Hökumət təhsili təhsil haqlarına qurban verib

2-04-2016, 09:14   
Hökumət təhsili təhsil haqlarına qurban verib
17000 tələbə niyə sahibsiz qaldı?
Rəsmi açıqlamalar da təsdiq edir ki, YAP hakimiyyəti dövründə Azərbyacan təhsili məhv edilib. Bugünlərdə açıqlanan imtahan nəticələri vəziyyətin nə qədər acınacaqlı olduğunu bir daha təsdiqlədi. Amma problem bununla da yekunlaşmır. Savadsız bir nəslin yetişdirilməsi azmış kimi, müəyyən biliklərə sahib olan gənclər də təhsil haqqını ödəyə bilmədiyi üçün sıradan çıxır. Yəni, orta təhsilin bərbad nəticələri və üstəgəl ali təhsili yarımçıq qoymaq məcburiyyətində qalanlar.

Belə ki, son 3 ildə 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün Universitetdən kənarlaşdırılıb. Bu ölduqca böyük rəqəmdir və dövlətin gələcəyini təhdid edir. Amma universitetdən məhrum olanlar 17000 nəfərdən ibarət deyil. Minlərlə abituriyent tələbə adını qazansa da, ödənişliyə düşdüyü üçün ali məktəbdən imtina edib. Yaxud, ilkin ödənişi edə bilmədiyi üçün əldə etdiyi müsbət imtahan nəticələri yararsız olur. Demək istəyirik ki, 17000 tələbə müəyyən müddətdən sonra təhsilini yarımçıq qoyubsa, bir o qədər də auditoriyaya girmədən təhsildən məhrum olub.


Görəsən, bu illər ərzində təhsildəki problemləri həll etmək üçün hökumətə nə mane olurdu? Axı, 100 milyardlarla neft pulunun az bir qismini təhsilə yatırmaqla böyük nəaliyyətlər əldə etmək olardı.

1.Bu illər ərzində məqsədli şəkildə təhsil kreditləri məsələsi arxa plana keçirildi. Hər dəfə bu məsələ gündəmə gələndə absurd arqumentlər ortaya çıxdı. Dünyanın müxtəlif yerlərində xeyriyyə layihələri həyata keçirən, Belarusa cüzi faizlə kredit verən, Avropa oyunlarına, Gül bayramına, Formula-1 yarışlarına milyardlar xərcləyən hökumət, təhsil kreditlərinə cüzi vəsait ayırmağa ehtiyac görmədi.

Bu illər ərzində təhsil haqlarının təhsil alanlara nə qədər böyük zərbə vurduğu aydın görünsə də hökumət buna müdaxilə etmədi. Ən azından təhsil haqlarını 50 faiz azaltmaq, ödəniş qabiliyyəti olmayanlara güzəşt etmək olardı. Ümumiyyətlə, Azərbaycanda tələbələrin 60 faizi ödənişli əsaslarla təhsil alır ki, bu da anormal haldır. Hətta dövlət Universitetlərində ödənişli təhsili ləğv etmək də mümkündü. Onsuz da tələblərin ödədiyi pullar dövlətin büdcəsinə deyil, offşorlara, şəxsi ciblərə gedir.
Ölkəyə külli miqdarda vəsait daxil olsa da tələbə təqaüdləri artırılmadı. Hansıki, tələblərə onların zəruri ehtiyaclarını ödəyəcək qədər təqaüd ayırmaq olardı. Hökumət savadlı kadrların yetişməsində maraqlı olsaydı, xeyli stimullaşdırıcı addımlar ata bilərdi. Yəni, tələbələrdə oxumaq üçün həvəs yaranardı. Təsəvvür edin ki, təhsil korrupsiyaya bulaşmayıb və hökumət üçün bu sahənin inkişafı prioritet təşkil edir. O zaman tamam başqa mənzərənin şahidi olardıq. Hətta bütün fənlər üzrə ən yüksək nəticə toplamış tələbəyə ev, avtomobil hədiyyə etmək, təhsil haaqından azad etmək olardı. Yəni, təhsil sahəsində rəqabətli mühit yaratmaq mümkün idi.
Amma Azərbaycan reallığında tələbə həyatı yaşamaq əlçatmaz arzuya çevrilib. Tələbə yataqxanaları yox səviyyəsindədir və bu istiqamətdə heç bir addım atılmadı. Nəticədə, tələbə kirayələrdə sürünməli olur, məhdud büdcəsinin bir hissəsini də bu tələbata sərf edir. Təhsil haqqını, kirayə pulunu, gündəlik tələbatları ödəmək üçün mütləq tələbə çalışmalıdır. Heç kimə sirr deyil ki, tikintidə fəhləlik edənlərin, restoranda ofisiant işləyənlərin, bazarda alverlə məşğul olanların bir hissəsi tələbələrdi. Bütün bunlardan sonra savadlı kadr kimi yetişmək də mümkünsüz olur. Eyni zamanda bir müddət təhsil haqqını ödəyən tələbə, növbəti kursda ödənişi edə bilmir və uzun illər ödədiyi pul da batır, təhsili də yarımçıq qalır.

Nəticə isə göz qabağındadır. Təkcə 3 ildə 17000 tələbə sıradan çıxıb. Sabahın mütəxəssisləri, həkimləri, müəllimləri, hüquqşünasları bu gün dəfn edilir. Belə çıxır ki, bu ölkədə yaxşı və davamlı təhsil də məmurların, vəzifə kreslosunda əyləşmişlərin övladları üçündür. SOCAR-ın təsis etdiyi məktəblərdəki təhsil haqlrının qiymətləri də bunu deməyə əsas verir. Bəli, təhsil almaq da monopoliyaya çevrilib. Əgər hakimiyyətin siyasi iradəsi olsaydı, 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoymazdı. Heç bir nomal hökumət belə bir vəziyyətin yaranmasına imkan verməzdi. Diqqət edin, nə dollarla kredit olanlara güzəşt edildi, nə şəhid ailələrinin sığorta pulu verildi, nə də təhsil haqqını ödəyə bilməyənlərə kömək edilir.

Amma 17000 tələbənin təhsil haqqı səbəbindən Universitetlərdən kənarlaşdırılması cəmiyyət üçün də siqnal olmalıdır. Hökumətin mövqeyi aydındır və təhsilin xəstəliyə yoluxmasından narahat deyil.

Amma bu ölkədə imkanlı şəxslər də var və onlar kasıb tələblərə kömək edə bilərlər.

Məsələn, dəfələrlə Həcc ziyarətinə, Kərbəlaya, Məşhədə gedən imkanlı şəxslər, Allah yanında savab qazanmaq üçün 2-3 tələbənin təhsil haqqını da ödəyə bilər. Inanın ki, 5 tələbənin təhsil haqqını ödəmək, 10-cu dəfə Həcc ziyarətinə getməkdən daha böyük savabdır. Məgər peyğəmbərimiz “Elm Çində olsa da gedin” demirdimi? Demək istəyirəm ki, elm öyrənmək, təhsil almaq da ibadətdir və bu ibadəti yerinə yetirmək üçün tələbələrə kömək etmək lazımdır.

Əgər imkanlı şəxslər təhsilə bu formada yardım etməyi ənənə halına çevirsələr, bu qədər tələbə təhsildən kənarda qalmaz. Kütləvi savadlaşdırma siyasətinə, hökumətin təhsilə biganə mübasibətinə son qoymaq lazımdır.

Ölkədən oğurlanmış milyardların yerini doldurmaq olar, təhsilsizliyin yerini doldurmaq çox çətindir. Maddi sərvətlər talan edilib, heç olmasa mənəvi sərvətləri qoruyaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar