Sərhədlərdə üsyan yetişdirilir

7-03-2016, 09:02   
Sərhədlərdə üsyan yetişdirilir
Dövlət Gömrük Komitəsi ərzaq üçün Rusiya, İran və Gürcüstana gedən vətəndaşlara problemlər yaradır

Dövlət Gömrük Komitəsi Azərbaycanın sərhədlərində üsyan yetişdirir. Bu barədə redaksiyamıza məlumat verən mənbə bildirib ki, bazarlıq etmək üçün Iran, Rusiya və Gürcüstana üz tutan soydaşlarımıza gömrük-keçid məntəqələrində problem yaradılır. “Ölkədə iqtisadi vəziyyət kritik həddədir. Manatın ucuzlaşmasından sonra məhsulların qiyməti qalxıb. Ona görə əhali Iran, Rusiya və Gürcüstana üz tutub. Elə bu günlərdə Gürcüstanın iqtisadi inkişaf naziri bildirdi ki, bu ilin mart ayının 1-nə olan statistikaya görə Gürcüstana cəmi 683 min 561 nəfər xarici vətəndaş gəlib ki, bunun da 236 min 584 nəfəri Azərbaycandan gəlib. Bunun kökündə əlbəttə ki, ölkəmizdəki ağır iqtisadi vəziyyət dayanır. Lakin Dövlət Gömrük Komitəsi Iran, Rusiya və Gürcüstandan ərzaq, siqaret gətirən soydaşlarımıza mane olur. Əgər əvvəllər bir nəfər hər dəfə 3 blok siqaret idxal edə bilərdisə, indi bunu ayda bir dəfə edə bilər. Ərzaq məhsulları ilə də bağlı eyni haldır. Yəni, insanlara hər dəfə istehlak məqsədilə ərzaq məhsulları gətirməyə imkan vermirlər. Tutaq ki, hansısa vətəndaş bir dəfə 10 kiloqramdan (bundan artıq gətirilməsi qadağandır) artıq olmayaraq yağ, pendir gətirirsə, ikinci dəfə artıq ona imkan vermirlər. Bu qanunvericiliyə tamamilə ziddir”.

Mənbənin sözlərinə görə, gömrükçülər bu qadağanı tətbiq etməklə vətəndaşlardan “haqq” alırlar. “Bu da ciddi narazılığa səbəb olub. Belə davam edəcəyi təqdirdə gömrük-keçid məntəqələrində etiraz aksiyaları baş verə bilər”, – deyə mənbə əlavə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar