[media=https://www.youtube.com/watch?v=4RSScWqMrxA]
Azərbaycanda dövlət bədən tərbiyəsinin inkişafına xüsusi diqqət və qayğı göstərir. Hətta bunun üçün böyük Olimpiya idman mərkəzləri tikilib istifadəyə verilib. Amma dövlətin öz büdcəsindən maliyyələşən məktəblərdə uşaqlarına idmanla normal məşğul olmasına əngəl yaradılır, onlardan pul tələb olunur. Bu barədə redaksiyamıza daxil olan şikayətdə bildirilir. Adının çəkilməsini istəməyən vətəndaşın bildirdiyinə görə, övladları Xətai rayonundakı 171 saylı orta məktəbdə təhsil alırlar və fiziki cəhətdən problemləri olduğu üçün həkim onlara üzgüçülüklə məşğul olmağı məsləhət görüb. Hələ keçmiş Sovet dövründə deyilənə görə, 15 saylı idman mıktəbi 171 saylı orta məktəbin nəzdində imiş. Keçmiş SSRİ dağıldıqdan sonra orta məktəbin nəzdindən çıxıb və 15 saylı idman məktəbi olub. Əvvəllər 171 saylı məktəbin şagirdləri idman mıktəbinin imkanlarından pulsuz istifadə edirmiş, sonradan məktəb rəhbərliyi pul tələb etməyə başlayıb və sonuncu devalvasiyaya qədər bu məbləğ 20 manat imiş. Ancaq devalvasiyadan sonra idman məktəbinin rəhbərliyi bildirib ki, bundan sonra 25 manat vermək lazımdır. Bu isə təbii ki, çoxlarının cibinə uyğun deyil.
Məsələyə aydınlıq gətirmək üçün məktəblə əlaqə saxladıq. Məktəbdən informasiyanı təsdiq edib bildirdilər ki, doğrudan da qiymət artımı baş verib. Amma “siz ödəniş edilərkən qəbz verirsinizmi” sualına cavab tapa bilməyib dəstəyi asdılar və növbəti zənglərimizə cavab vermədilər. Elə həmin gün Təhsil Nazirliyinin mətbuat xidmətinə sorğu göndərsək də hələ də cavab verilməyib. Ona görə də buradan Təhsil Nazirliyinə təkrar müraciət edirik:
Hörmətli Təhsil Nazirliyi, 15 saylı idman məktəbi pulludurmu? Pulludursa niyə ödəniş qəbzi verilmir, yox əgər pulsuzdursa onda niyə bu məktəbdə aztəminatlı vətəndaşlarımızın övladlarından 25 manat tələb olunur? Prezident İlham Əliyevin süni qiymət artımının qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar 15 saylı idman məktəbinə aid deyilmi?