MTN-in həbsdə olan generalının tibb məntəqəsinə yerləşdirilməsinin səbəbi barədə ilginc iddia
MTN-in generalı Akif Çovdarovun 1 saylı Bakı Istintaq Təcridxanasının tibb məntəqəsinə yerləşdirilməsi müəyyən anlaşmanın nəticəsidir. Bu barədə redaaksiyamıza məlumat verən mötəbər mənbənin sözlərinə görə, Akif Çovdarov artıq 2 həftədən çoxdur ki, tibb məntəqəsindədir. “Akif Çovdarovun səhhətində ciddi problem varsa, o, mütləq Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməlidir.
Onun özü istəməsə belə. Amma belə görünür ki, onun səhhətində elə də ciddi problem olmayıb. Bu halda isə o, 2 həftədən artıq tibb məntəqəsində saxlanılmamalı idi”,- deyə mənbə iddia edib.
Qeyd edək ki, Akif Çovdarovun səhhətinin pisləşməsi və 1 saylı Bakı Istintaq Təcridxanasının tibbi məntəqəsinə yerləşdirilməsi barədə məlumat mayın 20-də yayılıb.
Həmin məlumatda deyilirdi ki, Akif Çovdarovun səhhətində qəfil problem yaranıb və o özünü pis hiss edib. Bununla bağlı Baş Prokurorluğa müraciət edilərək generalın tibbi müayinədən keçirilməsi üçün komissiyanın yaradılmasına icazə istənilib.
Müraciətdən sonra Akif Çovdarov həkim komissiyasının vasitəsilə müayinə olunub və ürəyində ciddi problem aşkarlanıb.
Məlumata görə, Akif Çovdarov tibbi müayinədən keçiriləndən sonra təcili 1 saylı Bakı Istintaq Təcridxanasının tibb məntəqəsinə köçürülüb. O, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməkdən isə imtina edib.
Bu məlumat yayılan vaxt təhlükəsizlik üzrə ekspert Ilham Ismayıl belə bir açıqlama vermişdi: “O uzun müdət orada qalsa o zaman müəyyən yumşalmadan söhbət gedə bilər. Sadəcə olaraq yardım göstərib, bir-iki həftəyə geri qaytarılacaqsa, o zaman belə çıxacaq ki, o həqiqətən də xəstədir”.
Akif Çovdarovun tibb məntəqəsinə yerləşdirilməsi bu barədə məlumat yayılandan gündən, yəni mayın 20-dən hesablansa (bundan əvvəl də ola bilər) onun 2 həftədən artıqdır ki, tibbi məntəqəsində olduğu aydın olur. Bu halda mənbəmizin iddiasının əsassız olmadığını söyləmək olar.