Qiyamçılarla birləşən siyasi müxalifət tezliklə demokratik hakimiyyəti süquta uğrada bildi
Əziz oxucu! Silsilə yazılarla 23 il bundan öncə baş verən hadisələrə, 4 iyun qiyamına, Elçibəy hökumətinin devrilməsi ilə nəticələnən hadisələrə işıq salmağa çalışacayıq. 23 il əvvəl Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə qarşı həyata keçirilən, Milli Qvardiyanın ondan artıq əsgərinin qətlə yetirilməsi və hakimiyyətin devrilməsi ilə nəticələnən hərbi qiyamla bağlı suallar illər keçsə də cavabını axtarır. 4 iyun qiyamının kökündə nələr dayanırdı? Bu qiyamın əsas iştirakçıları və mənfəətçiləri kim oldu? 24saat.org olaraq silsilə yazılarımızda bu suallara cavab axtaracayıq.
Əbülfəz Elçibəyin komandasına qarşı başlanan cinayət işinin materiallarında Surət Hüseynovun əməllərilə bağlı kifayət qədər faktlar olsa da, istintaq onu bircə dəfə də dindirməyi lazım bilməyib. Halbuki, Surət Hüseynov Ali Baş Komandanın əmrinə itaətsizlik göstərib, qanunsuz hərbi birləşmə yaradıb, ona rəhbərlik edib, silahlı qüvvələrin dövlətə qarşı müqavimətini təşkil edib və s.
4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – I YAZI:Elçibəyi devirmək üçün məxfi sənəd
Silahlar işə düşür
709-cu hərbi hissəni tərk-silah etməyə gələn Isa Sadıqovun ölümcül döyülüb əsir götürüməsindən sonra Surətin dəstəsi 130 saylı hərbi hissəni atəşə tutur. Orada tərk-silah üçün gələn hərbçilər vardı. Bu hərbi hissəyə qarşı qarşı hətta minaatanlardan da istifadə olunur. Surətin adamları hərbi qanunlara xəyanət edərək 130 saylı hərbi hissədəki hospital belə, gülləbaran edir.
İstintaq materiallarından görünür ki, 130 saylı hərbi hissəyə mülki geyimli şəxslər də hücum edib. Bundan sonra orada olan hərbçilər tərk-silah edilib, həbs olunaraq “709″un kazarmalarına salınıblar.
Uğursuzluq
1 iyunda MTN-də qərar qəbul edilir və 4 iyunda MTN-nin Operativ Tədbirlər Dəstəsinin komandiri E.Məmmədova Surət Hüseynov və onun qanunsuz dəstəsini tutmaq üçün əməliyyat tədbiri keçirmək tapşırılır. Verilən əmrin əksinə olaraq, 4 iyun 1993-cü ildə Operativ Tədbirlər Dəstəsi əməliyyat qrupuna Surət Hüseynovun evinin yaxınlığında postlar qurub, qanunsuz silah gəzdirən şəxsləri tərk-silah etmək və bu məqsədlə avtomobilləri yoxlamaq tapşırığı verir. Həmin vaxt Surət Hüseynovun evinin qarşısına hərbi paltarda olan silahlı şəxslərlə dolu iki yük maşını gəlir. Bundan bir saat sonra Surət Hüseynov “Niva” markalı avtomobili ilə qoyulan postların yanından ötüb keçir. Az sonra əməliyyat qrupuna Surətin evi önündəki adamları tərk-silah etmək barədə əmr gəlir. Əmr icra edilərkən Surətin dəstəsi dövlət qüvvələrinə müqavimət göstərir, atəş açılır və burda MTN-in Operativ Tədbirlər Dəstəsinin əməkdaşı Z.Nəzərov öldürülür, bir neçə nəfər ağır yaralanır. Təsadüfi deyil ki, istintaq dövləti cinayət etmiş bu şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməyib, hətta onların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün addım atmayıb. Beləliklə, cinayətin izinin itməsinə yardım göstərilib.
4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – II YAZI: Elçibəy onu devirənlər barədə
Bu adlara diqqət!
Silahlar işə düşəndən sonra Surət Hüseynov və onun dəstəsi daha ciddi həmlələrə başlayır. Onlar respublikanın mərkəzi dövlət hakimiyyətini ələ almaq məqsədilə silahlı hərəkətlərə qərar verirlər. Bunun üçün 23-cü diviziyanın qərargahında əvvəlcə Gəncə şəhərini ələ keçirmək məqsədilə Surət Hüseynov, Ruslan Rzayev (“Zobik” ləqəbli), Əli Ömərov, Hacı Vaqif (“Daşkənd Vaqif” ləqəbli) Gəncənin axundu (ad və soyadı istintaq sənədlərində yoxdur), Şadman Hüseynov plan qurur. Plana uyğun olaraq, şəhərəin icra, hüquq-mühafizə və təhlükəsizlik orqanlarına hücum başlayır. Şəhərin küçələrinə qoyulan polis postları belə, hücuma məruz qalır, onları tərk-silah edirlər, döyüb işgəncə verirlər.
Baş prokurorun girov götürülməsi
Qiyamın baş verdiyi gün Gəncə şəhərinin polis əməkdaşlarının böyük əksəriyyətinin öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırıb, ictimai asayişi Bakıdan və respublikanın başqa yerlərindən ora ezam olunan polislərin öhdəsinə buraxmaları da faktdır. Bunun nəticəsi olaraq, bir neçə saat ərzində Gəncədə polis postlarını ləğv edən silahlı qruplaşma Gəncə şəhər Icra Hakimiyyətinin binasını ələ keçirəndən sonra tank, “qrad” qurğusu, qumbaraatan, pulemyot və avtomatla silahlanmış 200 nəfər Zobikin başçılığı altında MTN-in Gəncə şöbəsinə hücum edir. Bina gülləbaran edilir, şərt qoyulur: binadakılar silahlarını təhvil verməli, buradakı baş prokuror İxtiyar Şirinov və milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbərov onlarla hərbi hissəyə getməlidir. Əks halda, “qrad” qurğuları işə düşəcək. Atışma davam edərsə, yaranacaq böyük fəlakətin qarşısını almaq üçün dövlət məmurları qiyamçıların qanunsuz tələbilə razılaşmalı olur.
Bu ləkəni silmək mümkün olmayacaq
MTN-in Operativ Tədbirlər Dəstəsinin döyüşçülərinin Gəncəni tərk eləməsi də razılaşmaya daxil edilir. Həmin vaxt Sülhəddin Əkbərov hərbi hissəyə aparılır, İxtiyar Şirinov isə vəziyyəti öyrənmək üçün artıq qiyamçıların nəzarətinə keçən polis idarəsinə…
Surətin adamları razılaşmanı pozmaq üçün səbr göstərmirlər. Bakıya dönmək istəyən birinci avtobusdakı hərbçilər saxlanılaraq, silahları alınır və həbs olunurlar. Ikinci avtobusdakılara qarşı baş verənlər isə namərdliyin anatomiyasıdır. Ikinci avtobus artıq Surətin nəzarətində olan hərbi hissənin yanından keçəndə atəşə tutulur, 10 dəqiqəlik gülləbaran avtobusu dayandırır. Qiyamçılar avtobusa girib həlak olanların və yararlananların silahlarını, zirehli köynəklərini, ciblərindəki pulları, sənədləri götürür, yerə düşürdükləri yaralıları, o cümlədən Tahir Məmmədovu, Elşən Cəbiyevi, Namiq Ələkbərovu, Azad Mehdiyevi, Firdovsi Hüseynovu və başqalarını yaxın məsafədən atəş açıb öldürürlər. Onların daha da azğınlaşmasının qarşısını Gəncənin bir qrup dinc sakini alır.
O dövrün baş prokuroru Ixtiyar Şirinovun vəsatətinə görə, baş verən bu qətliam təsadüfi atışma-filan olmayıb, Surət Hüseynovla Əli Ömərovun qabaqcadan düşündüyü cinayət əməlidir.
4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – Gəncə qiyamı: 23 il əvvəlki çevrilişə sənədlərlə baxış – III YAZI
Şayiənin gücü
MTN-nin “fəht”indən ilhamlanan qiyamçılar Surət Hüseynov və Əli Ömərovun göstərişilə artıq saat 16-17 radələrində şəhərin demək olar ki, bütün hakimiyyət və hüquq-mühafizə orqanlarını ələ keçirib, ora öz adamlarını rəhbər təyin edirlər.
“Qiyamın ilk günlərində Surət Hüseynovun təşkilatçılığı ilə Gəncə şəhərində mərkəzi hakimiyyətin silahlı yolla devrilməsi, ona itaətsizlik göstərilməsi məqsədilə açıq çağırışlar başlamışdı. Qiyamçılar baş verən hadisənin mahiyyətini gizlədib, Surəti və onun cinayətkar dəstəsini zərərçəkən kimi göstərib, 709 saylı hərbi hissənin şəxsi heyətindən və mülki əhalidən 69 nəfərin həlak olduğu, 200 nəfərə qədər hərbçinin isə yaralandığı haqqında yalan məlumatlar yaymaqla baş verənlərə görə hakimiyyətin günahkar olduğunu iddia edirdilər. Bu məqsədlə onlar Gəncə telekanalından, şəhər qəzetlərindən, ayrı-ayrı müraciət formalarından istifadə edirdilər. Bu işdə Surətlə yanaşı, xalq deputatları Əli Ömərov və Şadman Hüseynov da fəal iştirak edirdilər”, – deyə Ixtiyar Şirinov vəsatətində yazır.
4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – “Elçibəy qardaşın-qardaşa güllə atmasını istəmirdi” – IV YAZI
Daha bir əmrdən imtina
4 iyunda təxminən saat 10-da qiyamı yatırmaq üçün müdafiə naziri Dadaş Rzayev və Baş Qərargah rəisi Nəcməddin Sadıqov tədbirlər görməyə başlayır. Iş materiallarından görünür ki, həmin gün saat 12 radələrində hərbi hava limanında döyüş hazırlığı vəziyyətinə gətirilən 4 vertolyot eskadrilyasına cinayətkar birləşmənin qərargahını, canlı qüvvəsini atəşə tutmaq əmri verilib. Lakin vertolyot eskadrilyasının komandirləri Gəncənin mərkəzində əhalinin sıxlığını nəzərə alaraq, əmrdən imtina ediblər.
Iyunun 5-də Gəncə hava limanına silahlı hücum başlanır. Hava limanı “qrad”dan atəşə tutulur. Ölən və yararlananlar olur, dövlətə milyonlarla ziyan vurulur. Bundan sonra Gəncə ətrafındakı hərbi hissələrin ələ keçirilməsi prosesi başlanır. Üzü Goranboy istiqamətində bir neçə hərbi hissəni qiyamçılar tutur və oradakı hərbiçiləri əsir götürür.
4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – V YAZI: Gəncə Qiyamına gedən yol
Elçibəyin humanistliyi və onun dəyərləndirilməməsi
Prezident Elçibəy qan tökülməsinin qarşısını almaq, problemi danışıqlar yolu ilə həll etmək üçün 5 iyun 1993-cü il saat 23.00-dan Gəncə ətrafında yerləşdirilən bütün hərbi birləşmələrin hərəkətinin dayandırılması barədə əmr verir. Bu məqsədlə Prezidentin təklifilə Milli Məclis 9 iyun 1993-cü il tarixli qərarı ilə qiyamçıların 4-10 iyunda törətdikləri cinayətlərə görə onları məsuliyyətdən azad edən amnistiya aktı qəbul edir. Qarşısına mərkəzi hakimiyyəti silahla devirmək məqsədi qoyan Surət Hüseynov və onun dəstəsi bu humanist addımı qiymətləndirmir, şəhər və rayonlardakı qanuni icra hakimiyyəti orqanlarını silahla devirərək, ağır zirehli texnika, raket qurğuları və çoxsaylı şəxslərdən ibarət qiyamçıları Bakıya istiqamətləndirir. Beləliklə, qiyamçılarla birləşən siyasi müxalifət tezliklə demokratik hakimiyyəti süquta uğrada bilir. Qiyamdan Surətin qazandığı isə Heydər Əliyevdən baş nazirlik vəzifəsi əldə etmək olur…
24saat.org