Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Deputatın “razborşik” bacısı nəvəsi haqda yeni məlumat – Bələdiyyə üzvüdür!

13-06-2016, 17:34   


Bir neçə gün əvvəl Bakıda Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs olunan Tural Əliikram oğlu Haqverdiyev Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin üzvüdür. Bu barədə “AzPolitika”ya məlumatlı mənbə xəbər verib.

Polis əməkdaşları T.Haqverdiyevin “Volkswagen” markalı avtomobilindən nömrəsi silinmiş “Makarov” tipli tapança və 4 ədəd patron, habelə cibindən 1 ədəd bıçaq aşkar ediblər. Nərimanov rayon Polis İdarəsindən Criminal.az-a verilən məlumata görə, Tural Haqverdiyev deputat Madər Musayevin bacısı nəvəsidir. O, saxlanılan zaman polis əməkdaşlarına da müqavimət göstərib, onları yumruqla vurub.

T.Haqverdiyevin barəsində cinayət işi başlanıb. O, hazırda Şüvəlanda yerləşən istintaq təcridxanasında saxlanılır.
T.Haqverdiyevin kriminal aləmə yaxın olduğu deyilir. Məlumata görə, o, tez-tez mübahisəli söhbətlərin həllində iştirak edir.

Deputatın kriminala meyilli qohumunun Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin üzvü olduğu barədə “AzPolitika.info”ya daxil olmuş xəbər öz təsdiqini tapıb. Onun adı Binəqədi qəsəbə bələdiyyəsinin üzvlərinin rəsmi siyahısında var. MSK-nın rəsmi nəticələrindən belə görünür ki, T.Haqverdiyev sonuncu bələdiyyə seçkilərində 3 885 seçicinin səsini “alaraq”, növbəti dəfə bələdiyyə üzvü “seçilib”. Mənbə saytımıza bildirib ki, T.Haqverdiyev 22 yaşından (!) bu bələdiyyənin üzvüdür.

T.Haqverdiyevin atası Əliikram Haqverdiyev isə 12 ildir Binəqədi rayon İcra Hakimiyyəti başçısının Xocasən qəsəbəsi üzrə nümayəndəsidir. “Keçmiş polis işçisi olan Ə.Haqverdiyevin bu 12 ildə kəsmədiyi baş qalmayıb”, deyə mənbə bildirib.

V.Nəsibov
AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar