İstintaq vəzifəli şəxslərin videogörüntülərlə şantaj olunması məsələsini araşdırır
“MTN işi” ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda iddia olunur ki, hazırda istintaq keçmiş MTN şefi Eldar Mahmudovun şəbəkəsinin şantaj əməliyyatlarını araşdırır. Bildirilir ki, şəbəkənin üzvlərindən bir neçəsinin, xüsusilə Akif Çovdarovun nəzarətində əyləncə mərkəzləri, hotel və restoranlar olub ki, ora video kameralar yerləşdirilib.
Həmin obyektlərdə dincələn vəzifəli şəxslər, yaxud imkanlı şəxslər sonradan videogörüntülərlə şantaj olunub. Eldar Mahmudovun şəbəkəsinin zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar zamanı dəstə üzvlərindən bir neçəsinin evindən şantaj videoları çıxıb. Istintaq bu məsələni daha dərindən araşdıraraq hansı vəzifəli şəxslərin MTN-nin şantajına qalmasını üzə çıxarmağa çalışır. Istintaqda şübhələr var ki, bəzi məmurlar şantajın qurbanı olaraq hələ də şəbəkəyə xidmət göstərə bilər.