Mehriban Vəzir: «Indiki gərgin vaxtda əyləncə artıq vicdan məsələsidir»
Eldəniz Quliyev: «Bu məsələ ideoloji boşluqdan irəli gəlir»
“Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, məşhur italyan müğənnisi Eros Ramazzottinin Bakıda, “Crystal hall”da baş tutan konsertində dövlət rəsmiləri, ölkənin siyasi elitasının nümayəndələri də iştirak edib. Onların arasında xarici işlər naziri Elmar Məmmədyarov və AZAL-ın prezidenti Cahangir Əsgərov da yer alıb.
Cəbhə bölgəsində gərginliyin artdığı, xeyli şəhidlərimizin, yaralıların olduğu bir vaxtda onların konsertdə əylənməsi birmənalı qarşılanmayıb. Onların addımı sosial şəbəkələrdə də kəskin tənqid olunub. Adamlar döyüşlərin təkcə əsgərlərimiz və ordunun timsalında deyil, paralel olaraq, diplomatik səviyyədə də aparılmasını vacib sayırlar.
eldeniz-quliyev-yeni
Tanınmış ziyalı, kinossenarist Eldəniz Quliyev deyir ki, müharibə getdiyi, Vətən oğullarının şəhid olduğu bir vaxtda gərək hərtərəfli toparlanma zərurəti yaransın. Onun fikrincə, hazırkı məqamda konsertlər, şoular təşkil etmək, cəmiyyətə bayağı verilişlər, seriallar təqdim etmək doğru deyil: “Görünür ki, informasiyanın vahid bir nöqtədən idarə edilməsində boşluq var. Cəbhə bölgəsində şəhid verilir, yaralılar var, Bakıda əyləncələr, kef-büsat təşkil edilir. Bu məsələ ideoloji boşluqdan irəli gəlir. Ideoloji işlə məşğul olan şəxslər bu barədə çox ciddi düşünməlidir”.
mehriban_vezir
Yazıçı-publisist Mehriban Vəzir deyir ki, bütün cəmiyyətin müharibəyə köklənməsi, hamının yalnız döyüş barədə düşünməsi məsələsinə birmənalı olaraq nail olmaq mümkün deyil. Bununla belə, aprelin əvvəlindəki günləri, hamının döyüş əhvalına kökləndiyi anları yada salır: “Belə hallar tək-tək olur. Lakin bütövlükdə 20 ildən çoxdur müharibə gedir və hamı da öz işindədir. Yəni matəm elan olunmayıb və dövlət, alimlər, bir sözlə, hər kəs öz işindədir. Cəbhədəki vəziyyətin əksinə olaraq, hazırkı gərgin vaxtda əyləncə və digər məsələlərə gəlincə, bu, bir az vicdan məsələsidir. Ölkədə müharibə vəziyyətilə əlaqədar qanun-qayda tətbiq olunmayıbsa, onda heç kimi qınamaq, onları nədəsə ittiham etmək olmaz. Sadəcə, həmin adamların özləri gərək səngərlərdəki vəziyyəti düşünsün. Elə bir zümrə var ki, onlar səngərlə, əsgərlərlə, bugünkü hadisələrlə nəfəs alır. Bu da hamıya şamil oluna bilməz. Eyni zamanda, bu, qeyd etdiyim kimi, bir az da vicdan məsələsidir”.
Nigar