«Ölkədəki böhranlı durum hakimiyyətin daxilində də var»
Mehman Əliyev: «Azərbaycanda milli təhlükəsizlik üçün ən böyük təhdid hakimiyyətdir»
Sonuncu əfv fərmanı ətrafında müzakirələr davam etməkdədir. Hakimiyyət atdığı addımı humanizm nümunəsi kimi qələmə verməyə çalışır və bəyan edir ki, bununla siyasi məhbus probleminin həll olunması istiqamətində mühüm addım atılıb. Amma nüfuzlu beynəlxalq təşkilatlar imzalanan əfvi yarımçıq əfv kimi dəyərləndirirlər və bu addımın siyasi məhbus problemini həll etmədiyini düşünürlər.
Digər tərəfdən, əfvin I.Əliyevin ABŞ-a səfəri ərəfəsində verilməsi də təsadüfi deyil. Çünki Azərbaycan hakimiyyəti həmişə siyasi məhbus problemindən siyasi alver predmeti kimi yararlanıb. Eyni zamanda onu da vurğulamaq yerinə düşər ki, hökumət Qərb dairələrindən maliyyə cəlb etməyə çalışır. Hökumət hesab edir ki, bu istiqamətdə əfv fərmanı ona köməkçi ola bilər. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevlə müsahibəmizə bu məqamlara aydınlıq gətirməklə başlamaq qərarına gəldik.
– Bizim hakimiyyət heç zaman humanist olmayıb. Olsaydı Azərbaycanda bu qədər siyasi məhbus olmazdı, azad söz olardı, QHT-lər fəal və geniş şəkildə fəaliyyət göstərərdi. Ən vacibi ölkədə azad və ədalətli seçkilər keçirilərdi. Belə bir əfvin verilməsində məqsəd siyasi konyunktura ilə bağlıdır. Hakimiyyət böhran içərisindədir və ölkəni böhran vəziyyətinə salıb. Hakimiyyət ölkəni böhrandan çıxarmaq üçün yenidən Qərbə üz tutur. Hakimiyyət Qərbdən dəstək axtarır. Ona görə hökumət Qərbin vaxtilə qoyduğu məsələləri tədricən qəbul etməyə başlayıb. Hakimiyyət məcburiyyət qarşısında qalaraq Qərbin tələblərini yerinə yetirir. Intiqam Əliyevin də həbsdən buraxılması bunun birbaşa nümunəsidir. Qərb dəfələrlə Intiqam Əliyevin həbsdən azad olunmasını tələb kimi qoyub. Ilham Əliyevin bu addımları səfər ərəfəsində atması təsadüfi deyil.
“Əliyevin ABŞ-a səfəri Obama ilə Antalyadakı görüşün davamıdır”
– Ilham Əliyevin ABŞ səfəri zamanı hansı səviyyədə görüşlər gözləyir və bu görüşlərdə hansı mesajlar ünvanlana bilər?
– Ilham Əliyevin ABŞ-a səfəri Antalyaya səfərin davamıdır. Antalya səfərinin baş tutması üçün ABŞ-la Azərbaycan arasında Işçi Qrupu yaradılmışdı. Ilkin mərhələdə Azərbaycan tərəfi danışıqlardan çəkinirdi. Amma böhran dərinləşdikcə, Azərbaycan hakimiyyəti başa düşməyə başladı ki, ABŞ-la dialoqun yaradılması vacibdir. Bu ərəfədə ABŞ-ı narahat edən məsələlərə aydınlıq gətirildi, öhdəliklər götürüldü. Nəticədə Antalyada Ilham Əliyevlə Obamanın salamlaşma mərasimi baş tutdu. Faktiki olaraq Obama işarə verdi ki, ona danışıqların gedişi ilə bağlı hər şey bəllidir. Ona görə ABŞ-da növbəti görüş də birbaşa bu öhdəliklərə bağlıdır. Siyasi məhbusların buraxılması da bu istiqamətdə atılan addımdır. Bəzi islahatlar iqtisadi mövzuya bağlı olsa da, onlar birbaşa siyasi islahatlarla əlaqəlidir. Yəni hakimiyyət ABŞ-a mesajlar verməyə çalışır ki, biz götürdüyümüz öhdəliklər istiqamətində işimizi davam etdirəcəyik. Bu baxımdan gözləyirəm ki, Obama ilə Ilham Əliyevin görüşü bir neçə dəqiqə çəksin. Bundan sonra Azərbaycandan tələb olunan islahatların həyata keçirilməsi prosesi başlamalıdır.
– ABŞ Konqressində Azərbaycana qarşı tətbiqi nəzərdə tutulan iki sanksiya layihəsi var. Bu sanksiya layihələri hələ də gündəmdədir. Layihə müəllifləri son əfvin yetərli olmadığını bəyan edirlər. Belə olan halda Azərbaycana qarşı planlaşdırılan sanksiyaların aqibəti necə olacaq?
– Bu layihələr hələ işə salınmayıbsa, deməli, Azərbaycan tərəfi ABŞ-ın təkliflərinə hələ “yox” deməyib. Azərbaycan hakimiyyətinin son addımları da bir avans kimi qəbul olunmalıdır. Yəni Azərbaycan tərəfi okeanın o tayından səslənən iradları eşidir və onları qəbul etməyə hazırdır. Məncə, biz Əliyevin ABŞ səfərindən sonra növbəti əfvləri, bir sıra sahələrdə islahatları gözləməliyik.
“Repressiya maşını köhnə qaydada işləyir”
– Bir tərəfdən əfv olsa da, amma azadlığa buraxılan məhbusların yerini yeniləri alır. Buna misal olaraq AXCP sədrinin müavini Fuad Qəhrəmanlını, Rəyasət Heyətinin üzvü Məmməd Ibrahimi və son zamanlar siyasi motivlərlə həbs olunan başqalarını misal göstərmək olar. Qərb hakimiyyətin bu repressiya siyasətinin birdəfəlik dayanması üçün dirəniş göstərəcəkmi?
– Baş verənlər inersiya ilə inkişaf edir. Repressiya maşını hələ dayanmayıb. Bir tərəfdən siyasi məhbuslar azadlığa buraxılsa da, digər tərəfdən həbslər davam edir. Hələlik repressiya maşını köhnə qaydada işləyir. Amma hakimiyyət getdikcə anlayır ki, bu siyasətin davamı mənasızdır. Repressiya dalğası əsasən 2011-13-cü illərdə daha güclü oldu. Hakimiyyət o zaman bəyan edirdi ki, Qərb Azərbaycanda məxməri inqilab hazırlayır. Hakimiyyət bu inqilabın qarşısını almaq üçün vətəndaş cəmiyyətinin aktiv olan şəxslərini zərərsizləşdirmək yolunu tutdu. Hakimiyyət bununla məxməri inqilabın qarşısını alacağını düşünürdü. Amma nə baş verdi? Tam əks-proses yaşandı. Əksinə, inqilab baş verdi. Çünki Azərbaycanda gündəm dəyişib. Hazırda baş verən inqilabı hakimiyyət özü etdi. Hakimiyyət özü yürütdüyü səhv siyasətlə ölkədə inqilabi şərait yaratdı. Bu vəziyyəti nə müxalifət, nə də vətəndaş cəmiyyəti yaradıb. Hakimiyyətin zərərsizləşdirdiyi institutlar bu cür vəziyyəti yarada bilmədi. Sadəcə olaraq hakimiyyətin apardığı siyasət özü ölkəni böhrana gətirib çıxardı. Ona görə də cəmiyyətə qarşı repressiyalar aparmaq mənasızdır. MTN-də baş verən proses başqa strukturlarda da təkrarlanmalıdır.
“Analoqu olmayan ölkə” birdən-birə sıfır vəziyyətinə düşüb”
– Ölkəni intiharlar dalğası bürüyüb. Sosial vəziyyətin ağırlığı, kredit borclarının ödəyə bilməməsi vətəndaşlarımızı son çıxış yolu kimi intihara məcbur edir. Problemli kreditlərin səviyyəsi artmaqdadır. Amma hakimiyyət böhranın iqtisadiyyatı tam dağıtmaması üçün idxalı azaldıb və bir sıra inzibati yollarla kəskin qiymət artımına icazə vermir. Bu yürüdülən iqtisadi siyasət nə dərəcədə düzgündür?
– Azərbaycanda vətəndaşların üzləşdikləri iqtisadi problemlərə görə intihar etməsi dövlətin hərəkətlərinə bağlıdır. Azərbaycan hakimiyyəti özü artıq çoxdan intihar edib. Hakimiyyət heç zaman istəməzdi ki, bu cür ölü vəziyyətə gəlib düşsün. Hakimiyyətin dili ilə desək, “analoqu olmayan ölkə” birdən-birə sıfır vəziyyətinə düşüb. Ölkəni bürümüş bu cür acınacaqlı durumda fərdlərin intihar etməsi təəssüf ki, normal vəziyyətdir.
