Misir Mərdanova qarşı şok ittiham
Xalası oğlu Allahverdi Dəmirov barədə cinayət işinin başlanması ilə gündəmə gələn keçmiş təhsil naziri Misir Mərdanovun adı mülk qalmaqalında hallanır. Bakı sakini Mənsurə Cavadova keçmiş təhsil nazirini ona məxsus mülkü saxta sənədlərlə ələ keçirməkdə ittiham edir. Mənsurə Cavadova bununla bağlı ölkə başçısı Ilham Əliyevə müraciət ünvanlayıb.
O, müraciətin bir surətini “Azadlıq”a göndərib. Şikayətçi yazır ki, 2006-cı ildə Əkbərov Telman Mənsur oğlu adlı şəxsdən Bakı şəhəri, Nərimanov rayonu Qarabağ küçəsi 48 ünvanda yerləşən qeyri-yaşayış sahəsini alıb. Lakin Təhsil Nazirliyi bir il sonra həmin tikilini özününküləşdirib: “Həmin qeyri-yaşayış sahəs keçmiş təhsil naziri Misir Mərdanovla Əkbərov Telman Mənsur oğlu arasında bağlanmış 28 iyun 2007-ci il tarixli saxta öhdəlik müqaviləsi əsasında qanunsuz olaraq sökülüb.
Nəzərə alın ki, həmin sahə keçmiş mülkiyyətçi Əkbərov Telman Mənsur oğlu tərəfindən 24 mart 2006-cı ildə Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi əsasında mənim mülkiyyətimə verilib.
Yəni, Misir Mərdanovla Əkbərov Telman Mənsur oğlu arasında 28 iyun 2007-ci il tarixdə müqavilə bağlanarkən həmin qeyri yaşayış sahəsi üzərində hüquq mənə məxsus olub. Lakin Misir Mərdanov mənim xəbərim olmadan keçmiş mülkiyyətçi Əkbərov Telman Mənsur oğlu ilə hazırkı saxta müqaviləni bağlayıb.
Təhsil Nazirliyi həmin qeyri-yaşayış sahəsini sökərək onun yerində Xalq Təhsili Muzeyi adlı qeyri-yaşayış binası inşa edib.
Göründüyü kimi Təhsil Nazirliyi qanunsuz olaraq mənim əmlakımı əlimdən alaraq mülkiyyət hüququmu pozub.
Bu barədə mənim çoxsaylı şikayətlərimdən sonra Təhsil Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri oğlumla əlaqə saxlayaraq əmlakımın onlara qalması müqabilində real dəyərindən qat-qat aşağı qiymətdə mənə təkliflər edərək əmlakımı onlara satmağa məcbur edirlər. Mən faktiki olaraq notarial qaydada alqı-satqı müqaviləsi əsasında adıma olan əmlakımın dağıdılaraq yerində başqa bina tikildiyindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi Idarəsindən də adıma müvafiq Çıxarış ala bilmirəm.
Cənab Prezident!
Pozulmuş hüquqlarımın müdafiəsi ilə bağlı Nərimanov rayon Məhkəməsinə də müraciət etmişəm. 27.04.2016-cı il tarixdə Nərimanov rayon Məhkəməsində hakim Ramin Quliyevin icraatında işə baxılarkən tərəfimizdən məhkəməyə vəsatət verilərək cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən mülkiyyətimdə olan qeyri yaşayış sahəsinin sökülməsi və yerində hündür mərtəbəli qeyri yaşayış sahəsi inşa edilməsinə əsas olan hüquq müəyyənedici sənədlər, Bakı Şəhər Icra hakimiyyəti tərəfindən tikiləcək binanın layihəsinin təsdiq olunub-olunmaması, buna dair Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən razılaşdırılmasına dair rəy, və.s sənədlər tələb olunduğu halda Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən məhkəməyə belə bir razılığın olmadığı və hər hansı hüquq müəyyənedici sənədin olmadığı bildirilib”.
Mənsurə Cavadovanın sözlərinə görə, məhkəmədə məlum olub ki, Təhsil Nazirliyi tərəfindən inşa edilmiş Müasir Təhsil Mərkəzi qanunsuz tikilidir: “Nəticə etibarilə bugünkü gündə Təhsil Nazirliyi tərəfindən əmlakımın qanunsuz sökülüb yerində qeyri-yaşayış obyekti inşa edilməsi və əmlakımın da bir hissəsinin Təhsil Nazirliyi tərəfindən zəbt edilməsi nəticəsində əmlakıma Çıxarışın ala bilməməyim də əlavə problem yaradıb.
Təhsil Nazirliyi tərəfindən isə nə əmlakımın zəbt edilmiş hissəsi boşaldılıb mənə təhvil verilir, nə də əmlakımdan tam olaraq istifadə etməyimə şərait yaradılır.
Nazirliyin vəzifəli şəxslərinin məqsədi bu yolla əmlakımı dəyərindən də aşağı qiymətə məcburi şəkildə məndən satın almaqdır.
Bu qanunsuz hərəkət keçmiş təhsil naziri Misir Mərdanov tərəfindən törədilsə də hazırki Təhsil naziri Mikayıl Cabbarov hərəkətsizlik göstərməklə Misir Mərdanovun əməllərini təkrarlayır. Dəfələrlə Mikayıl Cabbarova rəhbərlik etdiyi təşkilat tərəfindən hüquqlarımın pozulmasının qarşısının alınmasını xahiş etsəm də, görünür, bu işdə maraqlı olan vəzifəli şəxslər məsələnin həllinə mane olur.
Görünür cənab Mikayıl Cabbarovun aşağı qurumlarına təsir mexanizmi yox dərəcəsindədir.
Göstərilənləri nəzərə alaraq qannunsuz olaraq əmlakımı dağıdaraq mənə küllü miqdarda qəsdən zərər vurmuş şəxslərin barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi üçün müvafiq Orqanlara göstərişlər verilməsini Sizdən xahiş edirəm.
Cənab Prezident!
Mənim artıq heç bir yolum qalmayıb, hadisələrin bu cür davam etməsi məni özünü öldürmə həddinə gətirib çıxarıb. Bu cür münasibət məni Prezident Aparatının qarşısında intihar etmək səviyəsinə gətirib.
Adamın imkanı olmayanda, onun yiyəsi sahibi olmayanda elə onun əmlakını əlindən alarlar?
Axi Siz prezident seçilərkən dediyiniz bir söz mənim diqqətimdə qalıb. Siz demişdiniz ki, mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacam.
Məhkəmədə Təhsil Nazirliyinin nümayəndəsinin özünü sərbəst və arxayın aparması, məndə belə bir əminlik yaradır ki, görünür Təhsil Naziri Mikayıl Cabbarovun əmlakım üzərində olan “güclü əli” Nərimanov rayon Məhkəməsinə də siraət edib.
Xahiş edirəm yaşadığım və Prezidenti olduğunuz Ölkəmdə mənim hüquqlarımın, o cümlədən əmlak hüquqlarımın qorunmasını təmin edəsiniz”.