Azərbaycan kinosunun vəziyyəti: “…Prezident Adminstrasiyasından gələn zənglə həll edilir”

8-05-2024, 09:54   




Rejissor deyir ki, Azərbaycan hökumətinin filmlərlə bağlı senzura siyasəti yanlışdır

O, “Busan”, “Marseille”, “Locarno” beynəlxalq film festivallarının iştirakçısıdır.

Söhbət “Dumanda”, “Buqələmun”, “Qaranlıqdan Reportaj”, “Biləsuvar” filmləri ilə Azərbaycan və xaricdə mütəxəssislərin diqqətini çəkən kinorejissor Elvin Adıgözəldən gedir.

Kinorejissorla Azərbaycan kinosunun aktual problemlərindən, Mədəniyyət Nazirliyindən, Kino Agentliyindən, müstəqil kinonun maliyyələşməsindən danışmışıq.

Meydan TV müsahibəni təqdim edir:

– Dövlət büdcəsindən hər il kinoya 7-8 milyon manat ayrılsa da, Azərbaycanda son 4-5 ildə film istehsalatı tamamilə dayanıb. Kinoya cavabdeh Mədəniyyət Nazirliyi bununla bağlı açıqlama vermir, pulların hara və necə xərclənməsinin hesabatını təqdim etmir. Sizcə, kinoya belə laqeyd münasibətin səbəbi nədir?

– Hazırda kino sahəsindəki adamlar – rejissorlar film çəkilişləri üçün pul, texnika tapa bilmirlər. Özlərinə aid olmayan işlərlə məşğul olub, birtəhər dolanmağa çalışırlar, həyat mübarizəsi aparırlar. Bu, kino adamlarının faciəsidir. Dövlət büdcəsindən ayrılan pulların hara və necə xərclənməsinə gəlincə, görünür, kinonun başında duranlara ictimaiyyətə hesabat vermək maraqlı deyil. Məncə, Hesablama Palatası və dövlət rəhbərliyi Mədəniyyət Nazirliyindən səbəb soruşmalıdır: Azərbaycanda niyə kino çəkilmir?

– Bəlkə, kino siyasətinə məsul olan yüksək rütbəli məmurlar Azərbaycanda kinonun olmasını istəmirlər?

– Həmin məmurların kinoya heç bir aidiyyəti yoxdur. Onlar bunu kinoya olan münasibətləri ilə dəfələrlə sübut ediblər. Vəziyyət göz önündədir. Əgər belə olmasaydı, kino adamları dövlət büdcəsindən maliyyə alıb, film çəkərdilər. Kino istehsalı ilə məşğul olan prodüserlər və rejissorlar film çəkilişi meydançasında olardı, işsiz-gücsüz oturmazdılar.

– Kino Agentliyi (ARKA) yarananda, kino adamları ümidli idilər. Azərbaycanda kino sənayesinin inkişafına əminlik yaranmışdı. Bəs sonra nə baş verdi?

– Hesab edirəm ki, istər mədəniyyət naziri postuna, istərsə də Kino Agentliyinə incəsənətə illərini vermiş, qəlbi sənətlə döyünən, prodüserlər, rejissorlar ilə məsləhətləşmələr aparan, dövlətə təsir etməyi bacaran şəxslər rəhbərlik etməlidirlər. Bunlar olmadığı üçün reallıq da göz önündədir.

– Ötən ilin sonlarına doğru Mədəniyyət Nazirliyi tərəfindən Ekspert Şurası yaradıldı. Ardınca da elə həmin Ekspert Şurası Kino Agentliyinin ümumi büdcəsi 5.5 milyon olan müsabiqəsinin 1.8 milyonunu “Baku Media Mərkəzi”nə verdi. “Borc” layihəsi üçün 1.2 milyon, “Arılar və qəbirlər” üçün isə 600 min manat. Necə düşünürsünüz, kinoya maliyyənin ayrılması qanunla tənzimlənsə, bu kimi halları önləmək mümkündür?

– Kino Agentliyi müsabiqə keçirəcəyini elan edəndə, qeyri-şəffaf olacağını bilirdim. Baş verənləri özünüz də gördünüz. Qalibləri münsiflər heyəti deyil, Ekspert Şurası seçdi. Əgər Ekspert Şurası seçim edəcəkdisə, münsiflər nəyə lazım idi? Dünyanın hansı ölkəsində belə bir hadisə olub? Bəlkə, Banqladeşdə ola bilər. Heç ona da inanmıram. Seçilmiş olan kino layihələrinə gəlincə, Kino Agentliyi ilə Mədəniyyət Nazirliyinin onlara pul ayırmaq nədənsə yadından çıxıb.

– Müsabiqə qaliblərinə pullar ödənilməyib?

– Kino adamlarını saymayaraq onlarla məsləhətləşmələr aparmayan bir qürum nə qədər ciddi iş görə bilər?! Digər tərəfdən Azərbaycanda kinoya pul ayırma mexanizmi yoxdur. Yəni Dövlət Vergi Xidməti ilə Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən kinoya pul ayırmaq mexanizmində böyük maneələr var. Bu da “Kinematoqrafiya haqqında” Qanunun yenilənməməsindən, olmamasından irəli gəlir. Başa düşmək lazımdır ki, dövlətin qanun məcəlləsində kinoya, film istehsalçılarına pul ayırmaq mexanizmində güzəşt, vergi güzəşti, kinoya dəstək yoxdur. Bundan başqa, həm də kino üçün Nazirlər Kabinetinin 38 saylı qərarı dəyişməlidir. Biz yaradıcı işlə məşğuluq. Asfalt çəkmirik, bina tikmirik ki, tenderlə də pul alaq. Hələ üstəlik, kino sənayesi olmayan ölkədə iyirmi faiz də vergi verək. Ona görə də əvvəl “Kinematorqafiya haqqında” Qanun yenilənməli, daha sonra isə müsabiqə keçirib, pul ayrılmalıdır.

– Sizcə, dövlət kinoya, ümumiyyətlə, incəsənətin digər sahələrinə pul ayırmalıdırmı? Bəs dövlətin maliyyə yardımının arxasında hökumətin senzurası dayanırsa, onda necə?

– Dövlət büdcəsi heç kimin şəxsi pulu deyil, bunu hamı bilir. Kinoya dəstək, kinoya pul ayırmaq dövlətin mədəniyyət siyasətinin tərkib hissəsidir. Kino bir ölkədə sivilizasiyanın olduğunu göstərir, dövrün zamanın kadrlara köçürülməsinin vacibliyini ifadə edir. Senzuraya gəlincə, bu gün Türkiyədə türk-kürd məsələsi var. Buna baxmayaraq hətta dövlətin siyasətinin zidd olduğu məsələləri belə obyektiv, tərəfsiz və rejissorun özünəməxsus yanaşması ilə əks etdirən filmlərə dövlət büdcəsindən maliyyə ayrılır. Gürcüstanda etiraz edən kino adamlarına, həmçinin Ermənistanda və Qırğızıstanda belə dövlət büdcəsindən kinoya maliyyə ayrılır. Bütün ölkələrdə dövlətin siyasəti, kinoya senzura tətbiq etmək yox, kino adamlarına dəstək verməkdir. Azərbaycan hökumətinin filmlərlə bağlı senzura siyasəti yanlışdır. Çünki Azərbaycanda yaşayan kino adamı – prodüser və rejissor hansı həddə qədər və nə çəkəcəyini bilir.

Foto: Elvin Adıgözəlin şəxsi arxivindən

“Hədd” anlayışı ancaq Konstitusiyada yazılan dini, irqi ayrıseçkilik, pornoqrafik səhnələr, siyasi propaqanda və ya azyaşlının istismarı, çəkiliş vaxtı həqiqətən heyvan öldürmək kimi beynəlxalq dərəcədə bilinən məsələlərə aid olmalıdır. Digər bütün hallarda kinoda hər cür yaşayışı, reallığı göstərmək heç bir halda senzura sayılmamalıdır. Kino adamlarına şərait yaradılmalıdır. Kino çəkilişinə icazə anlayışı adi olmalıdır, kinoya pul ayrılmalıdır, sıxmaqla boğmaqla, pulsuzluğa məhkum etmək nəticəsində kinosunu çəkə bilməyən adamlar ölkəni tərk edəcəklər. Necə ki, bunu edirlər. Nəticədə kim itirəcək? Azərbaycan adlanan ölkənin kinosu. Biz anlamalıyıq – kino adamları bir peşə sahibidirlər, buna aktyor – aktrisalar, kino rəssamları, quruluşçu operatorlar və kinoda işləyən hər kəs aiddir. Onlar kinolar çəkilməyən ölkədə, işsiz – güzcüz qalacaqlar, seriallarda, reklamlarda işləyərək sənətdən uzaqlaşacaqlar. Bəziləri də axırda ya restoranda ofisiant ya da “Bravo”da, “Araz market”də saatlarla ayaq üstündə dayanıb işləyən, ailəsini dolandırmaq üçün çalışan və ən əsası başqalarının peşəsini, iş yerini məcburi tutmuş adamlara çevriləcəklər. Bu faciəni dərk etmək bu qədərmi çətindir?!

– Mədəniyyət Nazirliyindən, Kino Agentliyindən şikayətlənirsiniz. Qadağaların olduğunu deyirsiniz. Kinoya pul ayrılmadığını bildirirsiniz. Qonşu İranda vəziyyət daha kritikdir. Orada rejissorları çəkdikləri filmlərə görə həbs edirlər, ev dustağı edirlər və s. Amma onların kinosu dünyaya çıxır. Az büdcə ilə çəkirlər, bir otaqda çəkirlər. Məsələn, Cəfər Pənahi bir operatorla ev şəraitində “Bu, film deyil” adlı filmini çəkib. İran höküməti ona 20 il film çəkməyi yasaqlayıb. Bəs bizdə niyə belə rejissorlar yoxdur?

– Dini idarəçiliyi olan, repressiv bir hökumətin siyasəti var: İran kinosu dünyaya çıxmalıdır, tanınmalıdır. İranda kino adamlarına zülm versələr də, onlara film çəkilişi üçün xaricdən gələn pulların qarşısını almırlar. Almaniyanın “Match Factory” kino şirkəti iranlı rejissorlar Cəfər Pənahinin, Məhəmməd Rəsulofun filmlərini rahatlıqla maliyyələşdirirlər. Sizcə, Rasulof ev dustağı olduğu halda “Orada şeytan yoxdur” filmini necə çəkmişdi? Cəfər Pənahinin son “Üç üz” filmi də həmçinin. Bundan əlavə, İranda rejissorlar ölkə ərazisində istənilən formada gizli ya qeyri-gizli çəkiliş edirlər. Avropada tanınırlar. Azərbaycanı İranla müqayisə etmək tamamilə səhvdir. Deyilənə görə, Tehranda 40-a yaxın kinoteatr var.

– Azərbaycanda isə 2006-cı ildən kinoteatrlar özəlləşdirilib. Sahibkarlar da kinoteatrlardan kafe, restoran kimi istifadə edirlər.

– Bakıda cəmi bir – “Nizami” kinoteatrı var. Qalan bütün kinoteatrlar sökülərək otelə, restorana, mobitelə hansısa iaşə obyektlərinə çevrilib. “Nizami” kinoteatrının ikinci mərtəbəsində hazırda əyləncə və musiqi olan bir restoran fəaliyyət göstərir. Kinoteatrın qarşısındakı plakatlarda bəzən Azərbaycanda kommersiya məqsədi ilə çəkilmiş olan filmlərin reklamı gedir. Həmin flmləri istehsal edənlər televiziyalarda, sosial şəbəkələrdə, “YouTube”da məşhurlaşanlardır. Orada həmçinin Türkiyə, “Hollywood” istehsalı filmlər nümayiş olunur. Bəzən də kinoya, sənətə aidiyyəti olmayan tədbirlər keçirilir. Bu gün sərəncam verilsə, yenidən şəhərin hər yerində və bölgələrdə kinoteatrlar tiksələr, bu, xoş, əlamətdar hadisə olar. Amma kinonun inkişafı ola bilməz. Kinonun inkişafı üçün ilk növbədə kino qanunu yenilənməli, daha sonra da maliyyə ayrılmalıdır. Hamı azad şəkildə icra hakimiyyətindən, polisdən və digər hüquq-mühafizə orqanlarından icazə almaq üçün vuruşmadan film çəkməlidir. Mən bu ölkədə 2010-cu ildən etibarən beynəlxalq səviyyədə təmsil olunmuş filmlər çəkmişəm.

Mənimlə işləyənlər, ümumiyyətlə, Azərbaycanda istənilən kino çəkən adamlar da bilirlər ki, bu ölkədə kino çəkməyə – küçədə, yolda, hansısa bir rayonda, şəhərdə adi bir tərk edilmiş xarabalıqda belə icazə almaq nə qədər zülmlü işdir. Kino sənayesi olmayan ölkədə kimsə öz cibindən, ya da hardansa pul tapıb, gələcəyə ümidlə nəsə çəkmək istəyəndə, polis, icra hakimiyyəti və digər qürumlardan icazə almalı olur. İcazənin bir qaydası, bir düsturu varmı? Xeyr, əlbəttə ki, yoxdur. Bəzən icazə Prezident Adminstrasiyasından gələn bir zənglə həll edilir. Təbii ki, hansısa müğənni klip çəkə bilər, hansısa lazımsız bloger, vloger reklam xarakterli harda istəsə nəsə çəkə bilər. Onlara olar, kino adamlarına isə icazə lazımdır. Bu da ölkədə dövlətin, xüsusi ilə Mədəniyyət Nazirliyinin kino adamlarına olan münasibətinin nəticəsidir. Çünki kino adamı onlar üçün lazımsızdır, guya təhlükədir. Təhlükə odur ki, cəmiyyət artıq kino nədir bilmir. Bu gün küçədə sorğu keçirsəniz, bir nəfər çətin taparsınız ki, “müasir kinolar”, – deyəndə hansısa bir filmin adını çəksin, ya da kinoya baxsın. Bu, kino istehsalı olmayan ölkədə cəmiyyətin “kinoya baxmaq”, “kinoya baxmaq, düşünmək, beyin istirahətidir”, – anlayışından tamamilə uzaqlaşdığını sübut edir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar