Hesablama Palatası 10 milyon dövlət əmlakının mənimsənilməsi faktının üstünü açıb; ancaq deputat deyir ki, bu, çox kiçik rəqəmdir

16-04-2016, 10:36   

Milli Məclisin 15 aprel iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun 2015-ci illə bağlı hesabatını təqdim etdi. Palata sədri bildirdi ki, “Azərenerji” ASC-də dövlət vəsaitini mənimsəmə və digər maliyyə pozuntuları, qanuna ziddi hallar aşkarlanıb. Belə ki, 2013-2014-cü illərdə podratçılar və layihə təşkilatları ilə cəmi vəsaitin 95%-i olmaqla 8 satınalma müqaviləsi bağlanıb. Amma təhlillər göstərir ki, həmin müqavilələrin 7-si və cəmi vəsaitin 76,4 %-i birbaşa müqavilələrin bağlanması ilə icra edilib.

Qurumda dövlət satınalamalarını tənzimləyən normativ hüquqi aktların tələblərinə tam əməl edilməyərək 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6%-i satınalma proseduru tətbiq edilmədən xərclənib. Audit sübutları ilə “Azərenerji” ASC tərəfindən 2013-2014-cü illər üzrə dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub. Palataya təqdim edilmiş məlumata görə, “Azərenerji” ASC tərəfindən 29,7 min manat dövlət büdcəsinə bərpa edilib, 35658,4 min məbləğində debitor borc üzrə işlər podratçı tərəfindən icra edilib.



Bakı Şəhər İcra Hakimiyyətində də maliyyə pozuntuları, dövlət vəsaitini mənimsəmə və digər qanuna zidd əməllər aşkarlanıb. Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə BŞİH-ə ayrılmış vəsaitin 12,7%-nin təyinatı dəyişdirilərək Bakı şəhər yollarının asfalt örtüyünün əsaslı təmirinə və yenidən qurulmasına, həmçinin klassik və müasir tipli işıq dirəklərinin alınması və quraşdırılmasına yönləndirilib. Dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin tələblərinə əməl edilməyərək bəzi hallarda satın alınan malların ehtimal olunan qiymətləri mövcud qaydalara uyğun müəyyənləşdirilməyib. Tender prosedurunun keçirilməsi üçün minimum 3-4 ay vaxt tələb olunduğunu və görüləcək işlərə təcili tələbat yarandığını əsas gətirərək satınalmaların birbaşa müqavilə ilə həyata keçirilməsinə müvafiq razılıq alınsa da müqavilələr bir neçə aydan sonra bağlanıb. Nəticədə 2014-cü ildə Bakı Şəhər İcra hakimiyyəti tərəfindən əhatə olunan məbləğin 61,9%-i səviyyəsində satınalamalar birbaşa müqavilə metodu əsasında həyata keçirilib. Müvafiq satınalma proseduru keçirilmədən 10 layihəçi təşkilata layihə-smeta sənədlərinin hazırlanmasına görə vəsait ödənildiyi aşkarlanıb. Audit tədbirləri nəticəsində qurumun daha bir neçə sahələr üzrə vəsait ödənişində nöqsanları aşkarlanıb.



V.Gülməmmədovun sözlərinə görə, BŞİH-dən cəmi 106,4 min manata vəsait dövlət büdcəsinə bərpa edilib, 2 min manat dəyərində avadanlığın təhvil verilməsi təmin olunub. 35584,9 min manat dəyərində müxtəlif adda inventar və avadanlıqların müvafiq qaydada rəsmiləşdirildiyi qeyd olunub.

Bundan sonra Hesablama Palatasının 2015-ci il üzrə hesabatı üzrə müzakirələr başladı.
Deputat Əflatun Amaşov Hesablama Palatasının hesabatını müsbət dəyərləndirdi və bundan sonra Beynəlxalq Bank ətrafında baş verən olayların təkrarlanmaması üçün konkret təkliflərini verdi. Əli Məsimli Hesablama Palatasının fəaliyyətində antikorrupsiya tədbirlərinin geniş yer aldığını vurğuladı və qurumun işini müsbət qiymətləndirdi. Deputat bildirdi ki, Azərbaycanın xarici borcu 20 faiz ətrafındadır, amma bu yaxşı göstərici deyil. Çünki Azərbaycanın xarici borcu 10 faiz ətrafında olub".

Vahid Əhmədov dedi ki, 2015-ci ildə Palata büdcə vəsaitlərinin yalnız 10 faizini yoxlayıb ki, bu da çox aşağı göstəricidir: “Milli Məclisdə dəfələrlə bildirilib ki, dövlət büdcəsinin yerlərdə xərclənməsində ciddi qüsurlar var. Yoxlamalar nəticəsində cəmi 10 milyon manat dövlət büdcəsinə vəsait keçirilib ki, bu vəsait də çox azdır. Ona görə də nəzarət ciddi şəkildə həyata keçirilməlidir. Bu 83 yoxlama göstərdi ki, elə bir yoxlama yoxdur ki, orada ciddi nöqsanlar aşkar edilməsin. Bütün sahələrdə çox ciddi problemlər aşkar edib. Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər aşkar edilib”. V.Əhmədov qeyd etdi ki, Hesablama Palatasının səlahiyyətləri ciddi şəkildə genişlənməlidir.
Deputat Zahid Oruc neqativlərin aradan qaldırlmasına kompleks yanaşmağa çağırdı: “Biz nə qədər ki, tenderləri, satınalmaları şəffaf şəkildə həyata keçirə bilməyəcəyik, Hesablama Palatası orada neqativləri araşdırıb ortaya qoyacaq.



Biz formaları tapmalıyıq ki, necə edək rayon icra hakimiyyətləri yerlərdə aparılan işlərə müdaxilə etməsinlər, maliyyə vəsaitləri təyinatı üzrə xərclənsin. Bağçada uşaqlardan daha çox böyüklər bəhrələnir. Bunlar bağça işçiləri deyil. Tibb ocaqlarında da oxşar vəziyyət hökm sürür. Bağçasını, səhiyyəsini özəlləşməyə açmayan ölkədə bir qurum bütün neqativlərin qarşısını ala bilməz”.

Bundan sonra Palatanın hesabatı səsə qoyularaq qəbul edildi.

Dərs buraxan şagirdlərə görə cərimə ləğv edildi.

Deputatlar İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinin ləğv edilməsi haqqında məsələyə də baxdılar və müsbət rəy verdilər. Qeyd edək ki, həmin maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslərin 100 manat məbləğində cərimə edilməsini nəzərdə tuturdu.

Elşad PAŞASOY
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar