neftçilər Xəstəxanasına yerləşdirdilər. Həkimlər qanaxmanı saxlaya bilmirdilər. Güclə qarşısını aldılar. Şəkərim 570-ə qalxmışdı. İndi xəstəxanada məndən analizlər götürürlər ki, bilsinlər, mənə daha hansı həblər verilib. Qulluqçum Mehriban Hüseynovanın başıma açdığı oyunlardan sonra əsəb sistemim çox pozulub. Stress keçirmişəm. Çox pis vəziyyətdəyəm. Orqanizmimə yedizdirdiyi dərmanların fəsadlarını yaşayıram. Səhhətim elə ona görə də pisləşib. Neftçilər Xəstəxanasında mənə xüsusi diqqət göstərirlər. Elə buna görə də oranın baş həkimi Leyla Seyidbəyovaya və oranın bütün işçi heyətinə minnətdaram. Ümidim Allahadır. İnanıram ki, yaxşı olacam”.
mia.az