Qarabağda tank döyüşləri: qoşunlarımız qalib gəlir...

2-03-2016, 11:29   
Qarabağda tank döyüşləri: qoşunlarımız qalib gəlir...

Ötən buraxılışlarımızdan birində Azərbaycan silahlı qüvvələrinin Baş qərargahının, quru qoşunlarının komandanlığının Suriyanın şimalında gedən döyüşləri ən azından internetdə yayılan görüntülər əsasında izləməli olduğunu yazanda görünür səhv etməmişik.

Söhbət Britaniyanın “The Times” qəzetinə istinadən Suriyanın şimalında, Hələb ətrafında gedən döyüşlərdə qeydə alınan epizoddan gedirdi.

Qəzet yazmışdı ki, Rusiyanın Bəşər Əsədin ordusuna verdiyi T-90 tankları Hələb döyüşlərində məğlubedilməzliyini nümayiş etdirib. Məqalədə söhbət Qərbdə “Putin tankı” adlanan bu zirehli döyüş texnikası yaraqlıların arsenalında olan tank əleyhinə idarəolunan raket sistemlərinə qarşı nə dərəcədə məğlubedilməz olmasından gedirdi. Antiəsəd qüvvələrinin komandirləri bildirmişdilər ki, onlar Hələb ətrafında onlarla belə tank görüblər. Ancaq əllərindəki Amerika istehsalı olan tank əleyhinə raket sistemləri ilə bu tanklardan heç birini vura bilməyiblər. Baxmayaraq ki, müxaliflər həmin raketlərlə əvvəllər Suriya ordusunun T-72 tanklarını çox asanlıqla zərərsizləşdirə bilirdilər.

Yanvarın əvvəllərində məlum olmuşdu ki, Rusiya Suriya ordusuna T-90 tankları verib. Yaxud tanklar Rusiyadan ekipajı ilə birlikdə Suriya hərbi əməliyyatlar teatrına “ezam edilib”. Və bu tanklar Əsəd qüvvələrinin Suriyanın şimalında, Türkiyə sərhədlərinin yaxınlığında irəliləməsində əhəmiyyətli rol oynayıb. Havadan Rusiya aviasiyasının güclü dəstəyi, qurudan isə T-90 tanklarının köməyi ilə Əsədin 5 ildir davam edən müharibədə yorğun düşmüş, dağılmış və şəxsi heyətin hazırlığı baxımından acınacaqlı vəziyyətdə olan ordusunun ölkənin şimal istiqamətində yaraqlıların nəzarətində olan ərazilərin bir qismini geri qaytarması mümkün olmuşdu.



Rusiya hərbi nəşrlərində yer alan məlumatlara görə Suriyaya T-90 tanklarının nisbətən köhnə versiyası olan T-90A göndərilib. Bunlar Rusiya ordusunun sərəncamında olan tanklardır. Yəni “Putin tankı”nın ixrac versiyası deyil. T-90 tanklarının ən mükəmməl və təkmilləşdirilmiş versiyası T-90S tanklarıdır ki, Azərbaycan 2011-ci ildə “Rosoboroneksport”la bağlanmış müqavilə əsasında 100 belə tank alıb. Daha sonra müqavilə uzadılıb və rəsmi olmayan məlumatlara əsasən Rusiyadan daha 100 T-90S tankı sifariş verilib. Məhz bu baxımdam T-90 tanklarının Suriya hərbi əməliyyatlar teatrında özünü necə aparması Azərbaycan Müdafiə Nazirliyinin də marağına səbəb olmalıydı.

“The Times” qəzetinin T-90 tanklarının müxaliflərin əlindəki tank əleyhinə raketlərə qarşı məğlubedilməz olması barədə məqaləsindən sonra internetdə bu texnikanın özünü döyüşdə necə aparması barədə maraqlı videogörüntülər yayıldı. Bu videogörüntülərə əsasən İŞİD, yaxud “Əl Nüsra Cəbhəsi” qruplaşmasına bağlı olan yaraqlılar Suriyanın şərqində gedən döyüşlər zamanı T-90 tankına Amerika istehsalı olan TOW-2A tank əleyhinə idarəolunan raket kompleksindən zərbə endirir. Raket zərbəsi endirilərkən tankın tuşlayıcısı zirehli pulemyot qülləsindən yaraqlıların mövqeyinə atəş açırdı.



Raket isə hədəfə dəyir və partlayır. Lakin tanka ciddi zərər dəymir. Tuşlayıcı açıq lükdən tullanaraq qaçır, az sonra tankın ətrafında güclü partlayış və alov topu görünür. İlk baxışdan belə görünür ki, partlayan tankın yanacaq çəni, yaxud içərisindəki sursatdır. Ancaq internetdə çoxsaylı izləyicilər, o cümlədən hərbi ekspertlər tərəfindən baxılan bu kadrların analizi göstərir ki, “Putin tankı” Amerika raketi ilə döyüşdə qalibdir. Baxmayaraq ki, tankda optik-elektron dəfetmə sistemi “Ştora” qoşulmamışdı, yaxud söhbət T-90 tankının köhnə versiyasından getdiyinə görə bu sistem ümumiyyətlə mövcud deyildi. Mütəxəssislər deyirlər ki, əgər bu epizodda T-90 tankının yerində T-72 olsaydı onun Amerika raketinə qarşı heç bir şansı qalmazdı.



T-90 tanklarını istehsal edən “Uralvaqonzavod” korporasiyasının xüsusi texnika üzrə direktor müavini Vyaçeslav Xalitov həmin videokadrları “Rossia 24” telekanalına şərh edərkən deyib ki, onlar bu videokadrları diqqətlə analiz ediblər. Xalitovun sözlərinə görə, yaraqlılar tanka kumulyativ başlıqlı raketlə atəş açıblar. Bu zaman tankın dimanik müdafiə sistemi işə düşüb və raketin başlığının kumulyativ hissəsini neytarallaşdırıb. (Kadrlarda görünən alov topu tankın reaktiv zirehinin-dinamik müdafiə sisteminin tərkib hissəsinin işə düşməsinin nəticəsidir) Nəticədə tankın zirehinə zərər dəyməyib və ekipaj sağ qalıb. Çünki kadrlardan görünür ki, raket tankın yan tərəfinə , tuşlayıcının oturduğu yerə dəyib. Əgər tuşlayıcı tankı sərbəst tərk edibsə deməli qalan heyət üzvləri heç bir xəsarət almayıblar.

V.Xalitov deyib ki, T-90 tanklarının üç mühafizə sistemi var və bu tankı vurmaq praktiki olaraq çox çətindir, onlar xarici analoqları ilə müqayisədə daha mükəmməl müdafiə sisteminə malikdirlər. Bu müdafiə sisteminin birincisi “Ştora-1” kompleks optik-elektron dəfetmə sistemidir. Həmin sistem işə düşəndə lazerlə hədəfə yönləndirilən raket tanka heç bir halda dəymir və kursunu dəyişərək hədəfdən yayınır. Həmin sistemin infraqırmızı şüalandırması işə salınanda raketin tuşlayıcısı hədəfi ayrıd edə bilmir .

Əgər düşmən tanka qədər məsafəni lazer məsafəölçəni ilə müəyyən etməyə çalışsa bu zaman tankın qülləsi avtomatik olaraq ona tərəf yönəlir və tüstü-metal dumanı buraxır. Nəticədə tanka qədər olan məsafəni ölçmək mümkün olmur və raket hədəfə dəymir. Nəhayət raketin tanka dəyməsi halında dinamik müdafiə sistemi işə düşür, raket tankın çölündə partlayır və onun zirehinə zərər dəymir.



Kadrlarda həmçinin T-90 tanklarının daha bir üstünlüyü özünü büruzə verir ki, bu da zirehli pulemyot qülləsidir. T-72 tanklarında belə pulemyot qülləsi mövcud deyil, tankın tuşlayıcısı yaxınlaşan düşmənə pulemyotdan atəş açmaq istəsə özü də asanlıqla atıcı silahların hədəfinə tuş gələ bilər. T-90 tanklarında isə tuşlayıcı zirehli pulemyot qülləsində mövqe tutaraq düşmənin tank əleyhinə raket sistemlərinin operatorunu, yaxud piyada bölmələrini zərərsizləşdirə bilər.

Rusiya hərbi nəşrləri isə yazır ki, Suriya ordusuna verilən T-90 tankları 90-cı illərin əvvəllərində istehsal olunub və hazırda Rusiya ordusunun silahlanmasının əsasını həmin tankların məhz bu köhnə versiyası təşkil edir. Həmin tanklarda “Ştora-1” kompleks optik-elektron dəfetmə sistemi quraşdırılmayıb. Habelə kondisionerlə təchiz edilməyib. Hazırda Suriyada havanın temperaturu 20 dərəcəyə yaxındır və bu temperaturda tankın içərisi daha isti olur. Görünür bu səbəbdən həmin kadrlarda tuşlayıcı lükü açıq qoymuşdu və beləliklə də, əlavə risk yaranmışdı. Lakin Rusiya nəşrləri yazır ki, Azərbaycana satılan T-90S tankları bu sinifdən olan tankların ən müasiridir. Onlar “Ştora” optik-elektron dəfetmə sisteminin ən yeni versiyası ilə, habelə kondisionerlərlə təchiz olunub.



Beləliklə, Azərbaycanın quru qoşunlarının tank birləşmələrinin silahlanmasında əhəmiyyətli paya malik olan T-90S tanklarınının Qarabağda mümkün tank döyüşləri zamanı Ermənistan ordusunun tank əleyhinə sistemləri qarşısında özünü necə aparacağını indidən təsəvvür etmək çətin deyil. T-90S tanklarının müdafiə sistemi Rusiyanın Ermənistana verdiyi tank əleyhinə sistemlərin, o cümlədən 1974-cü ildən istifadə olunan “Konkurs” sistemlərinin bütün zərbələrini dəf etməyə imkan verir.

Müqayisə üçün qeyd edək ki, Ermənistan ordusunun və onun Qarabağda yerləşdirilmiş işğalçı birləşmələrinin silahlanmasında T-90S tankları mövcud deyil. Doğrudur, Ermənistana bir neçə T-90 tanklarının verildiyi məlumdur, ancaq onlar həmin tankların köhnə versiyasıdır. Azərbaycan təkcə T-90 tanklarının ən yeni versiyasına malik olmaqla (özü də kifayət qədər çox sayda) kifayətlənməyib və düşmən tanklarını zərərsizləşdirmək üçün ən yeni tank əleyhinə sistemlər-“Xrizantema” və “Kornet” sistemləri də alıb. Habelə qoşunlarımızın sərəncamında İsrail istehsalı olan müasir tank əleyhinə sistemlər də var.

Azərbaycan ordusunun işğal edilmiş əraziləri geri qaytarmaq üçün Qarabağda hərbi əməliyyatlara başlayacağı təqdirdə əsas tank döyüşlərinin nisbətən düzənlik relyefə malik ərazilərdə-Ağdam və Füzuli istiqamətlərində gedəcəyini təxmin etmək olar. Və bu istiqamətlərdə hücuma keçən qoşunlarımızın sərəncamında böyük sayda T-90S tanklarının və eyni zamanda ən yeni tank əleyhinə sistemlərin olması Ermənistan işğalçı qüvvələri üzərində əzici üstünlüyü təmin edərdi.

Nəzərə alsaq ki, Azərbaycan ordusunun sərəncamında olan yüzlərlə T-72 tanklarının müxtəlif modifikasiyaları da İsrail şirkəti tərəfindən tamamilə modernləşdirilib, o zaman silahlı qüvvələrimizin zirehli birləşmələrinin döyüş potensialının son illərdə nə dərəcədə genişləndiyini təxmin etmək çətin deyil...

Fərhad Məmmədov

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar