Metropoliten rəisi naxçıvanlıları niyə işdən çıxardır?

10-06-2016, 09:08   
Metropoliten rəisi naxçıvanlıları niyə işdən çıxardır?
Bakının F.Yusifov küçəsi ev 11, mənzil 11 sakini Əhliman Məmmədov “Azadlıq”a müraciət edib. Bakı metropoliteninin sədrinə üz tutan şikayətçinin məktubunda deyilir: “2015-ci ilin 16 noyabr tarixində yaşa görə işdən azad edilmişəm. Aradan bir neçə ay keçəndən sonra müraciətimin səbəbini izah edirəm.

Metropoliten sədri kimi məmurlar qəbuluna gələn insanlara əhəmiyyət vermir. 3 ildən çox bir müddətdə neçə nəfəri qəbul etmisiniz, hansı kollektivlə görüş keçirmisiniz? Öz komandanızla metropolitenə yeni gələndə ilk olaraq Tağı Əhmədovun qohumu kimi oğlumu işdən azad etdirdiniz. Əslində, o, qanuni olaraq sessiyaya getmişdi. Ona başqa cəza vermək olardı. Oğlumdan sonra növbə mənə çatdı. Mənim iki ali texniki təhsilimin olmağına baxmayaraq, işdən zorla uzaqlaşdırıldım.

Metropolitendə neçə nəfər həm inşaatçı-mühəndis, həm də ali təhsilli dəmiryolçudur? Siz vaxtilə tunel qurğuları xidmətində adi bir işdə işləyən Fəxrəddini Kənd Təsərrüffatı Institutunun məzunu olduğu üçün işdən çıxartdınız. Bu niyə başqalarına da şamil edilmədi? Onu naxçıvanlı olduğu üçün işdən çıxartdınız və naxçıvanlılara qarşı repressiya indi də davam edir.


Mən metropolitendə vicdanla çalışmışam. Lakin siz 2002-ci ildə hərəkət xidmətinə rəis təyin edilən Hidayət Məmmədovun sözüylə mənə böyük pislik etdiniz. Hidayət Məmmədov 2002-2015-ci illərdə mal-materialların qiymətini 5-10 dəfə şişirtməklə dövlətə külli miqdarda ziyan vurub. Dövlətin pulunu yeyənlər nədənsə sizin kimi məmurların xoşuna gəldi. Həyatını metrotikintidə qoyan, ən ağır sahədə çalışan Məlik Allahverdiyev bağışlanmır, stansiya rəisliyindən azad edilir, lakin başqası bağışlanır. Mən 65 yaşımda işdən çıxarılıram, amma yaşı 70-i haqlayan bir çox işçi hələ də işləyir. Çünki onların heç biri naxçıvanlı deyil. Akif Zeynalov kimi bir kadrı oğluna bir neçə gün iş günü yazdırdığı üçün işdən çıxartdınız. Bəs Hidayətin ayda 4 gün işə gələn qohumuna görə Hidayəti niyə işdən çıxarmırsınız?

Belə məmurlar insanları regiona görə vəzifəyə təyin etdiyi üçün millətin birliyindən söhbət gedə bilməz. Onu da deyim ki, metropoliten rəhbərliyi seçki yoluyla keçirilsəydi, siz bu vəzifəni tuta bilməzdiniz”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar