Ekspert: “Subsidiya üzərində monopolist nəzarət olmamalı, məbləğ xərclərə uyğunlaşdırılmalıdır”
“İmkanlılar torpaqdan üçtərəfli qazanc götürürlər. Subsidiya alıb əkirlər, biçəndə ən azı 30-40 sentner taxıl götürürlər. Zərər çəkəndə də kompensasiya alırlar. Yəni hamısı öz əllərindədir. Mən bu il hektar yarım əraziyə buğda əkdim. Subsidiyanı da fevralın 23-də aldım. Əvvəlki illərdə də biçindən qabaq subsidiya ala bilməmişəm. Dövlət subsidiyanı əkin üçün ayırır, kənd təsərrüfatına məsul şəxsləri pulu karta biçinə iki ay qalmış güclə yükləyirlər. Gec verilir deyə əkin gecikir, gübrələmə getmir və nəticədə biçin də keyfiyyətsiz olur”.
Bu sözləri Meydan TV-yə Şəkinin Böyük Dəhnə kənd sakini Elməddin Quliyev deyir.
“Subsidiya əkinin xərcini ödəmir”
Onun sözlərinə görə, dövlət tərəfindən verilən subsidiyanın əkinə qismən yardımı toxunsa da, çəkilən xərc və zəhmət müqabilində azdır. Subsidiyanın gecikməsi isə heç də əkinə faydalı deyil.
Vətəndaş deyir ki, torpağının ikinci kateqoriya kimi qeydə alınması da kəndlinin çəkdiyi xərc və əziyyətini görməzdən gəlir. Yəni torpağın keyfiyyət və məhsuldarlığını normadan artıq hesablayırlar:
“Guya mən ikinci kateqoriyayam, bir hektar torpaqdan üç min manat gəlir götürürəm. Amma yalandır. Gəlib görsünlər ki, o məhsuldarlıq çıxır? Toxum, texnika xərci bahadır, su çatışmazlığı var, məhsuldarlıq isə aşağıdır. Subsidiya əkinin xərcini ödəmir”.
“Torpaq boş qalmasın deyə əkirəm… “
Göyçayın Ləkçıplaq kənd sakini Rafiq Əliyev də 10 ildir ki, əkinə görə subsidiya alır. Ancaq subsidiyaya görə deyil, torpaq boş qalmasın deyə əkir. Əks halda imkanlı şəxslərin, oliqarxların əlinə keçməsindən ehtiyatlanır.
“Kənddə on nəfərdən biri subsidiyanı rahat alsa da, digərləri süni maneələrlə üz-üzə qalırlar. Süni əngəllər də digər əkinçiləri yorur deyə torpağı əkməkdən qaçırlar”, – deyir əkinçi.
Onun fikrincə, əkinə çəkdiyi xərc də qazancına uyğun deyil:
“Ötən il qohumla müştərək iki hektar pay torpağında arpa əkdik. Sənədləri təqdim edərkən bizdən tələb etməsələr də, bir çox adamı geri qaytardılar ki, gedin çıxarış alın. Rüsum da bahadır. Kiloqramı 50 qəpiyə 400 kiloqram arpa aldım, 400 manat subsidiya verildi ki, onun 110 manatı nəğd oldu, qalanı gübrələrə hesablandı. Hansı ki tək şuma 100 manat verdim, 400 manat da toxumuna”.
“Yayda biçin xərci var, üstəlik, məhsuldarlıq da zəif oldu bu il. Çünki şoran torpaqdır. İki hektara ton yarım məhsul gözləyirəm. Əslində, torpaq boş qalmasın deyə əkirəm, belə nağd şəkildə arpa alsam, daha sərfəlidir”, – deyə Rafiq Əliyev gileylənir.
Bəs əkin subsidiyası nə qədərdir?
Aqrar Subsidiya Şurasının qərarına görə, baza məbləği 200 manat olmaqla bu ildən əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə fərqlidir.
Çəltik əkininin hektarına 380 manat, dənli bitkilərdə 220 manat, zəfəran bitkisində bu məbləğ 440 manat, yonca bitkisində isə ən az 70 manat məbləğində nəzərdə tutulub.
Ən yüksək subsidiya müasir suvarma sistemləri ilə əhatə olunmuş hər hektarına minumum iyirmi min sertifikatlı tingin əkilmə şərti qoyulduğu çay plantasiyalarına verilir. Həmin məbləğ 12 min manatdır.
Ötən ilin sentyabrında bu ilin 31 mayınadək salınan intensiv meyvə bağları üçün subsidiya məbləği salınan meyvə növlərinə görə 3-11 min manat məbləğ arasında dəyişir.
Burada bağların müasir suvarma sistemləri ilə təchizatı və bəlli sayda meyvə tinglərinin olması şərtdir. Ötən ildən əvvəl salınan meyvə bağlarında isə subsidiya məbləği 240 – 730 manat arasında dəyişir.
“Subsidiyanı biçinə verməyin, əkinə verin…”
Kəndlilər deyirlər ki, nə iri meyvə bağları, nə də iri hektarda əkin sahələri var. Pay torpaqları ilə yetinməyə məcbur kəndlilər üçün verilən subsidiya məbləği iri sahibkarlarla müqayisədə əkinə dəstəkdə cüzi məbləğdir. Onun da gecikməsi, müxtəlif səbəblər üzərindən verilməməsi də problemin digər tərəfidir.
“Subsidiya vaxtında verilsə, kömək olar. Bizdə isə torpaq sentyabrda əkilir. Suvarmada problem olur. Dekabrın sonuna qədər sənədlər toplanır, fevral – mart ayında da subsidiya verilir. Mart ayında gübrələmək, suvarmaq gecdir. Əlində vəsaiti olmayan kəndli əkə bilmir. Buğdanın da kiloqram qiyməti 70-80 manatdır. Gübrə də çox bahadır, kisəsi 60-70 manat. Çox ərazisi olan torpaq sahiblərinə sərf edir. Çünki vəsaiti var və dövlətin onlara güzəşti çoxdur. Yararlanır, əkir. Əkin də, suvarma da, biçin də, güzəşt də onlara sərfəlidir. Subsidiya xərci ödəmir, ancaq bərəkət deyib alırıq. Vaxtında verilmir, bu problemdir. Subsidiyanı biçinə verməyin, əkinə verin”, – deyə əkinçi Elməddin Quliyev şikayətlənir.
“10 manat subsidiya böyük məbləğ deyil”
Dörd ildir ki, arıçılıq təsərrüfatları üçün nəzərdə tutulan subsidiyanın ötən ildən kəsilməsi arıçıları da narazı duruma salıb.
İri məbləğ olmasa da, arıçılar təsərrüfatlarının artımı üçün dövlət dəstəyinə ehtiyac olduğunu bildirirlər.
36 ildir ki, arıçılıqla məşğul olan Tərgül Nəcəfovanın dediyinə görə, iki il hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya ala bilib. Ötən ildən isə bu dəstək kəsilib və güclə artırıb çatdırdığı 60 arı ailəsi 35-ə düşüb.
O deyir ki, subsidiyanın verilişi bərpa olunsa və məbləğ artırılsa, təsərrüfata dəstəkdən danışmaq olar:
“Ötən il hava şəraiti heç yaxşı olmadı və xeyli arı ailəsi qırıldı. Yarmarkaya çıxarılan ballar məni təəccübləndirdi, çünki ölkədə bal istehsalı çox az idi. Bilmədik hardandır bu qədər bal. 10 manat subsidiya böyük məbləğ deyil, bu təsərrüfat da ağırdır, zəhmət, maddi dəstək lazımdır. Arı yeşikləri, şanlar, dərmanlar, köçü, arı cinsləri maddi dəstək istəyir. Ancaq iki il ala bildik, ötən ildən kəsdilər. Hər halda edilən dəstək müəyyən işləri görürdü“.
“Düzdür, Qarabağ zonasına daha çox dəstək var, iri sahibkarların arı ailələri ora köçürülür, yetişdirilir. Ancaq ölkə üzrə arı üçün subsidiyanın verilişi bərpa olarsa və bu məbləğ artırılarsa təsərrüfatın inkişafına dəstək olar”, – deyə arıçı qayğılarını dilə gətirir.
“Məbləği artıran kimi, xərcini də artırıb heç-heçə edirlər”
Kəndli və fermerlərin qarşılaşdığı digər bir problem “fermer kartı”nın təsdiqi zamanı sahib olduğu pay torpağının çıxarışı ilə bağlıdır.
Gələn ildən şərt kimi qoyulan bu tələb artıq bir neçə ildir ki, bəzi kəndlilərin ödəniləcək rüsumdan dolayı subsidiyadan da imtina etməsinə səbəb olur.
Buğda əkini ilə məşğul olan Tural Əliyev də bürokratik əngəllərdən əziyyət çəkdiklərini deyir:
“Bütün rüsumların qiyməti qaldırıldı. Üç ildir ki, bu pay torpağı aktını çıxarışlar əvəz edir. Onun da rüsumu əvvəl 71 manat idi. Ona görə çox kəndli bunu pulu olmadığına görə ala bilmir, ya sərf etmir deyə almır. Ya da kəndli var torpağı bir yerdən verilib, bir sənədi var, kəndli də var ki, bir hektar torpağı kəndin bir neçə yerindən verilib, nəticədə ona çıxarış almaq çətin olur. Adam bezir, subsidiya zamanı da sənədləri toplayıb bəyan edə bilmir. Hətta sənədlərdə ad, soyadda hərf səhvində belə bu şərti tələb edirlər ki, get çıxarış al. Beş hektardan yuxarı olan torpaq sahiblərini məcbur aqrar sığortadan keçirirlər ki, subsidiyadan yararlana bilsin”.
“Mənim hektar yarım torpağım var, buğda əkmişəm. Düzdür, köhnə aktla 54 manat nağd, qalanına gübrə aldım, ancaq gələn ildən şərt qoyublar ki, çıxarış alınsın. Onun da qiyməti 150 manatdır artıq. Subsidiya da artıb olub 220 manat. Nə sərf edir ki? On il öncə 70-80 manat idi subsidiya, onda sənəd işi belə çətin deyildi. İndi məbləği artıran kimi, xərcini də artırıb heç-heçə edirlər. Gübrəni nağd alsan, 10 manat ucuz olur, kartla alanda baha”, – deyə Tural Əliyev əkin subsidiyasının şərtlərinin ağırlaşdırıldığından narazılıq edir.
“Bu məbləğ kəndlinin hansısa xərcinə yardımçı olmur”
2016-cı ildən süni mayalanma nəticəsində doğulan hər buzova görə verilən 100 manat məbləğində subsidiyanı da kəndlilər çəkilən xərc müqabilində az hesab edirlər:
“7-8 ildir ki, süni mayalanmaya maraq artsın deyə bunu tətbiq edirlər. Ancaq süni mayalanma mütəxəssisinə 25-40 manat məbləğdə pul ödənilir, iki manat rüsum keçirilir. Yol xərci, sənəd işi, aylar çəkir, nəticədə o yüz manat xərclənir. Bəzən də süni mayalanma prosesi baş tutmur, verdiyin pul da batır. Ot, yem bahadır deyə əslində, verilən bu məbləğ kəndlinin hansısa xərcinə yardımçı olmur, yenə də cüzi də olsa, dəstək deyib almaq istəyən alır”, – kəndli Daşqın Əliyev bildirir.
Məhsul və toxum subsidiyası da kəndli üçün əlverişli deyil. Bununla daha çox iri fermer təsərrüfatları məşğul olur ki, hazırda istər məhsul, istər toxum üçün ayrılan subsidiya məbləği qaneedici deyil. Lakin illərdir ki, dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan vəsaitdən subsidiya üçün xeyli vəsait xərclənir və bunun səmərəliliyi, fermerə çatımlığı şəffaf yoxlanılmır. Hesabatlılıq isə yoxdur və ya obyektiv deyil…
“Rəsmi qurumların hesabatlılığı şəffaf deyil”
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti Meydan TV-nin Aqrar Kredit və İnkişaf Agentliyinin illik fermerlərə ödədiyi subsidiya ödənişlərinin statistikasına dair soğrusuna cavab verməkdən imtina edib.
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib ki, dövlət qurumları müstəqil jurnalist tanımır və jurnalist sorğuları rəsmi qaydada media reyestrindən keçmiş media qurumu adından göndərilməlidir, əks halda sorğular cavablandırılmır.
“Dövlət qurumu üçün müstəqil jurnalist anlayışı yoxdur. Vətəndaş sorğusu da tamam fərqlidir və o, yazılı halda olur. Siz hara üçün hazırlayırsızsa, material həmin qurumun adından rəsmi məktub formasında gəlməlidir. Belə də açıq mənbələrdə hər məlumat var. Sadəcə, zaman alır deyə sorğu göndərirsiniz. Hansı qurumda işləyirsinizsə, o qurum adından rəsmi sorğu göndərirsiniz ki, VÖEN yoxlanılsın, media reyestrdən keçib, ya yox. Bunu özünüz bilirsiniz “, – deyə vaxtilə jurnalist kimi çalışmış mətbuat katibinin indi bürokratik əngəl sayılan media reyestrini məmur kimi müdafiə edir.
