Vergilər Nazirliyi əsaslı şərtlərə söykənən məktublar göndərib
Banklar tərəfindən avtomobil kreditləri ilə bağlı qaydalar sərtləşdirildikdən sonra lizinqlə maşın satışı genişlənməyə başladı. Lakin bir müddət keçdikdən sonra artıq bəzi şirkətlər lizinqlə satışı dayandırmağa qərar verdilər. Bunun konkert hansı səbəbdən edildiyi bilinməsə də, bu məsələdə Vergilər Nazirliyinin lizinq şirkətlərinə müvafiq məktubunun əsas rol oynadığı geniş ictimaiyyətə açıqlandı.
Xatırladaq ki, bir qədər əvvəl Vergilər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətlərinə lizinq əməliyyatlarında sahibkarlara üstünlük verilməsini tövsiyə edib. Nazirlikdən göndərilən tövsiyə məktubunda lizinqlə mal satılarkən sahibkarlara, yəni VÖEN alaraq fəaliyyət göstərən və gəlirləri barədə bəyannamə təqdim etməyi bacaran şəxslərə üstünlük verilməsi tövsiyə edilib.
Qeyd edək ki, əvvəlki dövrlərdə avtomobil kreditləşməsinin kütləvi olması praktiki olaraq lizinqə tələbat yaratmamışdı. Amma avtomobil kreditləşməsinin çətinləşməsi ilin əvvəlində lizinq məsələsini gündəmə gətirdi. Vətəndaşlar fərdi şəxs kimi müqavilə bağlayıb, lizinqdən istifadə etdilər. Amma sonradan bəlli oldu ki, qanunvericilik, eləcə də Vergi Məcəlləsi lizinqdə iştirak edənlərin fiziki, hüquqi şəxs olması və VÖEN-lə işləməsini tələb edir. Bununla da artıq şirkətlərin bir qismi avtomobillərin lizinqlə verilməsini dayandırdı. Fiziki və ya hüquqi şəxslə sırf iş müqaviləsinin bağlanmasına ehtiyac yarandı. Digər tərəfdən məlum olur ki, şirkətlərin lizinqlə satışdan imtina etməsi həm də əlavə dəyər vergisi (ƏDV) ilə bağlıdır. Belə ki, istehlak mallarının lizinq yolu ilə satılmasının genişləndiyi bir dövrdə Vergilər Nazirliyi lizinq şirkətlərinə məktubla müraciət edərək vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş şəxslərlə aparılan lizinq əməliyyatlarının qanunvericiliyə əsasən ƏDV-ə cəlb edilməli olduğunu bildirir. "Corporate Legal Consultancy" (CLC) hüquq şirkətinin direktoru Pərviz Məmmədov da qeyd edir ki, Vergilər Nazirliyinin lizinq şirkətlərinə göndərdiyi məktubun məzmunu əlavə dəyər vergisi ilə bağlıdır. O, "marja"ya açıqlamasında qeyd edir: "Bu məktub lizinq əməliyyatlarının ƏDV-ə cəlb olunması ilə bağlı idi. Qanuna görə, maliyyə lizinqi ƏDV-dən azad olunur. Vergilər Nazirliyi də maliyyə lizinqi dedikdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərə verilən lizinqin nəzərdə tutulduğunu bildirir, iqtisadiyyata investisiyaların artırılması üçün sırf sahibkarlara verilən lizinqi nəzərdə tutur. Sahibkarlara verilməyən lizinqlərin isə ƏDV-ə cəlb edilməli olduğunu bildirir. Nazirlik "VÖEN-i olmayanlar lizinqlə əmlak ala bilməz" deyə bir qadağa qoymur. Məktubda bildirilir ki, VÖEN-i olmayanlara satış zamanı əməliyyat 18% ƏDV-ə cəlb olunacaq. Bu da əməliyyatın qiymətini 18% artırır. Buna görə, həmin məktubdan sonra lizinq şirkətləri avtomobil lizinqini məhdudlaşdırmağa başladılar".
Qeyd edək ki, Azərbaycanda əmlakın lizinqlə əldə edilməsinin investisiya əhəmiyyətliliyinin təmin olunması və vergi güzəştinin verilməsi məqsədilə Vergi Məcəlləsində maliyyə lizinqi anlayışı və ona dair tələblər müəyyən olunub. Vergi Məcəlləsinə əsasən, maliyyə lizinqi ƏDV-dən azad olunan maliyyə xidmətlərinə aid edilib. Sahibkarlara verilməyən lizinqlərin isə ƏDV-yə cəlb edilməli olduğu bəyan edilir. Məhz bütün bunlar da lizinqlə maşın satışının tədricən dayanmasına səbəb olmaqdadır. Artıq lizinqə əvvəlki maraq müşahidə olunmur.
Avtomobili lizinq formasında satmaq istəyən maşın alverçiləri isə bu fonda gərək fiziki şəxs kimi qeydiyyatdan keçsinlər. Çünki vətəndaş fiziki şəxs kimi qeydiyyatdan keçmirsə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmursa, onun satışda lizinq tətbiq etməsi mümkün deyil. Ekspertlər isə bildirir ki, avtomobillərin lizinqlə satışının dayanması maşın satışına müəyyən qədər mənfi təsir göstərəcək. Digər tərəfdən, hazırda avtokreditlərə Mərkəzi Bank tərəfindən də müəyyən limitlər gətirilib. Bunlar ona səbəb olacaq ki, avtomobillərin ölkədə satış həcmi azalacaq. Eyni zamanda tələbatın azalması ilə bağlı qiymətlərin aşağı düşməsi də gözlənir. Çünki bu halda avtomobillərə əvvəlki qədər tələbat olmayacaq.