Məhbus cəzaçəkmə müəssisəsindən İlham Əliyevə səslənir

18-03-2016, 08:36   
Məhbus cəzaçəkmə müəssisəsindən İlham Əliyevə səslənir

O, şikayət ərizəsinin araşdırılmasını, məhbusların haqqını tapdalayan məmurların cəzalandırılmasını xahiş edir

14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Neman Eminov dövlət başçısına ünvanladığı müraciətin surətini “Azadlıq”a da göndərib. Dövlət başçısından kömək istəyən məhbus məktubunda yazır:


“Səhhətimlə əlaqədar ötən il oktyabrın 24-də Penitensiar Xidmətin müalicə müəssisəsinə göndərildim. Məni müalicə müəssisəsinin dəri-zöhrəvi şöbəsinə yerləşdirdilər. Mənə bildirildi ki, şöbədə birinci ay qalıb müalicə olunmağım, sənədlərimin qəbul şöbəsindən alınıb ora gətirilməsi üçün 120 manat ödəməliyəm. Mən də deyilən məbləği verdim.

Birinci ayın bitməsinə yaxın həkim bildirdi ki, ikinci ay da qalıb müalicəni davam etdirmək üçün 150 manat verməliyəm. 120 manata razılaşdıq və pulu da hissə-hissə verdim.

Dekabrın əvvəllərində həkim mənə dedi ki, ayın 24-də vaxt bitir və iki gün sonra 14 saylı müəssisəyə göndəriləcəm. Burada qalıb 3-cü ayı da müalicə olunmaq istəyirəmsə, 300 manat verməliyəm. Hissə-hissə olmaqla, bu pulu da verdim. Amma ikinci ayın vaxtı bitməmiş, mənə xəbər vermədən, ayın 19-da məni 14 saylı cəzaçəkmə müəssisəsinə göndərdilər.

Həkimə dedim ki, 540 manatımı qaytarmasa, Baş Tibb Idarəsinə, prezidentə, baş prokurora və digər əlaqədar qurumlara müraciət edəcəyəm. Həkim 240 manatı qaytardı. 300 manatın əvəzinə isə məni yeni ildən sonra yenə müalicə müəssisəsinə gətirəcəyinə söz verdi. Ona inandım, amma o, verdiyi sözə əməl etmədi. Bu barədə şikayət ərizəm Ədliyyə Nazirliyi Baş Tibb Idarəsinə çatdığı üçün məni fevralın 27-də müalicə müəssisəsinə gətirdilər. Baş Tibb Idarəsinin əməkdaşı Elnur müəllim məni orada qəbul etdi və şifahi şəkildə dinləyəndən sonra dedi ki, həkimlə bağlı şikayətim araşdırılır. O, mənə rəsmi şəkildə cavab veriləcəyini də qeyd etdi. Amma hələ ki, cavab yoxdur. Şikayət ərizəmin bu qədər vaxtda araşdırılmamasının səbəbi mənə məlum deyil. Eşitdiyimə görə, həmin həkim təqaüdə göndərilir, bəlkə buna görə araşdırmanı uzadırlar ki, vaxt keçsin və şikayətim nəticəsiz qalsın?! O həkimdən isə tələbim budur ki, aldığı 300 manatı qaytarsın.

Cəza çəkdiyim 14 saylı müəssisəsinin rəisi Əli Ibrahimov və tibb məntəqəsinin baş həkimi Rəşad Hüseynova minnətdaram. Onlar səhhətimlə maraqlanırlar, hər cür kömək göstərirlər.

Məsələ ilə əlaqədar müvafiq orqanlara ünvanladığım şikayət məktublarıma cavablar 14 saylı cəzaçəkmə müəssisəsinin xüsusi şöbəsinə, dəftərxanaya göndərilir. Orada da ərizələrimin göndərilməsinə problem yaradır.

Iki ildən çoxdur ki, günahsız olduğum halda, cəza çəkirəm, sifariş əsasında şər-böhtanla həbs edilmişəm. Prezidentdən xahiş edirəm, yaranmış problemin araşdırılması, yol verilən pozuntunun aradan qaldırılması üçün göstəriş versin”.

Məhkumun prezidentə məktubunda yazdığı məsələlərlə əlaqədar Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yaşar Isaqovla əlaqə saxlamağa çalışdıq. Lakin o, çoxsaylı zənglərimizə cavab vermədi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar