
“Bəyin toyunu aparmaq Vasim Məmmədəliyevə həvalə olunmuşdu”
İyunun 24-də Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin anadan olmasından 78 il ötür. Bu münasibətlə moderator.az saytı Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevdən müsahibə götürüb. Müsahibənin II hissəsini təqdim edirik (I hissə burda):
– Həbsdə yatdığı vaxtda görüşə bilirdinizmi? Orda incitmirdilər ki, Əbülfəz bəyi?
– Məhkəməyə qədər Əbülfəzi DTK-nın padvalında ayrılmış ayrıca otaqda saxlayırdılar. Orda nəzarətçi ona deyibmiş ki, bəs bu otaqda vaxtilə Mircəfər Bağırov yatıb. O vaxt polkovnik Səlimzadə var idi, istintaq qrupunun rəhbəriydi, o bizə çox köməklik etdi. O zaman işə də getmədim, zəng vurub icazə aldım, Bakıda qaldım. Hardasa iki ay sonra məhkəməsi oldu. Məhkəməsində nənəmi (anasını) də gətirdik. Məhkəmədən əvvəl Səlimzadə general Krasilnikovun kabinetində nənəmlə Əbülfəzi görüşdürmüşdü. Onda elə bilmişdilər ki, nənəm oğlunu görüb ağlayacaq, oğlunun buraxılması üçün generala yalvarıb-yaxaracaq. Ancaq nənəm təmkinini pozmamışdı, Əbülfəzlə hal-əhval tutub, kənddən-kəsəkdən, qohumlardan danışmışdı. Nənəm o vaxt əsl türk qadını olduğunu sübut etmişdi.
Məhkəmə günü ancaq Əbülfəz nənəmin zalda qalmasını istəmədi. Məhkəmə başlayan kimi söz alıb xahiş elədi ki, nənəmi zaldan çıxartsınlar. Nənəmin yanında danışmaq istəmirdi ki, qadın hər şeydən agah olmasın. Nənəmə DTK-da demişdilər ki, Əbülfəzi yoxlayıb buraxacaqlar, iş kəsiləcəyini bilmirdi. Nənəm zaldan çıxandan sonra məhkəmə davam elədi. Özü həm müttəhim idi, həm də öz vəkili idi sanki. Nə deyirdilərsə faktlarla, sübutlarla cavablarını verirdi. Deyirdilər sən filan vaxtı filan sözü demisən, deyirdi onu mən özümdən deməmişəm ki, filan kitabın, filan səhifəsində yazılıb, Leninin sözüdür. Yoxlayırdlar, görürdülər ki, düz deyir. Nə isə, prokuror buna üç il iş verdi. Səlimzadə də qayıdıb dedi ki, bəs mənim əziyyətim necə olsun. Ondan sonra cəzasını 18 aya endirdilər.
– Almurad bəy, bildiyimiz qədər o vaxt Əbülfəz bəyi tələbələri çox müdafiə edirmiş. Tələbələrin dediklərinin məhkəməyə təsiri olmuşdumu?
– Düzdür, tələbələri onu çox müdafiə edirdi, bir nişanlı qız var idi, barmağından nişan üzüyünü belə çıxarıb onlara təklif etmişdi. Ancaq tələbələrindən üzünə duranları da oldu, onları da öyrətmişdilər. Tələbələrdən biri deyirdi ki, Əbülfəz müəllim çox savadlı müəllimdir, ancaq bizə türk olduğumuzu deyir. Deyir ki, Azərbaycan milləti yoxdur, biz hamımız türk millətiyik, dərsdə bizə türkçülüyün mədəniyyətindən, dövlətçilikdən danışır. Hakim də qayıdıb dedi ki, müəllimin düz deyir də, biz türkdilli millətik. Məhkəmənin hakimi hökm kəsdiyi günün sabahısı demişdi ki, güllələnmə hökmü də vermişəm, ancaq indiyə kimi bu qədər narahat olmamışdım, bu gecə yata bilməmişəm.
– Həbsdə yatdığı vaxtda görüşə bilirdinizmi? Orda incitmirdilər ki, Əbülfəz bəyi?
– Həbsxanada olanda onunçün yaxşı şərait yaratmışdılar. Onu Qaradağ daş karxanasına göndərmişdilər, orada dustaqlar onu xüsusi hörmətlə qarşılamışdılar. Xüsusi mənzil və bir rus dustaq ayırmışdılar, ancaq ona xidmət edirdi, ayağına kimi yuyurdu. Özümüz də tez-tez yanına ərzaq göndərirdik, hətta bir dəfə mən gizlincə onun yanına getmişdim, bir gecə də yanında qalmışdım. O zaman rayondan tədarüklü gəlmişdim, söz vermişdilər ki, məni onun yanına keçirəcəklər. Səhərisi məni düz onun qaldığı yerə apardılar. Qaldığı mənzilə salıb qapını çöldən qıfılladılar, tapşırdılar ki, səssiz otur burda. Dustqaların gəlməsinə az qalmış bir it pənəcərənin qabağında durub dayanmadan hürməyə, pəncərəni cırmaqlamağa başladı. Sən demə dustaqlar gəlməmiş yoxlama aparırlarmış. Açığı deyim ki, çox həyacan keçirdim, elə bildim indicə yaxalayacaqlar məni. Ancaq zabitlərdən biri pəncərədən boylanıb dedi ki, çirkli qabları gətirib bu otağa yığıblar, it ona görə hürür. Nə isə, bunlar çıxıb getdi, hannan-hana özümə gəldim. Bir az keçmişdi ki, Əbülfəz yoldaşları ilə otağa girdi, məni görəndə gözlərinə inanmadı, həm də çox hirsləndi. Dedi ki, belə niyə etmisən, təhlükəlidir, ancaq gec idi daha, apardığım ərzaqları yeyib-içdilər. Mən bir də səhər getdiyim kimi də geri qayıtdım. Türmənin rəisi də onu çox istəyirdi, tapşırmışdı ki, Əbülfəzdən müğayət olun.
– Bildiyimiz kimi, Əbülfəz bəy çox gec yaşlarında ailə həyatı qurub. Nəyə görə evlənmirdi, özünün sevdiyi var idimi deyə yubanırdı, yoxsa ki, elə siyasi fəaliyyətinə görə evlənmək məsələsi arxa plana keçmişdi?
– Ona çox deyirdik evlən, hətta dostları, yoldaşları da deyirdi. Ancaq hələ evlənmək fikri yox idi, bilirdi ki, nə vaxtsa tutulacaq. Bir dəfə müəllim yoldaşlarının biriylə istirahətə Ordubada gəlmişdilər. Onda rəhmətlik dayım ona məsləhət verdi ki, qardaşların da evlənib, sən də ailə qur, oğul-uşağa qarış. Onda dedi ki, mənə evlənmək barəsində nəsə deməyin, mən tutduğum yolu bir yerə çıxarmalıyam.
Türmədən çıxandan sonra Əlyazmalar Fondunda işləməyə başladı. Bir dəfə gözəl bir qızla evə gəlmişdi, oturub yemək yedilər, getdilər. Axşam evə gələndə soruşdu ki, qız xoşuna gəldimi, evlənmək istəyirəm. Mən də dedim ki, lap yaxşı. İki gün beləcə qızla gəldilər evə, ancaq üçüncü gün gəlmədilər daha. Soruşdum ki, bəs qız necoldu, dedi ki, yox e alınmadı, xasiyyəti xoşuma gəlmədi.
1979-cu ildə Kələkiyə məzuniyyətə gəlmişdi. Onda nənəm bunu evlənməyə razı sala bildi. Oturub məsləhətləşdik ki, kimi alaq, nənəm əmim Mirbabanın qızı Həliməni məsləhət gördü. Onda Əbülfəzin yaxın dostu Abbas Musayev də bizdə idi, elə Abbasla bərabər elçi getdik. Qızın həsini alıb evə qayıtdıq və toy tədarükünə başladıq.
– Əbülfəz bəyin toy gününü necə xatırlayırsınız? Toyda kimlər iştirak edirdi, necə keçdi?
– 1979-cu ilin 28 senytabrında Bəyin toyunu elədik. Çox gözəl məclis qurulmuşdu, çoxlu qonaqlar iştirak edirdi. Bakıdan, Naxçıvandan Bəyin bütün müəllim və tələbə yoldaşları, dostları gəlmişdilər. Toydan bir gün qabaqcadan Bakıdan iki dəstə dostları gəlmişdi. Birinci dəstədə Kamil Vəli, Cəfər Qiyasi, Oqtay, İsfəndiyar, Cəlil müəllim, Aydın, Əlsəgər, Məhəmməd və başqaları gəlmişdi. İkinci dəstədə isə Vasim Məmmədəliyev, Rafiq müəllim, Qara Tağızadə, Əbülfəz Hüseyni, Vaqif Bayatlı var idi. Bunlar gələnə mən gecədən bir yekə qazan xaş bişirmişdim. Yeyib yatdılar, xaş onları elə doyuzdurmuşdu ki, axşama qədər yemək yeyəmmədilər.
Toyu aparmaq Vasim Məmmədəliyevə həvalə olunmuşdu. O, həm Bəyin yaxın dostu, tələbə yoldaşı, həm də ailəmizə məhrəm olan biriydi. Düz iki gün toy davam elədi. Kimin ki, işi var idi, onlar iki gündən sonra çıxıb getdilər, ancaq kimin ki, işi yox idi, onlar bir neçə gün daha qaldılar bizdə.
Əbülfəz evlənən gündən ailəmizdə hər kəs onu Əbülfəz, müəllim yox, Bəy deyə cağırmağa başladı.
– Ondan sonra nələr baş verdi, ailə həyatı Bəyi qismən də olsa dəyişə bildimi? İşləri hansı müstəvidə davam edirdi, təqiblərə son qoyulmuşdumu?
– Türmədən çıxandan sonra da onu təqib etdirirdilər. Bir dəfə bəylə bərabər gedirdik, hiss etdim ki, kimsə arxamızca gəlir. Bəyə dedim, o mənim tələbəmdir cavabını verdi. Dedim ki, tələbən də olsa bizi izləyir. Sonra Bəy onu özü DTK-ya gedəndə görmüşdü. Səhər gördük üç nəfər qapını döyür, qapını açdıq DTK-dan üç nəfər gəlmişdilər. Bəy onların cavabını verib yola saldı. Səhərisi gün dörd nəfər gəldilər, dünən gələnlərin yerinə üzr istədilər. Bəy dedi ki, mən nə etmək istədiyini anlayıram, heç düz iş görmürsünüz.
Onu hər yerdə izləyirdilər, ona görə də ehtiyyatla hərəkət edirdi. Fəaliyyətini gizli şəkildə aparırdı, əvvəlki illərlə müqayisədə nisbətən ehtiyyatla davranırdı. 1980-87 – ci illər Bəy üçün çox gərgin keçmişdi, həm Əlyazmalar İnstitutundakı işləyirdi, həm də gizli fəaliyyətini davam etdirirdi. DTK onu buna görə işdən uzaqlaşdırmağa da çalışırdı, buna görə onu bir illiyə Moskvaya elmi iş üçün göndərdilər. Moskvada da boş durmadı, orda da türk dünyası ilə bağlı araşdırmalar apardı. Moskvadan qayıdandan sonra Kələkiyə gəlmişdi, qayınatası vəfat etmişdi. Orda onu görməyə nə qədər insan gəlirdi. Hüzr məclisində belə dəyərli söhbətlər edirdi, dinimizin tarixindən danışırdı, Qurandan elə gözəl tərcümələr edirdi ki, hamını valeh qalırdı.
Həmin illər onunçün o qədər ağır keçmişdi ki, sağlamlığına belə diqqət edəmmirdi. 1988-ci ildə əməliyyat da keçirmişdi. Kor bağırsağı partlamaq üzrə olanda xəstəxanaya çatdırıb əməliyyat etmişdilər. O zaman bir-iki saat da xəstəxanaya gec çatdırılsaymış həyatını xilas etmək mümkün olmayacaqmış.
– Almurad bəy, danışa-danışa gəlib 1988-ci ilə çatdıq. O il artıq millət oyanmışdı, meydan hərəkatı başlamışdı. Bəyin o illərdəki fəaliyyəti yadınızda necə qalıb?
– 1988-ci ildə Azərbaycan azadlıq mübarizəsinə qalxdı. İnsanlar Azadlıq meydanına axışdılar, çadırlar quruldu. Artıq Bəy azadlıq uğrunda uzun illərdir gizlin apardığı mübarizəni millətinə meydanda bəyan etdi. O zaman nümayişə toplaşanlar deyirdilər ki, uzun illərdir adını eşitdiyimiz, ancaq üzünü gpörmədiyimiz liderimiz budur. Bəyin bütün çıxışlarını gurultulu alqışlarla qarşılayırdlar. Bəy meydandan evə gəlmirdi, deyirdi xalqı başsız qoymaq olmaz. Evdən çay-çörək hazırlayıb aparıb tribunada ona verdilər, o da yeməkləri ordakılara paylaşdırırdı. Hardasa 20 gün sonra meydandakı adamları dağıtdılar, Bəygili də tutub aparmışdılar. Mən onda bir neçə dost tanışla bərabər türmələri axtardıq, Bəyi Bayıl türməsinə aparmışdılar. Salamat olduğunu biləndən sonra bir qədər rahatlaşdıq. Evə qayıdanda gördüm ki, Bəyin evində axtarış aparırlar. Qardaşım da o zaman orada idi, 2 nəfər silahlı əsgər, bir də DTK-nın azərbaycanlı və Moskvdan gəlmiş DTK nümayəndələri Bəyin otağın axtarırdılar. İş stolunun üzərindəki şəkillərlə maraqlanırdılar.
– Bəyin iş stolunun üstündə kimin şəkilləri var idi? Ümumiyyətlə evdə nə axtarırdılar, nə apardılar?
– Stolun üstündə ilk şəhidimiz ağdamlı Bəxtiyarla Əlinin, Xudu Məmmədovun, Heydər Əliyevin şəkilləri var idi. Qardaşım bir-bir izahat vermişdi ki, kimlərin şəkilləridir. Heydər Əliyevin şəklini göstərəndə rus demişdi ki, bunu atın getsin. Qardaşım demişdi ki, o bizim qohumumuzdur, şəkillərə dəyməyin. Şəkillərə toxunmadılar, ancaq bütün yazıları yığıb apardılar, hətta tələbələrin kurs işlərini belə. Divarda Atatürkün rəsmi var idi, əsgərlər Ədalətdən soruşdular ki, şəkildəki kimdir. Ədalət də babamızdır deyə cavab verdi. Bəyin yoldaşı Həlimə xanımdan Bəyin ona pul verib vermədiyini də xəbər aldılar. Həlimə də dedi ki, verir, təzəlikcə də maaş almışdı, 70 manat verdi. DTK-nın nümayəndəsi gülümsəyərək əlavə elədi ki, maaşı soruşmuram, evə kisə dolusu pul gətiribmi. Evi bütün axtarandan sonra yazıları götürüb getdilər. Evdə zatən yazılardan başqa bir şey yox idi ki. Həmin vaxt Bəyin iş yerində də axtarış aparmışdılar, sənədlərin aparmışdılar. Həmin sənədləri sonra da qaytarmadılar. Bir neçə gün sonra meydandan aparılanları buraxdılar, ancaq Bəyi 15 nəfərlə birlikdə bir ay Qara şəhərdəki cəzaçəkmə müəssisəsində saxladılar.