Bu gün Milli Məclis fövqəladə ilas keçirir

18-03-2016, 08:06   
Bu gün Milli Məclis fövqəladə ilas keçirir
“Nüvə materiallarının fiziki mühafizəsi haqqında” Konvensiyanın ratifikasiyası haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq
Martın 18-də Milli Məclisin xüsusi iclası keçiriləcək. Qeyd edək ki, bu, 2016-cı ildə parlamentin ikinci xüsusi toplantısıdır. Bundan əvvəl qış tətili günlərində də prezidentin tapşırığı ilə parlament fövqəladə toplantı keçirib antiböhran tədbirlərini özündə ehtiva edən bir sıra qanunları qəbul etmişdi.

Budəfəki toplantıda isə “Nüvə materiallarının fiziki mühafizəsi haqqında” Konvensiyanın ratifikasiyası haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.

Aldığımız məlumata görə, qarşıdan Novruz tətili gəldiyi üçün parlament xüsusi iclasın keçirilməsinə qərar verib. Parlamentin növbəti plenar iclası aprelin 5-də keçiriləcək.

Xatırladaq ki, yaxın günlərdə prezident İlham Əliyevin ABŞ-a səfəri nəzərdə tutulub. Bu səfərdə isə nüvə məsələləri müzakirəyə çıxarılacaq. Azərbaycan prezidenti martın 31-də Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirak edəcək. Qeyd edək ki, ABŞ prezidenti Barak Obama dekabrın 3-də Azərbaycan prezidenti İlham Əliyevə bu il martın sonunda Vaşinqtonda keçiriləcək IV nüvə təhlükəsizliyi sammitində iştirak üçün dəvət məktubu göndərib. Amerika lideri məktubunda qeyd edib ki, Azərbaycan qlobal nüvə təhlükəsizliyinə qətiyyətli dəstək nümayiş etdirir və Bakının bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid ifadə edib.

Siyasi təhlilçilər prezidentin ABŞ-a səfərini Azərbaycanın ABŞ və Qərblə münasibətlərinin inkişafı, problemlərin həlli baxımından mühüm hadisə kimi dəyərləndirir. Sammit çərçivəsində Azərbaycan və ABŞ liderlərinin görüşünün baş tutacağı da şübhə doğurmur. Bu mənada Azərbaycan parlamentinin prezidentin səfərinə öz tərəfindən töhfə verməsi təqdirəlayiq hesab edilir.

ELŞAD
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar