Tanınmış şairə-həkim Rəfiqə Qasımqızı yeni kitabını təqdim etdi - Foto/Dosye

6-05-2024, 12:34   








Şairə Rəfiqə Qasımqızının (Abbasova Rəfiqə) yeni şeirlər kitabı təqdim olunub. 
Anaxeber.info məlumat  verir ki, Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən tədbirdə moderator AYB İdarə Heyətinin üzvü, şair Qəşəm Nəcəfzadə olub.
Tədbirdə Rəfiqə Qasımqızının yaradıcılığından, ədəbi mühitdə gördüyü işlərdən, onun kitablarının rəngarəngliyindən və zənginliyindən danışılıb. Təqdimata gələn qonaqlar - qələm əhli R.Qasımqızının ədəbi yaradıcılığı ilə bağlı danışaraq onu təbrik edib, yeni kitabı ilə bağlı fikirlərini bildiriblər. Şairənin yaradıcılığında əsas ana xəttin təbiət gözəllikləri, uşaqlar və qadınlara aid mövzuların təşkil etməsi rəğbətlə qarşılanıb, böyük alqış qazanıb. Poeziya gecəsini xatırladan kitab təqdimatında şairənin şeirləri səsləndirilib.


Rəfiqə Qasımqızının şeirlərinin önəmli məziyyətlərindən biri də insanın mənəvi dünyasının, hisslər, duyğular aləminin həssas və zərif ifadə olunmasıdır. Bu poetik nümunələrdə dərin və saf bir sevginin, hicran və həsrət qoxulu məhəbbətin səmimi tərənnümü diqqəti cəlb edir. Lirik qəhrəmanın yaşadığı duygularin ucalığını, qüdrətini daha parlaq və gözəl ifadə etmək üçün istifadə olunan bədii təsvir və ifadə vasitələri poetik ustalığının ehtivasıdır.

Şairin poetik əsərlərinin lirik qəhrəmanı öz müşahidə qabiliyyəti ilə diqqəti cəlb edir. Onun fərdi poetik siması, yalnız qələmə aldığı nümunələrin üslüb cəhətlərində deyil, həmçinin hadisələrə yanaşmasında, onları seçməsində və qiymətləndirməsində, lirik "eqo”nun əhval-ruhiyyəsini təravətli, həm də səmimi çalarlarla ehtiva etməsindədir.

Rəfiqə Qasımqızı Azəbaycan dilinin zəngin və rəngarəng təhkiyələrindən, bədii təsvir və ifadə vasitələrindən bacarıqla istifadə edərək, qələmə aldığı mövzuların bədii həllini, poetik ümumiləşdirməsini özünəməxsus ovqatda təqdim edə bilir. Onun yaradıcılığında məxsusi bir məziyyət var ki, onu başqalarından fərqləndirə bilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdir və bu sadəlikdə bədii zənginlik və müdriklik mövcuddur. Onun şeirlərinin məğzini təşkil edən dərin və poetik ictimai məna sənətkarlıq xüsusiyyəti kimi böyük yaradıcılıq səciyyəsi daşıyır.
Onu da demək yerinə düşər ki, Rəfiqə Qasımqızı yaradıcılıqla məşğul olmaqla yanaşı həkimdir. O, işinin peşəkarıdır, təcrübəli doktordur, ən əsası peşəsinə məsuliyyətlə yanaşır. Rəfiqə həkimin yanına gələnlər həmişə ondan razılıq ediblər, onun gülərüzü, şəfqəti, qayğısı ilə qarşılaşıblar.  R.Qasımqızı həm həkim kimi xalqa xidmət edir, həm də şeirləri ilə insanların qəlblərini məftun edir.
Ona görə də R.Qasımqızı bir yandan insanların sağlamlığının keşiyində durur, bir tərəfdən isə gənclərin, uşaqların, kitabsevərlərin mənəvi ehtiyacını ödəyir, onların kamilləşməsində rol oynayır. 

6 may 1954-cü ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində ziyalı ailəsində dünyaya göz açıb. O, Çinarlı qəsəbəsindəki Mikayıl Müşfiq adına orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1978-ci ildə təhsilini yüksək qiymətlərlə başa vuraraq həkimlik ixtisasına yiyələnib, Şəmkir rayonuna təyinat alaraq, həkimlik fəaliyyətinə başlayıb və hal-hazırda da həkimlik fəaliyyətini davam etdirir.
Rəfiqə Qasımqızı eyni zamanda ədəbi yaradıcılıqla məşğul olur.
"Yaşanan ömrümdə yeni ömürsən", "Payız dodağında oxunan nəğməm", "İlmələnən arzular","Xatirələr əl edir", "Zaman əlimdən düşür", "Körpə balalar üçün", "Utancaq bənövşələr ", rus dilində "фиалка", həmçinin Təbrizdə nəşr olunmuş "Yubanmış sevgi" adlı şeirlər kitabının müəllifidir.
Mütəmadi olaraq, dövrü mətbuatda, o cümlədən, "Şərqin səsi", "Ziya", "Elm və təhsil" qəzetlərində, bir sıra jurnallarda, eləcə də, ZiM.Az, Zirve.info, Borcali.org və s. internet saytlarında şeirləri dərc olunur, həmçinin "Zirvə", "Canım Azərbaycanım", "Sazil-sözlü Borçalı", "Ləlvər dağı", "Şah dağı", "Poeziya çələngi", "Buta" və s. poeziya antologiyalarında, ədəbi məcmuələrdə şeirləri dərc olunur.
"İraq-Türkmən Ədəbiyyatı və Yazarları "Birliyinin üzvüdür. 2020-ci ildə Mərkəzi Asiyanın "Yeni avaz" Yazıçılar və Tarixçilər birliyinin və ƏMİR-TEYMUR OBF-nin təsis etdiyi "Turan birliyi" medalı ilə mükafatlandırılıb və 2020-ci ildə Azərbaycan Respublikası KİVİHİ-nin rəyasət heyətinin qərarı ilə "Qızıl qələm" mükafatı laureatı adına layiq görülüb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.