Tacikistanın cənubundakı Xoroq vilayət mərkəzində kütləvi iğtişaşların başladığı barədə məlumat yayılıb. Aktual.az Asiya mediasına istinadən bildirir ki, iğtişaşlar, şəhərin mərkəzində bir neçə nəfəri güllələyən yerli OMON-çular tərəfindən törədilib.
Hadisəyə səbəb keçmiş səhra komandiri Məhmədbəkir Məhmədbəkirovun qardaşının saxlanılması olub. Yerli sakinlərdən bir qrupu onun müdafiəsinə qalxarkən, hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşı yatırtmaq üçün odlu silahdan istifadə ediblər. Nəticədə, 3 nəfər ağır yaralanıb. Onlardan ikisi xəstəxanada keçinib.
Bundan hiddətlənən etirazçılar günahkarların cəzalandırılmasını tələb ediblər. Güc strukturlarının binalarına od vurulub. Yerli sakinlərin bildirdiyinə görə, hal-hazırda Şəhər Daxili İşlər İdarəsinin və Prokurorluğun binaları yanır. Hadisə yerində 500-700 adam var.
Hakimiyyət hadisəyə nəzarət etmək üçün havaya iki vertolyot qaldırıb. Sakinlərə evlərini tərk etməmək tövsiyə olunub.
[media=https://www.youtube.com/watch?v=SOaKzTur7RU]