Azərbaycanda yaxtaları kimlər alır?

26-05-2014, 10:57   
Azərbaycanda yaxtaları kimlər alır?
Biz Avstraliya, Çin, ABŞ və Avropa ölkələrinin istehsalı olan dəniz nəqliyyatı növlərini və avadanlıqlarını Azərbaycana gətiririk. Yaxtaların qiyməti 50 mindən başlayır. Su motosikletlərinin qiyməti modeldən, mühərrikin gücündən və digər amillərdən asılı olaraq 10-25 min manat arasında dəyişir. Kater və qayıqlar qiymətləri isə 600 manatdan 30 min manata qədər dəyişə bilir. Sifarişlərə əsasən 1 milyon dəyərində də yaxtalar gətirə bilərik- bunu fins.az-a “AlfaMarine” şirkətinin direktor köməkçisi Rüfət Cəfərov bildirib.
Şirkət rəsmisi bildirib ki, satışlar ildən-ilə artır. Bu il 10-20% arasında artım gözlənilir. Onun sözlərinə görə, gəliri nisbətən az olan vətəndaşlar əsasən, qayıq və sualtı ov üçün avadanlıqları alırlar. Yaxtaları isə imkanlı şəxslər alır. Çünki yaxta saxlamağın çoxlu şərtləri var: “Yaxtanın saxlanma yeri, texniki servisi, qışda parkinqi var. Bu sektorda olan xidmətlər çox baha olduğu üçün bunu hər adam ala bilmir”.
R.Cəfərov qeyd edib ki, turizmlə əlaqədar olaraq Qəbələdə kvadraçikl alırlar. Nabranda isə skuterlər, su motoskiletləri kirayə veririk. Əsasən, balıqçılıqla məşğul olan Salyan, Neftaçala, Siyəzən kimi rayonlarda əsasən balıqçı qayıqları, qayıq mühərrikləri alırlar. Bakıda da əsasən balıqçılıqla bağlı qayıqlar, sualtı ov avadanlıqları, bağlarda sürmək üçün kvadraçikl alırlar”.
Şirkət rəsmisi bu nəqliyyat vasitələrinin və avadanlıqların sığortalanması məsələsinə də toxunub: “Biz bu avadanlıqları, kater və qayıqları kreditlə də satırıq. Bu zaman krediti banklar verdiyi üçün sığorta məsələsi də gündəmə gəlir. Dəniz avadanlıqlarının kreditlə satılması şərtlərdən və vətəndaşın istəyindən aslı olur. Yaxtaçılıq Azərbaycanda yeni olduğu üçün hələlik bu sahəyə daxil olmağa sığorta şirkətləri ehtiyat edirlər”.
Qeyd edək ki, katerlərin Kasko sığortasına aid olan risklər sürüşmə və zəlzələ kimi risklər istisna olmaqla avtomobilin Kasko sığortasındakı risklərlə eynidir. Sığorta bazarına əsasən, kater və yaxtaların sığorta tarifi 4-7 faiz arasında dəyişir. Məsələn, azadolma məbləği 500-1000 manat arasında olan 20 min manatlıq kateri sığortalamaq üçün 800-2100 manat arasında sığorta haqqı müəyyən edilir.
R.Cəfərov qeyd edib ki, yaxtaçılıqda əsas problem xidmət məsələri, dayanacaqlarla bağlı olur: “Kateri, qayığı alan adam istəyir ki, bunun xidməti də olsun. Yəni, normal dayanacaqlar olsun. Çünki qayıq yalnız bir yerdə qeydiyyata alınır. Bu zaman vətəndaş həmin qayıqla istədiyi su hövzəsində gəzintiyə çıxa bilmir.
Əgər onun qonağı varsa, onu da bu qayıqda qeydiyyata aldırmalıdır ki, birgə gəniztiyə çıxa bilsinlər. Qayıq və ya kater sahibi yalnız bir yerdən dənizə və ya gölə çıxa bilər. Bu isə onların belə avadanlıqlardan istifadə imkanlarını məhdudlaşdırır. Bu kimi problemlərə diqqət yetirilməsi çox vacibdir”.
Mütəxəssis deyir ki, hadisə hər yerdə olduğu kimi dənizdə də baş verə bilər. Hər bir şəxs gərək özünün təhlükəsizliyinə diqqətlə yanaşsın. Əgər qayıq alırsa, təbii ki, xilasedici jilet də almalıdır. Qayığın GPS-i olmalıdır. Mühərriksiz dənizə çıxmamalıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.