Onun adlandırdığı “açıq mənbələr”də isə ya heç, ya da bəlli illərə dair məhdud statistik göstəricilər var idi.
Dövlət Statistika Komitəsindən isə bildiriblər ki, kənd təsərrüfatı sahələrinə ayrılan subsidiya növləri barədə statistik məlumat yoxdur.
Onu da qeyd ediblər ki, subsidiya ilə bağlı bəzi statistik məlumatlar qurumun xidməti fəaliyyət üçün əldə edildiyindən mətbuat üçün açıqlanmır.
“Maliyyə Nazirliyi bizə ayrı-ayrı strukturlar üzrə statistika göndərmir deyə nə açıqlayırıq, nə də yayımlayırıq. Bəzən açıq informasiya olanda açıqlayırıq, açıq deyilsə, qurumun özünə yönəldirik. Bizdə ümumi məlumat olur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılan subsidiyanın məbləğinə dair məlumat daxil olur və xidməti istifadə üçündürsə, paylaşılmır” – deyə sorğuya cavabda bildirilir.
Aqrar Kredit və İnkişaf Agentliyininin də rəsmi saytında subsidiya növləri barədə məlumat və hesabatlılıq qeyd olunsa da, ancaq hesabat linklərinə daxil olmaq qeyri-mümkündür, yəni heç bir statistik informasiyanı əldə etmək olmur. Sanki hesabat naminə formal görüntü üçün yerləşdirilib.
15 ildə təxmini 4.5 milyard vəsait subsidiyaya ayrılıb
Bəzi aqrar tədqiqatlara və mətbuata açıqlanan statistik məlumatlara əsasən, 2022-ci ildə əkin subsidiyası 160 min fermeri əhatə etməklə 61 milyon 836 min manat olub.
2023-cü ildə isə 258 min hektar sahədə aparılan payızlıq və çoxillik əkmələrə görə 93 min 904 nəfərə 48.6 milyon manat subsidiya verilib.
Cari il üçünsə bu məbləğ 2.3 dəfə artaraq 263 992 nəfərə şamil edilib.
Ümumilikdə 543 298 hektar sahə üzrə aparılan əkinə görə 109.5 milyon manat məbləğində subsidiya verilib.
Son beş ildə əkin subsidiyasına təxmini 300 milyondan artıq vəsait ayrılıb.
2010-2018-ci illər ərzində ölkədə kənd təsərrüfatına ayrılan subsidiyanın ümumi məbləği isə 1 milyard 447 milyon manat olub. Həmin illər üzrə büdcədə subsidiyaların pay göstəricisi 0,95%-dən 1.51 %-ə qədər dəyişib.
Son üç ildə isə kənd təsərüfatına ayrılan subsidiyanın ümumi məbləği 3 milyard 84 milyon vəsait olub. Bu il üçün kənd təsərüfatı xərcləri arasında subsidiya üçün 1 milyard 42 milyon 100 min vəsait ayrılıb.
Ötən illə müqayisədə məbləğdə 639 milyon 700 min manat azalma var.
“İldə 3-4 milyard manat arası idxala xərc çəkilir”
İqtisadçı Akif Nəsirli Meydan TV-yə deyib ki, fermer və kəndlinin dövlətdən dəstəyə ehtiyacı var. Bu məqsədlə illik dövlət büdcəsindən ayrılan subsidiya isə yetərli deyil.
Üstəlik, verilmə qaydasında səmərəsizlik var. Bu səmərəsizlik isə ölkənin illik idxal xərcini artırır.
Ekspert bildirir ki, builki subsidiyanın azlığı məhz dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan büdcə məbləğinin azalması ilə bağlıdır.
Bu il üçün kənd təsərrüfatına bir milyard 109 milyon vəsait ayrılıb ki, Aqrar Kredit və İnkişaf Agentliyi üçün ayrılan büdcə 442 milyon 910 min manatdır.
“Fermerlərə, kəndlilərə verilən subsidiya yetərli olsaydı, indiyə qədər kənd təsərrüfatı məhsullarına olan daxili tələbatın yarıdan çoxunu həll etmişdik. İdxaldan asılı olmazdıq. Bu məqsəd üçün ildə 3-4 milyard manat arası idxala xərc çəkilir. Ötən il kənd təsərrüfatına büdcədən bir milyard 200 milyon vəsait ayrılıb. Cari il üçün isə bu məbləğ 100 milyon manat azaldılıb. 2021-ci ildə isə dövlət büdcəsindən 800 milyon manat, 2023-cü ildə bir milyard manat vəsait ayrılıb. Ən azı üç milyard dollar, bizim pulla 5 milyard 100 milyon manat pul idxala xərclənir. Halbuki o pul idxala deyil, kənd təsərrüfatı məhsullarının istehsalının səmərəli artırılmasına yönəldilməlidir. Hansı ki bu sahəyə xərclənən ayrılan ümumi vəsaitin idxala xərclənən məhsulun beşdə birini təşkil edir. Subsidiya da buna daxildir. Kənd təsərrüfatına illik büdcədən ayrılan vəsait ildən-ilə azaldılır. Onun da çox hissəsi subsidiyaya xərclənir”.
“Kəndlilər, fermerlər monopolist şirkətlərə təhkim olunub”
Ekspert kəndlilərin subsidiya almasında bir sıra ciddi problemlər yaşadığını deyir. Onun sözlərinə görə, fermerə təyin olunan subsidiya məbləğinin 25 faizi deyil, tam məbləği nağdlaşdırılmalıdır.
İllərdir ki, bu məbləğ istehsal vasitələrinin alınması üçün təkrar monopolist şirkətlərin hesabına köçür. Hansı ki Aqrar Kredit və İnkişaf Agentliyinin saytında yer alan həmin şirkətlər siyahısında nadir halda dəyişikliklər olur.
Ekpertin dediyinə görə, bu isə subsidiya adı ilə fermerlərə ayrılan məbləğin 75%-nə sahib çıxmaqdır:
“Subsidiya alınmasında kəndlilər ciddi problem yaşayır. Çünki əlindəki pay torpağa dair dövlət aktlarında ad, soyad səhvləri var. Üstəlik, torpaq sahəsi realda az hesablanıb, aktda artıq qeyd olunub. Bir sənədin düzəldilməsi, çıxarışın alınması 250-200 manat xərc tələb edir, yəni xeyli xərcdir. İkinci problem torpaq aktında adı keçən bütün ailə üzvləri imza atmalıdır ki, bəzisi ölkə xaricində yaşayır. Bu fakt da kəndlini subsidayadan məhrum qoyur. Digər ən ciddi problem isə verilən subsidiyanın faiz nisbəti ilə nağdlaşdırılmasıdır”.
“Vətəndaş ancaq 25 faizini çıxara bilər, 75 faizini isə kartla kənd təsərrüfatına lazım istehsal vasitələri – mineral gübrə, pestisid, herbisid, toxum, bihomus alır. Həmin bu vasitələri də illərdir kəndliyə gətirib satan şirkəti də Kənd Təsərrüfatı Nazirliyi özü müəyyən edir. Bu dövr ərzində şirkətlərin siyahısı olduğu kimidir, dəyişiklik istisna olur. O şirkətlər də bəllidir. O şirkətlər də bilir ki, kəndli, fermer kartındakı 75 faizlik məbləğ vəsaiti onların gətirib satdığı məhsula xərcləməyə məcburdur. Yəni kəndlilər, fermerlər monopolist şirkətlərə təhkim olunub. Onlar da keyfiyyətsiz kənd təsərrüfatı məhsullarını daxildən, xaricdən əldə edib gətirib 10-15 manat bahasına satır. Keyfiyyətsiz məhsul da keyfiyyətli məhsul yetişdirə bilməz, nəticədə də fermer məhsuldarlıqda da uduzur”, – deyə o bildirir.
“Subsidiya üzərində monopolist nəzarət olmamalıdır”
Akif Nəsirli çıxış yolunu subsidiyanın məbləğinin xərclərə düzgün uyğunlaşdırılmasında və monopolist nəzarətin ləğv edilməsində görür:
“Bu xərc hesabı nazirliyin kondisionerli otağında deyil, sahədə, şumda kəndlinin, fermerin zəhmətini, xərcini əyani görüb, mütəxəssis normativləri əsasında düzgün hesablanıb hazırlanmalıdır. Həmin subsidiya da zəhmətkeşə nağd şəkildə verilməlidir ki, özləri o vəsaiti təsərrüfatına səmərəli xərcləsin, daha hansısa şirkətin hazır qazancı olmasın. Zamanla da subsidiyanı nağd şəkildə alan fermerlər, kəndlilər arasında çalışqan, məhsuldar bəlli olacaq. Monopoliya olmasa, fermerlər özlərini əkinə, məhsul istehsalına təşviq edəcək. Kənd təsərrüfatı adamı olmayan geri çəkiləcək. Yəni sağlam yolla təmərküzləşmə getməlidir. Daha əlverişli torpaqları götürüb dövlət fermerləri adı ilə aqroparklar yaratmaq düzgün deyil”.
“Rusiyada, Qazaxıstanda, Gürcüstanda, Ermənistanda bizim ölkə ilə müqayisədə 5-6 dəfə artıq subsidiya verirlər və üzərində belə monopolist nəzarət yoxdur. Fermer, kəndli ona verilən subsidiyanı xərcləməkdə azaddır. Subsidiya üzərində monopolist nəzarət olmamalıdır”, – deyə ekspert subsidiya xərclərinin şəffaflığını önəmli hesab edir.
“Heyvandarlığı pambıqçılığa qurban verməklə itirdik”
İqtisadçı qeyd edib ki, heyvandarlıq və məhsul üzrə ayrılan subsidiyanın da şəffaf olmadığı və bu sahədə də xeyli problemlərin mövcudluğu haqqında dəfələrlə danışılıb.
Onun sözlərinə görə, ölkədəki heyvanlar qeydiyyata alındıqdan sonra inkişafı üçün dotasiya ayrılmalı və nəzarət edilməlidir:
“Təsərrüfatda olan hər bir heyvanın qeydiyyat sənədi olmalıdır. Müvafiq qurum heyvanın doğumundan dövriyyədən çıxarılmasına qədər bütün xəstəlikləri , peyvəndi, müalicəsi, xərcləri qeyd etməlidir. Heyvanların 99 faizi qeydiyyatda deyil. Öncə qeydiyyat olmalı, sonra inkişafı üçün dotasiya ayrılmalı və nəticəsi nəzarətə götürülməlidir. Süni mayalanmaya ehtiyac da bundan sonra bəlli olar. Nə süni mayalanma perspektivli olub, nə də bu yolla doğulub qeydiyyata alınan buzova verilən subsidiya. Çünki proses pərakəndə aparılır. Elə heyvandarlığa subsidiya verilən vaxtdan 2015-2016-cı illərdə güclü yem ehtiyatı sayılan örüş sahələri toplam şəkildə pambıqçılığa cəlb olundu. Heyvandarlığı pambıqçılığa qurban verməklə itirdik”.
“2019-cu il nisbətən, ancaq son beş ildə pambıqçılıq inkişaf etmədi. Hələ də bu səhvi etiraf etməsələr də anlayırlar ki, pambıqçılığı strateji sahə hesab etməkdə yanılıblar. Statistik rəqəmlər göstərir ki, ildən – ilə istehsal azalır, satışı problemə çevrilir, ən əsası pambıqçılıqdan əldə edilən valyuta ət idxalına sırf edilən valyutadan dəfələrlə azdır. Bu itkilər bərpa olunmalı, torpaqlar öz təyinatına qayıtmalı, pambıqçılığa deyil, heyvandarlığa iri məbləğdə subsidiya xərclənməlidir”, – deyə Nəsirli vurğulayıb.
“Məhsula görə subsidiya səmərəsiz, qeyri şəffafdır”
Ekspert məhsula görə verilən subsidiyanı möhtəkirlik səbəbindən uyğun hesab etmir:
“Əkində xeyli xərc olduğundan subsidiyanın əkinə görə verilməsi uyğundur. İlk üç ili üçün əkin subsidiyası qaçılmazdır. Ancaq məhsula görə subsidiya da qeyri- şəffaflıq yaradacaq. Azərbaycanda korrupsiya dövlət səviyyəsində olduğundan bu üsulda da yalan olacaq. Çünki məhsula görə subsidiya olanda əkin aparmadan saxta sənədlə il sonunda yüz ton məhsul istehsal olunub adı ilə vəsait mənimsəniləcək. Sovet dövründə Qazaxıstan keyfiyyətsiz Azərbaycan pambığına görə pul tələb etdi. Onlar da 100 ton pambığın pulunu aparırdılar. Yəni möhtəkirliyə yol verildi. Məhsul subsidiyasına görə düşünürəm ki, yenə belə möhtəkirlik olacaq. Doğrusu, pambıq məhsulunda əminəm ki, nəzarət olsa belə, indi də mənimsəmə var. Məhsula görə subsidiya səmərəsiz, qeyri-şəffafdır.”
“Aidiyyəti qurumlara bunu anlada bilmirik”
Arıçılıq sahəsində isə 2018-2022-ci illəri əhatə etməklə yalnız beş ildə subsidiya verilib.
Ekspertlər arıçılığı spesifik sahə hesab etdiyindən inkişafı üçün ayrılan ümumi 25 milyonluq vəsaitin də az olduğunu deyirlər.
Onların fikrincə, subsidiya arıçıların xarici və daxili bazarda alıcısını, mövqeyini tapana və vergi ödəyənə qədər davam etməli idi.
Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov Meydan TV-yə deyir ki, aqrar sahə üçün nəzərdə tutulan subsidiya kəsilməməlidir. Bu dəstəyin çəkilən maya dəyərinin aşağı salınması üçündür.
Baş arıçının sözlərinə görə, subsidiyanın kəsimi heç də yaxşı hal deyil:
“Beş il ərzində ilə təxminən beş milyon ayrıldı. Az da olsa dəstək idi, ancaq 2022-ci ildən kəsildi. Xoşagələn hal deyil, səbəbi də aydın deyil bizə. Hətta biz müraciət etdik ki, yenidən verilsin. Türkiyədə arıçılığa bir neçə formada subsidiya verilir. Arı ailəsindən tutmuş, damazlıq arı təsərrüfatlarını yetişdirməyə görə, hətta orqanik bal istehsalçılarına ayrı subsidiya verilir. Ümumiyyətlə, aqrar sektor dotasiyalarla yaşayır. Az-çox fərq etmir, dövlətindən qayğı görür, dəstək alır. Arıçılıq təkcə bal istehsalı üçün lazım deyil, bütövlükdə bu təsərrüfat kənd təsərrüfatının inkişafına dəstəkdir. Bal arısı olmazsa, həyat 4 ildən 10 ilədək mövcud olmaz. Çarpaz tozlanmanın 85-90%-nı bal arısı icra edir. Bütün dünyada arıçıları bala görə deyil, məhz həyatın mövcudluğu, təbiət, ekologiya, meyvə-tərəvəz, bostan üçün dəstəkləyirlər. Biz aidiyyəti qurumlara illərdir ki, bunu anlada bilmirik“.
“Ölkənin illik 6 min ton bala tələbatı var”
Mütəxəssis onu da əlavə edir ki, subsidiya bərpa olarsa mövcud 650 min arı ailəsinin sayı bir milyona çatdırılar. Hazırda 25 min arıçı bu dəstəyi gözləyir:
“Dəstək verilən vaxtdan, 2018-ci ildə ölkədə 350 min arı ailəsi vardı, indi isə 650 min arı ailəsi mövcuddur. Bu yaxşı nəticədir. Ancaq dəstək lazımdır, işğaldan azad olunmuş ərazilər arı ailələri ilə təmin olunmalıdır. Həm ekologiyanı qorumaq, həm də kənd təsərüfatını qurmaq üçün. Təxmini hesablamalarımıza görə, o zonalarda 300 min arı ailəsi yaşaya bilər. Bu olarsa ölkə üzrə arı ailələrin sayı bir milyona çatar. Hazırda 25 min şəxs arıçılıqla məşğul olur. Ölkədə ötən il balsız il oldu”.
“Son otuz ilin ən aşağı bal olan ilini yaşadıq. Ölkənin isə illik 6 min ton bala tələbatı var. Bu il arıçılıq üçün hava şəraiti uyğundur. Əgər hava dəyişməsə təxminən 8 min ton bal gözləyirik. Məqsəd bal ixrac edən ölkəyə çevrilməkdir ki, vəsait gəlsin ölkəyə. Azərbaycan balının dünyada tanıdılması, mövqeyini tapması, ixracı üçün dövlət dəstəyinə çox ehtiyacımız var”, – deyə arıçı subsidiyanın kəsimini inkişaf üçün perspektivli hesab etmir.