"Davay, do svidaniya" - Rusiya Qafqazdan niyə getməli olur...

17-05-2024, 11:20   





Rusiya Cənubi Qafqazı tərk etməkdədir. Ən azından belə görünür. Ruslar bu coğrafiyaya tarixdə bir neçə dəfə gəliblər və gediblər. Yenə də qayıdacaqları istisna deyil. Lakin hazırkı geopolitik qarşıdurmada Rusiya strateji olaraq uduzur və bizim regiondan hərbi kontingentini çıxarır. Bu, həm Ukrayna münaqişəsində strateji zəifləmənin nəticələri, həm Türkiyə ilə razılaşmaların təsirləridir. İndi Rusiya Cənubi Qafqazda iqtisadi doktrina, logistika və Orta Dəhlizlə qalmağa üstünlük verəcək. Əlbəttə, Rusiya regionu tam tərk etməyib. Məsələn, Ermənistanın Türkiyə və İranla sərhədlərində hərbçiləri qalır. Amma Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan Kreml sarayının danışanı Peskovun sözlərini yalan çıxardı - dedi ki, İrəvan Moskvadan xahiş etməyib ki İran və Türkiyə sərhədlərində hərbçilərini saxlasınlar, sadəcə, bunun gündəmdə olmadığı müzakirələrdə dilə gətirilib. Amma rus sərhədçiləri böyük bir ərazini də tərk edirlər - onlar Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd-keçid məntəqəsindən, Sisyan (Qarakilsə) və Gorusda Rusiya sülhməramlılarına dəstək verən 2 bazadan gedirlər. Beləliklə, həm Xocalıda təntənəli mərasimlə sülhməramlı kontingent yola salındı, həm Ermənistanın bizimlə sərhədlərindən...
Rusiya son iki ildə regionda təsir imkanlarının bir hissəsini itirib, amma hələ də ipləri əlində saxlamağa davam edir. Prezident Putin inaqurasiyadan sonra Təhlükəsizlik Şurasının ilk iclasını da məhz MDB məkanına aid etdi, hətta tədbirin qapalı hissəsində Lavrovun məruzəsi dinlənildi. Bu da deməyə əsas yaradır ki, Kreml üçün postsovet məkanı prioritet olaraq qalır. Çünki MDB məkanı Rusiyanın ürəyidir, ora sancılan ox onu yaralayır. Qərb isə Orta Asiya və Cənubi Qafqazda təsir gücünü artırmaqla Rusiyanı bu ərazilərdən sıxışdırıb çıxarmağa can atır. Bunu Kreml rəsmiləri də dəfələrlə etiraf ediblər. Belə vaxtda Rusiya Orta Dəhlizin açılması üçün var-gəl edir, Türkiyə və Azərbaycandan möhkəm yapışıb, Gürcüstandakı hakimiyyətin əli ilə yeni qanun qəbul etdirib Avropanın təsirlərini minimuma endirir, Ermənistanda isə kilsə və müxalifəti hərəkətləndirir. Bütün bu kontur addımları və müqaviməti ilə bərabər Rusiya strateji olaraq postsovet məkanında əvvəlki dominantlığını saxlaya bilməyib və bu da Ukraynada gedən müharibənin bu regiona təsirləridir. Biz isə sevinirik - əvvəlcə itiqovan əməliyyatı ilə işğalçıları Qarabağdan çıxardıq, ardınca onlara uzun ilır yiyəlik etmiş ruslar da Qarabağdan çıxdılar. İndi Ermənistan da sərhədin ən azı bizə tərəf hissəsində buna müvəffəq olub, Türkiyə ilə sərhədlər açılsa, o halda ruslar ordan da gedəcəklər, İranla Ermənistanın əlaqələri də hər kəsə məlumdur, yəni orada rus sərhədçilərinə heç bir ehtiyac olmayacaq. Qalır İrəvanın KTMT-ni de-yure tərk etməsi və Gümrüdən bazanı çıxarması. Bunu da mərhələli şəkildə, radikal addımlar atmadan edəcəklər. Yetər ki Ukraynada rusların dişlərinin çəkilməsi prosesi bir müddət də uzansın...



Azər Talıbov 
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar