AST Telman 62,5 milyonu batırdı

21-04-2014, 15:59   

Türkiyədə səhmləri dövlətin nəzarətində olan “Halk Bank”la bağlı böyük qalmaqal üzə çıxıb

Virtualaz.org saytı xəbər verir ki, Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılovun Antalyada açdığı dəbdəbəli “Mardan Palace” otelinə görə bu bankdan 62,5 milyon dollar kredit alaraq geri qaytarmayıb. Xatırladaq ki, “Halk Bank” ötən il dekabrın 17-də Türkiyədə keçirilən rüşvət və korrupsiya əməliyyatında əsas hədəf olub. Məlum olmuşdu ki, İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab Türkiyə hökumətinin bəzi nazirlərinin də yardımı ilə bu bank üzərindən İrana aid on milyardlarla dolların qeyri-leqal transferini həyata keçirib. Əməliyyat zamanı bankın rəhbəri Süleyman Arslan da saxlanılmış və onun evində ayaqqabı qutularına doldurulmuş milyonlarla dollar nağd pul aşkarlanmışdı.

İndi isə məlum olub ki, “Halk Bank” 5 il əvvəl dünyanın məşhur ulduzlarının iştirakı ilə açılan “Mardan Palace” otelinin ehtiyacı üçün onun sahibi Telman İsmayılova 62,5 milyon dollar kredit verib. Lakin kreditin geri qaytarılmasında problem yaranıb və bank oteli araşdırmağa başlayıb.

Məlum olub ki, otelin yerləşdiyi ərazinin bir hissəsi dövlətə məxsusdur və bank geri qaytarılmayan kreditin əvəzində həmin əraziyə iddia edə bilməz. Xəbərdə bildirilir ki, Telman İsmayılov atasının adını daşıyan otelin dəbdəbəli açılışını 2009-cu ildə Hollivud ulduzlarının iştirakı ilə həyata keçirəndən sonra kredit üçün “Halk Bank”ın qapısını döyüb.

“Halk Bank” rəhbərliyi isə bu cür dəbdəbəli mərasimlə açılan otelə kredit ayırmaq üçün əlavə zəmanət tələb etməyə ehtiyac görməyib.

Lakin ötən ildən etibarən “Mardan Palace” kreditin geri ödənilməsini ləngitməyə başlayıb. Bank rəhbərliyi isə durumdan şübhələnərək “Mardan Palace” ilə bağlı hesabat hazırlanmasını istəyib. 2013-cü ilin aprelində hazırlanan hesabata əsasən, T.İsmayılov 1,4 milyard dollara başa gələn otelin inşası üçün başqa türk banklarından da kredit alıb. Lakin bu kreditlərin məbləği məlum deyil.

Həmçinin məlum olub ki, otelin yerləşdiyi ərazinin bir hissəsi - 914 kvadratmetrlik ərazi dövlətə məxsus olub və T.İsmayılov bu ərazini sadəcə olaraq zəbt edib. Ərazi dövlətə məxsus olduğu üçün bank ödənilməyən kreditə görə həmin ərazini ala bilməz.

O da məlum olub ki, “Mardan Palace”ın yerləşdiyi ərazinin bəzi hissələrinin sənədləri də qaydasında deyil. Otelin yerləşdiyi ərazinin 3 hektara yaxını Antalyanın Aksu bələdiyyəsinin mülkiyyətidir. Həmçinin otelin inşasına dair icazənin yoxa çıxdığı bəlli olub.

Beləliklə, müəyyən edilib ki, “Halk Bank” mülkiyyət və inşaat sənədləri baxımından riskli olan oteli maliyyələşdirdiyi üzə çıxıb. Bankdakı qaynaqlar “AST Telman”ın aldığı krediti hələ geri qaytarmadığı və problemin davam etdiyini bildiriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar