Xaçmaz rayonunda 25 yaşlı gənc qız 23 yaşlı oğlanı bıçaqlayıb. ANS PRESS-in məlumatına görə, Xaçmaz rayonunun Armudpadar kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Famil Əhliman oğlu bu gün gecə saatlarında ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, əməliyyat olunan yaralının vəziyyəti ağırdır.
Famil xəstəxanaya gətilirdikdən sonra polislər onu dindirdikdə bıçaqlandığını boynuna almayıb və yıxıldığını bildirib. Amma aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun Quba rayonunun Alpan kənd sakini, 1989-cu il təvəllüdlü Bələdova Aygün Gülağa qızı tərəfindən bıçaqlandığı məlum olub.
Hadisəni törədən Bələdova Aygün saxlanılıb. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.