– Xarici borcalma ilə bağlı baş verənləri necə dəyərləndirmək olar. Hakimiyyət Neft Fondunun vəsaitlərini bir faizdən bir qədər artıq faizlə xarici idarəetməyə verir. Amma özü yeddi faizlə 1 milyard vəsaiti on illik kreditlə cəlb edir. Bu cür addımın atılması nə dərəcədə məntiqlidir?
– Azərbaycanın iqtisadi siyasəti də inersiya ilə gedir. Azərbaycan bəlkə də nəyisə dəyişmək istəyir, amma hələ ki, köhnə qayda ilə hərəkət edilir. Bu, anormal bir vəziyyətdir. Əvvəl neft pulları çox idi. Bu cür layihələr gözə dəymirdi. Amma artıq neft pulları azalıb və bu cür addımlar, götürülən kreditlər gözə dəyir. Düşünürəm ki, getdikcə bu yanaşma da dəyişməlidir.
“Hakimiyyətə qarşı ciddi kompromatlar var”
– Hakimiyyətdaxili savaşın daha bir təzahürü maliyyə naziri Samir Şərifova qarşı irəli sürülən ittihamlar oldu. Samir Şərifov üç ölkəyə casusluqda ittiham olundu. Rəsmi strukturlar səslənən ittihamlara heç bir reaksiya vermədi. Yayılan informasiya ilə bağlı isə müxtəlif fərziyələr səslənir…
– Keçmiş səfir Arif Məmmədov da bildirdi ki, Azərbaycan hakimiyyətində xeyli məmurlar var ki, onlar xarici kəşfiyyatlara işləyirlər. Rusiya ilə əməkdaşlıq daha çox üstünlük təşkil edir. Bu sistemin bir problemidir. Ona görə də ayrı-ayrı şəxsləri məsuliyyətə cəlb etmək problemi həll etmir. Azərbaycanda milli təhlükəsizlik üçün ən böyük təhdid mövcud hakimiyyətdir. Ona görə ki, bu hakimiyyətin o qədər böyük problemləri, ciddi cinayətləri var ki, onları necə istəsən idarə etmək olar. Hakimiyyətə qarşı mövcud olan ciddi kompromatlar bunu deməyə əsas verir.
– Samir Şərifov barədə yayılan məlumatların arxasında keçmiş nazir Eldar Mahmudov dayanır. Və vurğulanır ki, əslində bu, baş nazirlik uğrunda mübarizənin bir təzahürüdür…
– Baş nazir olmaq iddiası çoxlarında var idi. Bura Ziya Məmmədov, Kəmaləddin Heydərov, Eldar Mahmudov, Samir Şərifov daxil idi. Bu gün də bu post uğrunda savaş gedir. Amma Azərbaycanda baş nazir postunun heç bir gücü yoxdur. Rəhbərlik tam formada prezidentin əlindədir. Bu post formal vitse-prezidentlik səviyyəsindədir. Amma bu çox vacib bir postdur. Ona görə hakimiyyət çalışır ki, bu vəzifəyə təyin olan adamın heç bir iddiası olmasın. Digər tərəfdən, Azərbaycanın baş nazirinin kim olacağı xarici dövlətlərlə də əlaqələndirilir. Adətən baş nazirin namizədliyi ABŞ və Rusiya ilə razılaşdırılır. Artur Rəsizadənin bu vaxta qədər bu postda qalması onun ambisiyasız olmasıyla bağlıdır.
– Cəmiyyəti düşündürən və hələ də cavabsız qalan əsas sualardan biri keçmiş nazir Eldar Mahmudovun hələ də həbs olunmamasıdır. Bunun səbəbi nədir? Hansı məqamlar Eldar Mahmudovu toxunulmaz edir?
– Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması daha çox xarici amillərlə bağlıdır. Yəni xarici dövlətlər Ilham Əliyevin qarşısında MTN-lə bağlı materiallar qoyub və o da bu materiallarla tanış olandan sonra onu vəzifəsindən uzaqlaşdırıb. Eldar Mahmudov prinsipcə az şey bilmir. Onun vəzifəsi bundan ibarət idi ki, məxfi əməliyyatlar həyata keçirirdi. Məhz bu məqam onun hələ də azadlıqda qalmasına səbəbdir.