Ekspert maliyyə nazirinin yalanlarını faktlarla ifşa etdi
Nemət Əliyev: «Sosial layihələrin ixtisara salınmadığı ilə bağlı fikirlər ictimaiyyəti aldatmaq məqsədi güdür»
Hakimiyyətin son zamanlar istinad etdiyi arqumentlərdən biri də budur ki, maliyyə böhranına baxmayaraq iqtidar heç bir sosial layihəni ixtisara salmayıb. Maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2015-ci ilin ortalarından etibarən dövlət büdcəsinin xərcləri ilə bağlı qənaətə başlanılıb: “Ötən il sosial xərclərin icra edilməsinə üstünlük verilib.
Ötən il yalnız lüzumsuz xərclər üzrə qənaət edilib.ÿ2015-ci ildə ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasəti davam etdirilib. 2015-ci il dövlət büdcəsinin xərcləri 21 mlrd. 100 mln. manat proqnoza qarşı 17 mlrd. 784,5 mln. manat və ya 84,3% icra edilib”.
Eyni tezisləri çıxışı zamanı dövlət başçısı Ilham Əliyev də istifadə edir. Amma hökumətin hançı lüzumsuz layihələri dayandırdığı və iqtisadi çətinliklərə baxmayaraq hansıları davam etdirdiyi məlum deyil.
Təkcə bir məqamı qeyd etmək kifayətdir ki, yalnız 2016-cı il ərzində 2 ipoteka layihəsi verilib.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, son illər real gerçəklik baxımından hökumət o qədər ciddi sosial layihələr həyata keçirməyib. Milyardlarla neft dollarlarının ölkəyə daxil olması fonunda həyata keçirilən sosial proqramların miqyasının çox kiçik olduğunu deyən N.Əliyev vurğuladı ki, ola bilsin ki, miqyasın kiçikliyi baxımından ölkə rəsmilərində yanlış düşüncə yaranıb: “Ola bilsin ki, hökumət sosial layihələrin heç biri dayandırılmayıb deyəndə, pensiyaları, müavinətləri, sosial ödənişlərin verilən hissəsini nəzərdə tutur. Amma indinin özündə qeyri-neft sektorunun vəziyyəti elədir ki, sabah bu müavinətlərin verilməsində də problemlərin yaşana biləcəyi istisna deyil. Amma ipoteka proqramı elan edilirdi və dövlətin büdcəsindən bu istiqamətdə maliyyə vəsaitləri ayrılırdı. Indi gəlin görək həmin ipoteka layihələri ilə mənzilə tələbatı olanların ehtiyaclarını ödəmək mümkün oldumu. Burada əsas məqsəd aylıq minimal ödəniş yolu ilə mənzilə ehtiyacı olanların ipoteka kreditləri ilə təmin olunmasından gedir. Bu sahədəki problemlər nəinki kiçilməyib. Əksinə problemlərin miqyası daha da böyüyüb”.
N.Əliyevin fikrincə, belə olan halda necə iddia etmək olar ki, sosial proqramların icrasında heç bir dəyişiklik olmayıb. Bundan başqa Neft Fondu hesabına xaricdə təhsil proqramını xatırladan N.Əliyev vurğuladı ki, həmin təhsil proqrammı da ixtisara salınıb: “Xaricdə təhsilin keyfiyyətləri baxımından yanaşsaq həyata keçirilən bu proqramm müsbət təşəbbüs idi. Amma onu da ixtisara salıblar. Yaxud da ciddi infrastruktur layihələrinin icrası faktiki olaraq dayanıb. Bu baxımdan rəsmilərin sosial layihələrin ixtisara salınmadığı ilə bağlı söylədiyi fikirlər sadəcə olaraq ictimaiyyəti aldatmaq məqsədi güdür və real gerçəkliklə əlaqəsi yoxdur”.