“Bəylər Əyyubovla da bir neçə dəfə telefon söhbətim oldu”

22-05-2016, 09:28   
“Bəylər Əyyubovla da bir neçə dəfə telefon söhbətim oldu”


Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu Moderator.az-ın suallarını cavablandırıb.

- Eldar müəllim, oğlunuz Rüfətin işi ilə əlaqədar çoxdandır səsiniz gəlmir. Səbəb nədir, bəlkə bizim bilmədiyimiz bir şeylər var?

- Düzünü desəm, maraqlı və təzə bir şey yoxdur, ona görə də camaatın başını yormağa ehtiyac görmürəm. Görək, nəticə necə olur. İstintaqı daha üç ay uzatdılar. Muddət avqust ayında bitəcək. Bundan sonra hansı ölçülərin götürüləcəyi, sözün doğrusu, mənim üçün qeyri-müəyyəndir. Lakin bir məsələ aydındır ki, ötən dörd ay “rüşvətxor”, “korrupsioner” müstəntiqin “cinayət”ini tamamlamağa kifayət etmədi. Ona görə də vaxtı təkrar uzatdılar. Səbr etməkdən özgə çarəmiz yoxdur.

- Belə məlumatlar var ki, yaxın günlərdə yeni şahidlərin istintaqa cəlb olunması gözlənilir. Bu haqda sizdə bir xəbər varmı?

- Bir şey eşitməmişəm, lakin mümkün haldır. İşi bir qədər də ağırlaşdırmaqdan ötrü əlavə adamların üzə dayandırılmamasına heç bir zəmanət yoxdur. Bu, onlar üçün çətin deyildir. Rüfətin üzünə necə haqsız və ədalətsiz qaydada dörd vəzifəli şəxsi qoydularsa, eləcə də başqalarını cəlb edə bilərlər. Avqust ayına qədər hər şey aydınlaşacaq.

- Oğlunuza görə şəxsən sizə təziqlər oldumu?

- Xeyr, belə bir şeyi hiss etmədim. Əksinə, mənimlə çox normal davrandılar. Baş idarədə Kamran Əliyev və Əli Nağıyevlə görüşərkən də onlardan mənfi münasibət duymadım, hörmətlə yanaşdılar. Bir məsələni də gizli saxlamaq istəmirəm. Rüfətlə bağlı Bəylər Əyyubovla da bir neçə dəfə telefon söhbətim oldu. Ondan da yalnız qayğıkeş münasibət gördüm. Ona görə də gileylənməyə, şikayət etməyə bir əsasım yoxdur. Rüfətin barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəzlənməsinə dair prezident İlham Əliyevin göstərdiyi diqqəti xüsusilə yüksək qiymətləndirirəm. Hərdən Rüfətlə evdə zarafat edəndə deyirəm ki, “oğlum, yaxşı qurtardın, verdiklərin bəyanat, yazı və açıqlamaların müqabilində...” Sadəcə, Baş Prokurorluq başqa birisinin bu məsələdə münasibətini kənara atmadığına görə bu cür sərt yolu seçdi. Özlərinə qalsa idi, onlar da bu pisliyi mənə göstərməzdilər. Əsas pislik nümayiş etdirənin kimliyi haqda xeyli danışmışam, cəmiyyət bunu bilir. Həmin şəxs oğlumdan mənim iniqamımı aldı, çünki əlinə yaxşı girəvə düşmüşdü, buraxa bilməzdi...

-Eldar müəllim, Rüfəti yenidən həbsə ata bilərlərmi?

-İstəsələr günü sabah onu Kürdəxanıya yola sala bilərlər. Hər şey istintaqın və “əlahəzrət” sifarişin ixtiyarındadır. Hələlik, asılı vəziyyətdə saxlamağa üstünlük verirlər. Baxaq görək, sonu nə ilə qurtaraqcaq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar