Nemət Əliyev: «Bu qərar şamil olunan strukturların rəhbərliyinə etimadsızlığın təzahüri kimi qiymətləndirilə bilər»
Dövlət başçısının bir sıra dövlət idarələrinin və müəssisələrinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı imzaladığı sərəncam maraq doğurur. Nəticədə məlum olur ki, sərəncamın şamil edildiyi dövlət idarələri aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən müqavilələrin imzalanmasında iştirak edə bilməz. Yəni idarələr yalnız aktivlərinin 5 faizini təşkil edən məbləğə qədər müqavilələrin bağlanmasında iştirak edə bilər. Bundan yuxarı məbləğləri müvafiq dövlət strukturları tənzimləyəcək.
Bu sərəncam “Azərbaycan Polad Istehsalı Kompleksi”nə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə, “Azəryolservis”, “Azərbaycan Hava Yolları” QSC-yə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə, “Bakı Metropoliteni”nə və digər dövlət strukturlarına şamil ediləcək. Həddi keçən məbləğlərə nəzarət nazirliklərə veriləcək. Bəs, belə bir addımın atılmasında məqsəd nədir? Niyə dövlət iri məbləğlərlə bağlı müqavilələrin imzalanması şərtlərini çətinləşdirir?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, bu qərarın şamil edildiyi strukturlar əsasən dövlət büdcəsindən vəsait alan təşkilatlardır. Belə bir qərarın qəbul olunmasının səbəbinin büdcədəki maliyyə problemləri ilə bağlı olduğunu deyən N.Əliyev hesab edir ki, bununla vəsaitlərə qənaət olunması və onların digər istiqamətə yönəlməsinin qarşısını almağa hesablana bilər: “Ilham Əliyevin qəbul etdiyi bu qərar şamil olunan strukturların rəhbərliyinə etimadsızlığın təzahüri kimi qiymətləndirilə bilər. Bu isə onu bir daha təsdiqləyir ki, görünür, həmin strukturlara ayrılmış maliyyə vəsaitinin xərclənməsiylə bağlı həmin strukturların özünə də etibar qalmayıb. Mövcud qanunvericiliyin verdiyi imkanlardan istifadə edərək həmin şəxslərin əməllərinə qiymət verə, tədbir görə bilmirlər. Ona görə də bu yola əl atırlar. Bu, açıq şəkildə onu təsdiq edir ki, burada bir etimadsızlıq var. Əgər belə bir hal varsa, ciddi şəkildə korrupsiya ilə mübarizə aparmaq lazımdır”.
N.Əliyevin sözlərinə görə, əslində bu cür yanaşma dövlət strukturlarında problemlərin qalmasına və daha da kök salmasına səbəb olacaq.
Xəyal