Ya YAP-çı məmurlar Əliyevi eşitmir, ya da müşavirədəki vədlər cəmiyyəti aldatmaq üçündür

26-05-2016, 09:29   


Hesablama Palatasının üzə çıxardığı faktlar hakimiyyəti necə ifşa edir?

Artıq elə bir vəziyyət yaranıb ki, ölkədəki korrupsiya, məmur özbaşınalığı, qanunsuzluq rəsmi məlumatlarda da təsdiqini tapır. Nə qədər gizlətməyə çalışsalar da yaratdıqları eybəcərlikləri ört-basdır edə bilmirlər. Təkcə Hesablama Palatasının hesabatlarına baxmaq kifayət edir ki, bütün strukturların korrupsiyaya bulaşdığı aydın görünsün. Məsələn, Hesablama Palatasının müxtəlif dövlət qurumlarında apardığı audit zamanı satınalmalar sahəsində ciddi nöqsanlar aşkar olunub. Məlum olub ki, malların satın alınması zamanı tenderlərin 14 faizi açıq keçirilib, 1 faizi katirovka, 3 faizi təkliflər sorğusu, 77.8 faizi bir mənbədən satınalma yolu ilə baş tutub.

Göründüyü kimi satınalmaların 78 faizi eyni mənbə ilə bağldır. Deməli, tenderlər əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilir və əvvəlcədən müəyyən olunmuş şirkətlər “qalib” gəlir. Dəfələrlə şahidi olmuşuq ki, dəyəri milyonlarla ölçülən dövlət əmlakları cüzi qiymətlərlə satışa çıxarılır. Məsələ burasındadır ki, iri məmurlar, nazirlər müxtəlif adlar altında şirkətlər yaradıblar və bu vasitəylə dövlət əmlaklarını ələ keçirirlər, tenderlərdə qalib olurlar. Yəni, dövlət satınlamları, tenderlər də monopoliyaya alınıb və kənar şəxslərin qalib gəlməsi mümkünsüzdür.

Bildiyiniz kimi ölkə başçısı Ilham Əliyev bütün müşavirələrdə günahkarların, natəmiz adamların, harın məmurların, vəzifədən sui-istifadə edənlərin cəzalanacağını vəd edir, bu adamlara barmaq silkələyir. Bu da heç kimə sirr deyil kiçik, orta, böyük məmurlar YAP biletini daşıyan adamlardı. Yəni, səlahiyyət sahibləri, vəzifədən sui istifadə edənlər, harınlayanlar hakim partiyanın üzvləridir. Amma bu qədər faktların ortaya çıxmasına baxmayaraq, əsl günahkarların cəzalanmasını müşahidə etmirik. Bu faktları müxalifət, beynəlxalq təşkilatlar ortaya çıxarmayıb. Bütün bunlar Hesablama Palatasının üzə çıxardığı faktlardı və satınalmalar vasitəsilə iri məmurların milyonlar qazandığının sübutudur. Bu şirkətlərin kimlərə məxsusluğunu, hansı əmlakın hansı qiymətə satıldığını müəyyən etmək çətin məsələ deyil. Təkcə Hesablama Palatasının hesabatlarına istinad edərək xeyli natəmiz, korrupsioner məmuru cəzalandırmaq olar.

Hesablama Palatasının üzə çıxardığı faktlar arasında icra hakimiyyətlərində dövlət qulluqçusu olmayanların əmək haqqı alması, səhiyyə müəssisələrində vəzifə maaşlarının qanunsuz artırılması, AMEA-da işçilərə əlavə əmək haqqı verilməsi, məktəblərdə olmayan sahə və kabinet rəhbərlərinə maaş yazılması halları da var.

Bəli, rəsmi şəkildə etiraf olunur ki, hakimiyyətin yarıtmaz siyasəti nəticəsində bütün strukturlar çirkaba bulanıb. Ölkənin bütün ərazilərində eyni hadisələr cərəyan edir. Təhsil müəssisəsi, səhiyyə müəssisəsi, icra hakimiyyətləri və digər strukturlarda rejimin mahiyyəti aşkar görünür. Bütün sahələrdə toplanan çirkli pullar yuxarıya ötürülür və bu yazılmamış qanundur.

Bir sözlə, Ilham Əliyev həqiqətən də natəmizlərin izinə düşmək, korrupsionerləri cəzalandırmaq istəyirsə, rəsmi hesabatlara istinad edə bilər. Ya YAP-çı məmurlar Əliyevi eşitmir, ya da müşavirədəki vədlər cəmiyyəti aldatmaq üçündür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar