İyunun 2-də Beynəlxalq Bank işi üzrə həbs olunanlardan 10-12 nəfərin, o cümlədən Cahangir Hacıyevin azadlığa buraxılacağı gözlənilir; bir qisminin işi isə ağırlaşdırılır
İstintaq Beynəlxalq Bank işi üzrə həbs edilmiş sahibkarların və oliqarxların bəzilərinə əlavə maddələr üzrə ittiham elan etməyə hazırlaşır.
Virtualaz.org bu barədə istintaqa yaxın mənbələrdən məlumat əldə edib. Mənbənin bildirdiyinə görə, həbs edilənlərin bir qisminə yeni ittihamların irəli sürülməsi onunla bağlıdır ki, həmin şəxslərin ilkin istintaq müddətində həbsdə saxlanılması üçün müəyyən edilmiş vaxt limiti bitir. “Belə olan halda istintaq ya işi məhkəməyə göndərməli, ya əlavə ittihamlar irəli sürüb istintaq müddətini uzatmalıdır. Görünür, ikinci taktikanı seçiblər” deyə, mənbə bildirib.
Gözlənilir ki, “kredit oliqarxları”ına qarşı ağırlaşdırıcı maddələr irəli sürüləcək. Mənbə onu da bildirib ki, iyunun 2-də Beynəlxalq Bank işi üzrə həbs olunanlardan 10-12 nəfərinin azadlığa buraxılacağı gözlənilir. Çünki onların istintaq müddəti bitib, irəli sürülən ittihamlar isə sübuta yetirilməyib. Lakin mənbə azadlığa buraxılacaq şəxslərin kimliklərini açıqlamayıb.
Beynəlxalq Bankdan milyardlarla manat kreditin götürülməsi və geri qayıtmaması işi üzrə istintaqı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Bu günlərdə istintaqın bir ili tamam olub. İş üzrə fiqurantlar arasında oliqarxlar Nizami Piriyev, Hacı İbrahim Nehrəmli, keçmiş deputat Dünyamin Xəlilov, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev, “qara polkovnik” kimi tanınan mərhum polis polkovniki Fətulla Hüseynovun oğlu Adil Hüseynov və digərləri var.
Həbs olunanların barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə istintaq aparılırdı.
Lakin istintaq zamanı müəyyən olunub ki, qayıtmayan kreditlərin əksəriyyətinin girov təminatı olub. Girov qismində isə kredit hesabına açılan müəssisələr, inşa edilən daşınmaz əmlak göstərilib. Nəticədə iş üzrə adı keçənlərə qarşı irəli sürülən “dələduzluq” ittihamını sübuta yetirmək çətinləşib. Bu səbəbdən cinayət işləri baxılmaq üçün məhkəməyə göndərilmir. İstisna deyil ki, onlara qarşı “mənimsə” ittihamı irəli sürüləcək.
“Kredit oliraxları işi”ndə şübhəsiz ki, açar fiqur Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevdir. Ötən ilin dekabrında həbs edilən C.Hacıyev məhkəmə ərəfəsi vəkili vasitəsilə çox ciddi açıqlamalar verib.
C.Hacıyevin vəkili deyib ki, sabiq bankir 42 milyon manat mənimsəməkdə ittiham olunur. Bu vəsait bankın səhmlərini almaqdan ötrü istifadə olunub və ondan bu ziyanı ödəməyi tələb ediblər. C.Hacıyev isə Beynəlxalq Bankın 80 milyon manat məbləğində səhmlərini qaytarıb: “Həm də bu, təkcə onun deyil, ailə üzvlərinin və digər qohumlarının da səhmləri idi. Qaytarılmış səhmlərin məbləği ona qarşı irəli sürülmüş iddialardan 2 dəfə çoxdur. İstintaqla razılaşmaya əsasən, səhmlər qaytarıldıqdan sonra Hacıyevə qarşı iddialar ləğv edilməli idi, amma belə bir şey baş verməyib”.
Vəkil deyib ki, müvəkkilindən alınan 42 milyondan çox olan səhm hesabına bəzi şəxslərin kredit borclarını ödəyib. Qalan səhmlərin harada olduğu məlum deyil. C.Hacıyevin ittiham olunduğu 308-ci (mənimsəmə) maddəyə gəlincə isə vəkil deyib ki, burada ittiham Beynəlxalq Bankın kreditlərinin fiziki şəxslərə verilməsi üzərində qurulub. Lakin C.Hacıyev bu ittihama etiraz edir. Bildirir ki, kreditləri şəxsən o deyil, bankın filialları verib. Vəsait ayrılması məsələsini Kredit Komitəsi həll edib: “Müştərim niyə həbs edildiyini başa düşmür. O, istintaqdan gizlənməyib, bütün dindirmələrə gəlirdi və ondan tələb olunan hər şeyi yerinə yetirib. Bunu etdikdə isə onu həbs ediblər. Onu 42 milyon mənimsəməkdə ittiham edirdilərsə, o da 80 milyon qaytarıbsa, hansı mənimsəmədən söhbət gedir? Kim-kimin vəsaitini mənimsəyib?”
Vəkilin iddiasına görə, Cahangir Hacıyev vəsait qaytarıldıqdan sonra ona qarşı bu qədər sərt münasibəti “başa düşmədiyini” də açıqlayıb. Vəkilin sözlərindən bəlli olub ki, istintaq zamanı C.Hacıyev Beynəlxalq Bankdan kredit alan şəxslərin konkret adlarını açıqlayıb. Lakin həmin şəxslərdən heç kim istintaqa çağırılmayıb. Vəkil bildirib ki, mənimsəmədən söhbət gedə bilməz.
Son günlər Cahangir Hacıyevin səhhətinin pisləşməsi barədə xəbərlər yenidən artıb. Cahangir Hacıyevdə ürək-damar (aorta) genişlənməsi, fəqərələrarası yırtıqlar və yüksək qan təzyiqi var. “Yeni Müsavat” bir müddət əvvəldə yazmışdı ki, C.Hacıyevi “xəstəliyi ilə əlaqədar” ev dustaqlığına buraxılması gözlənilir. Prinsip etibarilə vəkilinin dediyi kimi, C.Hacıyev “borcunu artıqlaması ilə ödəyib”. Amma istisna deyil ki, hakimiyyətdəki bəzi qruplaşmalar “vurulmuş” MTN şefi Eldar Mahmudovun qudası olan Cahangir Hacıyevin azad edilməsinin əleyhinə olsunlar. Hər halda gələn həftə bütün bu suallara aydınlıq gələ bilər.