'Politico': Türkiyə Rusiya neftini Avropaya necə satır?

17-05-2024, 10:08   


Politico portalı yazır ki, Türkiyə Qərb sanksiyalarındakı boşluqlardan istifadə edərək Rusiya neftini Avropa İttifaqı ölkələrinə satır.

Məqalədə deyilir ki, bu məqsədlə enerji daşıyıcıları “Türkiyə məhsulu” kimi nişanlanır.

Bu da qeyd olunur ki, Enerji və Təmiz Hava Araşdırmaları mərkəzinin, habelə Politico saytının müstəqil araşdırmalarına görə Rusiya neftinin böyük bir hissəsi Aİ-yə Türkiyə üzərindən gəlir.

Rusiya yanacağının Avropa İttifaqında idxalı 2023-cü ilin fevralından qadağan edilib, amma bu məhsulun nişanı dəyişdirilərsə, sanksiyaların üstündən aşmaq mümkündür.



Bu sxem ona görə baş tutur ki...

Bu sxem ona görə baş tutur ki, Avropa İttifaqına “qeyri-Rusiya” məhsulu kimi nişanlanmış “qarışıq neft” ixrac etməyə icazə verilib.

Ekspertlərin təxminlərinə görə Türkiyənin yalnız üç limanında – Ceyhan, Marmara-Ereğlisi və Mersin portlarında neftin təkrar nişanlanması Rusiyaya ötən il 3 milyard avro gəlir gətirib.

Politico yazır ki, Türkiyənin neftayırma zavodları günə bir milyon barrelədək nefti emal etmək gücündədir.

Bu həmin zavodlara Rusiya neftini başqa məhsullarla qarışdırmaqla onu Avropa İttifaqına “Türkiyə məhsulu” kimi ixrac etmək imkanı verir.

Bu sayaq “qarışıq” yanacağın əsas alıcılarından biri də Yunanıstandadır.



Avropa İttifaqının da məsuliyyəti var

Moskvanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsindən əvvəl Aİ-nin xam neft idxalının 25, dizel idxalının isə 40 faizi Rusiyanın payına düşürdü.

Lakin 2022-ci ildə Rusiyanın üzərinə qoyulan sanksiyalara görə bu göstəricilər kəskin dəyişib.

Politico yazır ki, elə təxminən həmin vaxtdan Türkiyə Rusiyadan özü üçün yanacaq idxalını “sakitcə” artırıb. 2023-cü ilin fevralı ilə 2024-cü ilin fevralı arasında əvvəlki illə müqayisədə Türkiyənin Rusiyadan yanacaq idxalı 105 faiz artıb. Maraqlıdır ki, eyni dövrdə Türkiyədən Aİ-yə yanacaq ixracı da 107 faiz artıb.

2023-cü ilin fevralı ilə 2024-cü ilin fevralı arasında təkcə Ceyhan portu 22 milyon barrel yanacaq qəbul edib. Bunun 92 faizi Rusiyadan gəlib. Bu, Ceyhanın əvvəlki illərdə Rusiydan aldığı yanacağın üç dəfə artması deməkdir. Eyni dövrdə Ceyhan portundan Aİ-yə yanacaq ixracı 85 faiz artıb.

Politico ekspertləri bildirirlər ki, bu problem üçün qismən məsuliyyət Brüsselin sanksiyalara riayət üçün keçirdiyi testlərin üzərinə düşür.

Məqalədə deyilir ki, ekspertlərin fikrincə Aİ bu boşluğun doldurulması üçün tədbirləri özünün Rusiyaya sanksiyalarının 14-cü paketinə daxil etməlidir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar