Cenab prezident,« özümə qəsd edəcəm»

15-04-2016, 08:49   

Şəki sakininin zəhmətlə qazandığı əlindən necə alınıb?
«Tədbir görülməsə, Əliyevə müraciət ünvanlayıb, özümə qəsd edəcəm»

Şəki sakini Ruhəngiz Səfərova Baş prokuror Zakir Qaralov, Daxili işlər naziri Ramil Usubov, Şəki şəhər prokuroru Elmar Camalov da daxil olmaqla, müxtəlif dövlət orqanlarına üz tutaraq, onlardan haqq-ədalətin bərpası üçün kömək istəyir. Ruhəngiz Səfərova məmurlara ünvanladığı müraciətin surətini “Azadlıq”a da göndərib.

O, məktubunda yazır ki, evlərdə təmizlik işləri aparmaqla çörəkpulu qazanıb. Şəki şəhəri, 20 Yanvar küçəsi ev 10 ünvanında yaşayan Sevil Məmmədovanın da evində təmizlik işi aparıb. 2010-cu ildə qızı Bilqeyis Səfərova Pedoqoji Universitetdə təhsil alırmış. Özü də iş tapmaq üçün Bakıya gəlib. Bakıya köçəndən sonra Sevil Məmmədova zəng edərək onu Binəqədi rayonu, məhəllə 31-23, 5-ci dairəvi küçə, ev 5 ünvanındakı mənzilinidə təmizlik işləri aparmağa çağırıb: “Bunun müqabilində aldığım zəhməthaqqıyla dolanırdım. Qızım ali məktəbi bitirəndən sonra ixtisası üzrə iş tapmadığından, müxtəlif yerlərdə çalışırdı. Onun əməkhaqqını və özümün qazandığım pulun bir hissəsini ev şəraitini düzəltmək üçün yığırdım. Beləliklə, 5 min qızımın, 2 min manat da öz pulumu yığmışdım.


2014-cü ildə məndə xərçəng xəstəliyi aşkar olundu və süd vəzisindən əməliyyat olundum. 3 ay sonra təkrar əməliyyat olundum. Səhhətim pisləşmişdi və əziyyət çəkirdim. Belə bir vaxtda Sevil mənə zəng edib evinə dəvət etdi. Evində mənə nə qədər pulumun olduğunu soruşdu. Ona sadəlövhcəsinə 7 min manatımın olduğunu söylədim. Sevil oğlu Ibrahim Məmmədovun Beynəlxalq Bankın Şəki filialında işlədiyini dedi və pulumu oğlu işləyən banka yatırmağı təklif etdi. Səhhətim pis olduğu üçün pulun 5 minini bankın Yasamal filialında bank işçisinin vasitəsilə Ibrahimə köçürdüm. On gün sonra Sevil yenidən zəng edib evdəki 2 min manatı Ibrahimə verməyi təklif etdi.

Ibrahimin göndərdiyi maşınla Şəkiyə getdim. Ibrahim Şəkidə qapıya çıxıb pulu alıb cibinə qoydu.

Bakıya qayıdandan sonra vəziyyəti qızıma danışdım. Beynəlxalq Bankda mənə verilən qəbzi qızıma göstərdim. Bilqeyis qəbzə baxanda qəzəbləndi və mənə pulumun bank depoziti adı altında aldadılaraq, başqa şəxsin hesabına köçürüldüyünü dedi. Pul adıma yatırılmamışdı. Qızım Ibrahimin telefonuna zəng edəndə o, aldığı pulları fermasına sərf etdiyini dedi. Bunu biləndən sonra səhhətim çox pisləşdi. Ibrahimdən pulumu geri tələb edəndə o, bankın Yasamal filialında Bilqeyisin adına hesab kartı açdırmağı təklif etdi. Bildirdi ki, həmin karta pul köçürəcək.

2015-ci ilin fevralında qızımın adına hesab kartı açdırdım. Martın əvvəllərində Ibrahim 450 manat pul göndərdi. Müalicə alırdım və səhhətim getdikcə ağırlaşırdı. Sevilə zəng edib pulumuzu tələb edəndə o, bizə daha pul verməyəcəyini bildirdi. Sonra bizi Şəkiyə çağırıb, pulu verəcəklərini dedilər. Orada isə müxtəlif bəhanələr gətirdilər. Başa düşdük ki, bizə qarşı dələduzluq ediblər.

Şəki Rayon Polis Şöbəsinə müraciətimiz əsasında işin araşdırılacağını bildirdilər. Lakin təkrar şöbəyə çağırılıb işin Şəki şəhər prokurorluğunda olduğunu dedilər. Lakin hər iki qurum işimizə laqeyd yanaşdı. Polis əməkdaşı Etibar Cabbarov 8 fevral 2016-cı ildə adımdan qızıma təkrar şikayət ərizəsi yazdırıb ki, ərizənin araşdırılması başqa polis əməkdaşına həvalə edilsin. Mən də özümü pis hiss etdiyimdən ərizəni imzalamışam. Polis əməkdaşı Ibrahim kimi adamla dil taparaq qızıma təkrar şikayət ərizəsi və istədiyi cümləni yazdırıb.

Xahiş edirəm, mənə kömək edin. Vaxtında lazımi tədbir görülməsə, prezident Ilham Əliyevə müraciət etməklə həyatıma qəsd edəcəyəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar