Hökumətin manatla bağlı «ağ» proqnozu

14-03-2016, 10:38   
Hökumətin manatla bağlı «ağ» proqnozu
Nə qədər çalışsaq da təəccüblənməmək olmur. Vəziyyət ağırlaşdıqca hökumət təmsilçiləri absurd açıqlamalar verir. Faktiki olaraq hökumət “qatıq qaradır” təbliğatını aparır. Milli valyuta sürətlə dağdan dərəyə yuvarlanıb, bunlar isə vəziyyətin sabit olduğunu söyləyirlər.


Ölkə başçısının iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov belə də söyləyib: Manatın məzənnəsi ilə bağlı hər-hansı “qırmızı xətt” yoxdur və ola bilməz. Məzənnəni bazar müəyyənləşdirir. Ümumilikdə, təbii ki, iqtisadiyyata zərər verə biləcək bir hədd dövlət üçün hər zaman var və o hədd bizim üçün “qırmızı xətt”dir. Bu cür hallarda Mərkəzi Bank öz müdaxiləsini edir”.

Görəsən, hökumət üçün “qırmızı xətt” nə deməkdir? Bir ildə manat iki dəfə rəsmi devalvasiyaya uğrayıb və üçüncü devalvasiya da qeyri-rəsmi şəkildə start götürüb. Manatın qiymətdən düşməsi minlərlə ailənin büdcəsinə ciddi zərbə vurub. Dollarla krediti olanlar 3-cü dəfə hökumətin xəyanətinə qurban gedib. Bütün məhsulların qiymətində 30-40 faiz artım müşahidə olunur. Hər gün 2-3 vətəndaşın borc səbəbindən intihar etməsi xəbərini eşidirik. Mərkəzi Bankın rezervləri 10 milyard dollar əriyib və s. Bütün bunlardan sonra isə prezidentin köməkçisi “qırmızı xətt yoxdur” söyləyir.

Görəsən, hökumətimizin təfəkküründə fəlakətin, səfalətin, böhranın xətti nə rəngdədir? Iqtisadiyyata bundan artıq zərər verə biləcək hədd necə müəyyənləşir?

Manat daha hansı vəziyyətə düşməlidir ki, “qırmızı xətt” sayılsın? Adam öləndən sonra həkim müdaxiləsinin faydasız olduğu kimi, manat öləndən sonra Mərkəzi Bankın müdaxiəsi də absurddur. Manat xəstəliyə yoluxanda, yatağa düşəndə, iflic olanda müdaxilə etməyənlər, bundan sonra nə edə bilər ki?

Manat qırmızı xətti çoxdan keçib, indi manatın belinə qara bağlamaq lazımdır.

Amma bir daha aydın olur ki, xalq üçün “qırmızı xətt” hesab edilən heç nə hakimiyyət üçün önəm daşımır. Bu hökumət üçün “qırmızı xətt” çirkli pulların azalmasıdır, şəxsi büdcədə kəsir yaranmasıdır, şəxsi maraqların qəzaya düşməsidir. Dövlətin və millətin taleyi YAP hakimiyyəti üçün həmişə mənasız xətt olub.

Yarıtmaz siyasət nəticəsində vətəndaşın rəngi qaçıb, insanların taleyində acınacaqlı xəttlər peyda olub, hökumət isə hələ də qırmızı xəttin omadığını bildirir.

Prezidentin köməkçisi hesab edir ki, iqtisadiyyata zərər verəcək hədd yetişməyib. 14 milyard büdcəsi olan ölkənin, 25 milyard xarici borcu yaranıb, son 1 ildə Neft Fondu 12 milyard pul itirib, hökumət dünyadan kredit istəyir, problemli kreditlərin həcmi milyardlarla ölçülür və “mütəxəssis” hesab edir ki, qtisadiyyat əmin əllərdədir.

Deməli, neft tamam tükənəndə, büdcə tamam lüt qalanda, hər gün intihar edənlərin sayı 50-100 nəfərə çatanda, hökumət “qırmızı xətt”in yetişdiyini elan edəcək.

Bəli, biz xalq olaraq çox pis “xətt”ə düşmüşük. Ona görə də hökumət 23 ildir üstümüzdən xətt çəkir. Deməli, xalq olaraq yeni xəttə keçməliyik. Hökumətin “ağ” proqnozuna aldanmaq olmaz.

İlham
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar