Dövlət, qanunlarına verilən dəyərlərlə, onların icrasına yönələn addımların qətiliyi ilə güclü olur. Dövlət, onu təmsil edən orqanların onu qoruması, dövlətin və xalqın maraqları üzərində qurulan siyasətlə möhkəmlənir. Lakin, bunlar olmadıqda dövlət sarsılır, zəifləyir və onu rüşvət, korrupsiya, itaətsizlik yeyib parçalayır. Bu zaman xalqın da dövlətinə inamı sarsılır və nəticədə korrupsiyadan, özbaşınalıqdan güc alan bir rejim formalaşır.
Azerinews.tv xbər verir ki, Hurriyyet.org yazır: dövlətin maraqlarını qorumaq və onu vətəndaşları olaraq layiqli təmsil etmək yolunda işimizi qurur, dövlətimizə xəyanət edib, onun var-dövlətini talayanlara qarşı savaş açmışıq. Ümid edirik ki, həmişə olduğu kimi bu dəfəki yazılarımızda da xalqımız bizim onların sosial durumuna agır zərbələr vuran, dövlətinə xəyanət edib var-dövlətini talayanlara qarşı bizimlə eyni cəbhədə dayanacaq.
Sumqayıt şəhərində böyük cinayətkar şəbəkənin keçmişdə və bu gün dövlətə vurduğu milyonlarla manat ziyanın, şəbəkənin başında duranların kimliyi və kimlərə xidmət etdikləri barədə apardığımız araşdırmaları da ardıcıl olaraq diqqətinizə çatdıracağıq. İnanırıq ki, aidiyyatı qurumlar baş verənlərlə bağlı qanunun gücünü nümayiş etdirib, dövlətimizin çökəldilməsi və talanmasına xidmət edən şəbəkənin əməllərinə hüquqi qiymət verməkdə tərəddüd etməyəcək və məmurlarımız şəxsi maraqlarını dövlət maraqlarından ustün tutmayacaqlar.
Mənimsənilən milyonlar, aldadılan dövlət
Ötən yazımızda Sumqayıtda böyük market şəbəkəsinə və ticarət mərkəzlərinə rəhbərlik edən Vüqar Zeynalovun qanunsuz əməlləri və qaranlıq keçmişi ilə bağlı məlumat vermişdik. Bu şəxsin Sumqayıt şəhərinin mərkəzində onlarla obyektə sahib olması və bu obyektlərdə milyonlarla vəsaitin dövlətdən gizlədilməsi və mənimsənilməsi faktlarını araşdırmışıq. Təkcə hər ticarət mərkəzində 300-ə yaxın işçinin oması, lakin sənədlərdə və dövlət orqanlarına veilən hesabatlarda işçilərin sayının 15 nəfər göstərilməsi cinayət tərkibli əməllərdən biridir. Araşdırmalarımız nəticəsində məlum olur ki, Vüqar Qələndərov hər obyektə görə dövlətə ödədiyi vergini də çox az təşkil etməklə, 2 saylı ərazi Vergilər İdarəsini də öz qanunsuz əməllərinə şərik edib. Vüqarın “Əli-94”, “Göyçay ” Ticarət Mərkəzi, “Hiper” market, “Səda Store” ticarət mərkəzi, 17-ci mikrorayonda yerləşən “Ən Ucuz” ticarət mərkəzi və s. kimi marketlər şəbəkəsində ayda milyon manatlarla dövlət vergisi dövlətə ödənilmir. Bu şəxs aidiyyatı qurumların yerdəki nümayəndələrini ələ alaraq onlara mənimsədiyi və dövlətdən gizlətdiyi milyonlala vəsaitin çox az qismini rüşvət şəklində ödəməklə qanunsuz əməllərini sığortalamaqdadır. Lakin araşdırmalarımız və ortaya çıxan sənədlər Vüqar Qələndərovun cinayət tərkibli əməllərinin gizli qalmayacağına şübhə yeri qoymur. Biz Hurriyyet.org və “Hürriyyət” qəzeti olaraq adıçəilən ticarət obyektlərində illərlə qanunsuz yolla dövlətdən mənimsənilən vəsaitlərin dəyərini, rüşvət alıb cinayət tərkibli əməlləri hansı yollarla ört-basdır edilməsini, Vüqarın yaratdığı cinayətkar şəbəkənin daha hansı saxtakarlıqlarla kölgədə qalmağa cəhd etdiyini növbəti yazılarımızda tam çılpaqlığı ilə ifşa edəcəyik.
Bu yazımızda həmin şəxsin təxribatçı əməllərindən, insan üçün dəyərli sayılan varlıqları belə öz şəxsi maraqlarına qurban edərək, onları şəbəkəsinin qanunsuzluqlarına alət etməsindən bəhs edirik.
Ailə biznesi, yoxsa Vüqar Qələndərovun alətə çevirdiyi dəyər?
Vüqar Qələndərovun şəxsi keyfiyyətlərini araşdırmaq və ya onun şəxsi həyatına toxunub yazmaq bizim vəzifəmiz deyil. Biz daim insanların şəxsi həyatlarının toxunulmazlıq qaydalarına riayət eyməklə, ailə dəyərlərinə hörmətlə yanaşmışıq. Lakin bəzi şəxslərin ailələrinin adını dövlətə ziyan gətirən əməllərdə sənədləşdirməsi, onları öz şəxsi maraqlarına, çoxlu pul qazanmaq tamahının qurbanına çevirməsi ilə barışa bilmirik. Faktlara diqqət edək: Qələndərov Vüqar Rəsul oğlu. Həyat yoldaşının adına “Ən Ucuz” MMC təsis edib. Həyat yoldaşı ilə yanaşı, yaxın dostu və özünə məxsus “Hiper” ticarət mərkəzinin direktoru Nuruş Ələmdar oğlu Qarayevin həyat yoldaşı, eləcə də “Atabank”ın Sumqayıt filalının direktoru Kənan Zeynalovun həyat yoldaşını da təsisçilər siyahısına salıb. Adıçəkilən “Ən Ucuz” MMC-nin saxta sənədləşməsi əsasında “Hiper” Ticarət Mərkəzini Nuruş Qarayevə icarəyə verib. Lakin vergi ödəyicisi kimi tamam başqa şəxsin adı – Əsgərov Rövşən sənədlərdə qeyd olunur. Mərkəzin direktoru isə Nuruş Qarayevdir. “Hiper”lə bağlanan müqavilədə göstərilir ki,150 kv. metr ərazi icarəyə verilib. Lakin marketdə olduğumuz zaman və çəkdiyimiz fotolar, eləcə də işçilərin sayı təsdiq edir ki, ikimərtəbəli obyektin icarəyə verilən ərazisi 4000 kv. metrdir.
Üstəlik, sənədlərdə icarə haqqı yalançı rəqəmlərlə göstərilir. Biz bu ticarət obyektində dövlətə vurulan milyonlarla ziyanın və dövlət vəsaitinin hansı yollarla mənimsənildiyini növbəti yazımızda geniş və sənədlərin dili ilə açıqlayacağıq. İndi bizi dəhşətə gətirən fakt Vüqar Qələndərovun ailəsinin adını saxta sənmədləşmələrdə hallandırması və həyat yoldaşının imzası ilə cinayət tərkibli əməlləri törətməsidir. Bizim cəmiyyətimizdə ailə dəyərləri ən ali dəyərlər sırasındadır. Vüqarın həyat yoldaşını saxta sənədlərə imza atdırması və digər dost dediyi şəxslərin həyat yoldaşlarını qannunsuz əməllərinə alət etməsi ümdə dəyərlərə belə sayğısızlıqdır. Şəxsi maraqların nə olmasından və ya nə qədər qazanc gətirməsindən asılı olmayaraq, biz vətəndaş olaraq Vüqar Qələndərovu bu etdiklərinə görə kəskin qınayırıq. Ümid edirik ki, bu şəxs özünün dəyər vermədiyi və qanusuz əməllərinə şərik etdiyi insanların adlarının saxta sənədlərdə yazılmasına son qoyacaq. Bir gün Vüqar Qələndərov qanunun sərt üzünü görəndə və “Dövlət baba” ondan çaldığı pulları geri istəyəndə bu şəxsin və digər dostlarının uşaqlarının anası əziyyət çəkməməsi üçün dediyimiz tövsiyyə vacib şərtə çevrilir.
Vüqar Qələndərov Zakir Qaralovu şantaj edib
Sumqayıtda cinayətkar şəbəkə yaradan Qələndərov Vüqar Rəsul oğlu dövlətə milyonlarla ziyan vurmasına baxmayaraq, cəzasız qalması diqqətimizi çəkdi. “Bu şəxsin əməllərinə, özbaşınalığına niyə göz yumulur?” – kimi suallarla araşdırdığımız mövzuda cinayət tərkibli əməllərinin dövlət quqrumları tərəfindən himayə edilməsi bizi də narahat etdi. Vüqarın Sumqayıtın keçmiş prokuroru Dağlar Zeynalovla yaxın münasibəti də göstərir ki, şəhərdə ən böyük market şəbəkəsinə rəhbərlik edən şəxs, bu şəbəkədə dövlətdən yayındırılan milyonlarla vəsaitlə prokurorları da ələ ala bilib. Hətta Vüqar Qələndərov Dağlar Zeynalovun tapşırığı ilə Respublikanın baş prokuroru Zakir Qaralovu da şantaj etmək üçün özünə yaxın mediaya sifarişlərini verib. Baş prokuroru müxtəlif vasitələrlə şantaj edib, onun yerinə Dağlar Zeynalovun keçidinə yollar axtaran iki dost çox keçmir ki, baş prokurorun verdiyi qərərla istəklərinin yaımçıq qaldığının şahidi olurlar. Belə ki, Dağlar Zeynalov Sumqayıt şəhər prokuroru vəzifəsindən azad edilir. Nəticədə Vüqar Qələndərovun “baş prokuror Dağlar Zeynalov olacaq” arzusu gözündə qalır.
Sumqayıtın “Tanınmış sahibkar”ı tez-tez məclislərdə işlətdiyi “Zakir Qaralov Dağlar müəllimdən qorxur. Bizim böyük qardaşımız Ziya Məmmədovdur” –kimi ifadələri hələ də sumqayıtlılar eşıtməkdədir.
Vüqar Qələndərov: “Mən Zakir Fərəcova 500 min manat vermişəm ”
Maraqlı faktlardan biri də Zakir Fərəcov Sumqayıt şəhərinə icra başçısı təyin olunandan sonra, onun Vüqar Qələndərova məxsus və yenidən tikilməkdə olan “Göyçay” ticarət mərkəzinin tikintisini dayandırılması ilə bağlı verdiyi qərar idi. Xatırladım ki, “Göyçay” ticarət mərkəzi bir mərtəbədən ibarət böyük əraziyə malik obyekt idi. Vüqar sabiq icra başçısı və dostu Eldar Əzizovun razılığını alaraq həmin ticarət mərkəzinin bazasında 4 mərtəbəli obyekt tikməyə başlayıb. Lakin Zakir Fərəcovun təyinatı “tanınmış sahibkar”ın istəyinin reallaşmasına mane olub. Bir neçə ay keçəndən sonra Vüqar Qələndərov tikintini davam etdirmək haqqında razılıq alıb. Həmin razılıq alınan gün dostları ilə məclis quran Vüqar Qələndərov “Mən bu kurd icra başçısına bir obyektə görə 500 min manat verdim. O pulu ona halal etmirəm” - deyərək Zakir Fərəcova olan nifrətini gizlətməmişdi. Hazırda da hamını dövlətdən mənimsədiyi milyonlarla susdurmağa nail olan “Tanınmış sahibkar” öz qanunsuz əməllərini daha da genişləndirməkdədir.
Vergilər Nazirliyi deyir...
Bir neçə gün öncə Vergilər Nazirliyinin müavini Sahib Ələkbərov şəhər və rayonlarda market şəbəkəsinə rəhbərlik edən şəxslərin dövlət vergilərini doğru ödəmədiklərini, dövlət vəsaitlərini mənimsədiklərini, işçilərin sayını belə rəsmi qurumlardan gizlətdiklərini qeyd etdi. Ümid edirik ki, Sahib müəllim, eləcə də Vergilər naziri cənab Fazil Məmmədov və digər aidiyyatı qurumlar bu və novbəti yazılarımızda gedən faktlara biganə qalmayacaqlar. Onlar Vüqar Qələndərov kimilərinin dövlətdən oğurladıqlar milyonlarla vəsaitin mənimsənilməsinin qarşısını qanunun ən sərt üzü ilə alacaqlar. Biz “Hurriyyət” olaraq növbəti yazılarımızda dərc edəcəyimiz faktları rəsmi qaydada adıçəkilən qurumlara təqdim etməyə hazırıq.
İkram Rafiqoğlu
P.S.Mövzu ilə bağlı araşdırmamız davam edir