Səhv diaqnoz bir insanı intihar həddinə çatdıra bilər.
Bir insan qanından analiz verir və məlum olur ki, artıq ölümlə üz-üzədir. O insanın çəkdiyi ağrıları, iztirabları təsəvvür etmək elə də çətin deyil.
Bir insanı qoyduğu səhv diaqnozla bu qədər psixoloji əzab içərisinə salan həkim və onun çalışdığı klinikanın sizcə cəzası nədir? Təbii ki, heç bir şey, uzağı klinikanın adı dəyişdiriləcək və eyni işlə məşğul olacaqlar. Ən azı Azərbaycan praktikası bunu deməyə əsas verir.
Yeni Yasamal Klinikasında verdiyi analizin cavabına görə, az qala intihar etmək istəyən vətəndaş Zülfiyyə Səfərli başına gələnləri Ölkə.az-a danışıb:
“Xalamoğlu qan xərçəngindən əziyyət çəkirdi. Ona qan vermək istəyəndə məndən qan almamışdılar. Qan köçürmə İnstitutunda üzümə baxanda qan vermək üçün müəyyən normalara uyğun gəlmədiyimi dedilər. Mənə analiz verməyi tövsiyə etdilər. Mən də həmin tövsiyəyə əsasən evimizin yaxınlığında yerləşən Yeni Yasamal Klinikasında qanın ümumi analizini verdim. Analizin cavabı məndə ciddi qan xəstəliyinin olmasına işarə edirdi. Klinikanın baş laborantı məni yanına çağırıb bir az söhbət elədi, tapdığı nəticəni iki dəfə yoxladığını və bunun çox ciddi məsələ olduğunu dedi. Şəfqətli və üzgün baxışlarla mənə baxıb, təcili hematoloqa müraciət etməyi tövsiyə elədi. Nəticəyə görə məndə “trombositlərin kəskin azalması” prosesi gedirdi. Bu isə beyin qanaması, daxili orqanların qanaxması və digər hallarla bağlı qanaxma mənşəli ölüm ehtimalı demək idi.
Əmim qızı hemotoloq olduğuna görə onunla danışdım, analizin şəklini ona göndərdim. Çox həyəcanlandı. Dərhal Hemotologiya İnstitutunda analiz verməyimi məsləhət gördü. Sabahısı gün gedib analiz vermək üçün imkanım yox idi. Təxminən 3 gün əldə elədiyim nəticənin təsiri altında qaldım…
Avropaya köçmək üçün orada iş axtarmağa başladım. Bütün planlarımı bu istiqamətdə qurduğum bir dövrdə orqanlardan birində yaranan problem məni Milli Onkologiya İnstitutuna aparıb çıxartdı. Ordakı müayinədə onkoloji xəstəlik çıxmasa da, ciddi nəzarətə alınması lazım olan məsələ aşkar olundu. Mən fikirləşdim ki, elə bu məsələnin də müalicəsi Avropada daha effektli olar, amma bu düşüncəm cəmi bir neçə saat sürdü. Çünki Onkologiyadan çıxıb gəlib elə həmin gün bayaq danışdığım kimi, Yeni Yasamal Klinikasında qan analizi verdim və cavabında ağır qan xəstəliyi ehtimalı çıxanda həmin ana qədər qurduğum bütün planlar bir andaca məhv oldu…
Onkologiyada çıxan problemin ümumiyyətlə müalicəsi ilə maraqlanmadım artıq. 3 gün ərzində sadəcə həyatdan daha tez və səssiz şəkildə getməyin yollarını axtarmağa başladım. Amma digər tərəfdən evim ipotekadadır. Öz əcəlimlə ölməsəm, intihara cəhd eləsəm, sığorta şirkəti ipotekanı ödəməyəcək, ev müsadirə olunacaq və uşaqlarım üst-üstə travmalar alacaq. Amma mən də camaatın gözünün qabağında hər gün əriyərək ölmək istəmirəm. Bir şəkildə bunlardan uzaqlaşıb başqa bir yerdə ölməliyəm ki, heç kimə əziyyət verməyim və uşaqlarımın yaddaşında məndən xəstə xatirə qalmasın. Bunun üçün evi satıb, ipotekanı ödəyib, qalanını onlar üçün hesaba yatızdıraraq, ölkədən çıxıb gedə bilərdim. Bir neçə gün əvvəl uşaqları da götürüb Avropaya köçmək üçün məhkəməyə müraciət etməyə hazırlaşan insan, indi uşaqları atalarına təhvil verib yoxa çıxmağı planlaşdırırdı. Çünki elə bir xəstəliyin müalicəsi üçün heç bir maddi imkanım yox idi. Uşaqlarla birlikdə başqa ölkəyə getmək də artıq təhlükəli idi. Oralarda ölsəm, uşaqlar ortalıqda qalardı..
3 gün sonra Hematologiya İnstitutuna getdim, analiz verdim və nəticə bundan əvvəlki analizin nəticəsini təkzib etdi. Tam bir-birinin əksi olduğuna görə əmin olmadım, bu dəfə “Şəfa” Klinikasına müraciət etdim. Orda da verdiyim analizin nəticəsi Hematologiyadakı ilə üst-üstə düşdü və 1-cini, pis nəticəni təkzib etdi. Yeni Yasamal Klinikasından əldə edilən analizin nəticəsi hamısını şoka salmışdı. Mənim vəziyyətimlə heç bir əlaqəsi yox idi o analizin, amma cəmi 3 gün ərzində bir insan həyatını alt-üst etməyə yetəcək qədər güclü təsir yaratdı. Həmin günlər ərzində düşdüyüm depressiya məni mənən çökdürdü. Sonradan fərqli nəticələr əldə etsəm belə, zəlzələdən çıxmış ev kimi idim. Məcbur olub antidepressantlar almalı oldum və birtəhər özümü topladım”.
Zülfiyyə Səfərli Azərbaycanda yəqin ki, nə ilk nə də son bunu yaşayacaq şəxsdir. Məhkəmələrin süründürməçiliyi və əlavə xərclər isə Yeni Yasamal tipli klinikaları cəzasız qoyur…