Hökumətin “sosial ev” yalanı

16-06-2016, 09:28   
Hökumətin “sosial ev” yalanı
İpotekaya ayrılan məbləğ 31 dəfə azalıbsa…

Hər ötən gün müşahidə edirik ki, hakimiyyətin fəaliyyəti nəticəyə görə yox, səbəbə görədir. Yəni, hər hansı problemin həll edib, müsbət nəticə əldə etməyə çalışmırlar. Sadəcə olaraq insanları hiddətləndirən, etiraza kökləyə biləcək səbəblər üzərində görüntülər yaradılar. Məsələn, devalvasiyadan sonra cəmiyyətdəki narazılığı hiss etdilər və kredit borclarının silinəcəyi, dollarla krediti olanlara güzəşt olunacağı barədə şaiyələr yaydılar. Məqsəd problemin həlli yox, narazılığı yaradan səbəbi sakitləşdirmək idi.

Daha sonra aztəminatlı ailələrə ipoteka kreditlərinin verilməsi məsələsi gündəmə gəldi. Hökumət vətəndaşların zəif yerini bildiyi üçün, həmişə bu zəif yerlərdən müdaxilə etməyə çalışır. Yəni, boş vədlərlə, quru təsəlliylə vaxt udur, cəmiyyəti sabit mövqedə saxlayır. Amma sonradan məlum oldu ki, bu ipoteka kreditlərindən yararlanmaq üçün “dağı-daşı” keçmək lazımdır. Yəni, 20-yə yaxın sənəd tələb olunur, yüksək maaşın olmalıdır və ipoteka krediti üçün ayrılmış məhdud vəsaitdən yararlanmağa vaxtın çatmalıdır. Təbii ki, yüzminlərlə ailə bu kreditlərdən yaralana bilmədi. Amma daha dəhşətlisi budur ki, ötən il ilə müqayisədə ipoteka kreditləri üçün ayrılan vəsait 31 dəfə azalıb. Deməli, aztəminatlı ailənin onsuz da ağır şərtlər daxilində yararlana biləcəyi ipoteka krediti, daha da əlçatmaz oldu. Statistika xatirinə 50-100 ailə ipotekadan yararlanacaq və bu da hökumətin vətəndaşa qayğısı kimi təqdim ediləcək. Onu da xatırladaq ki, Ilham Əliyev çıxışlarında heç bir sosial layihənin dayandırılmadığını, bu layihələrin davam etdiriləcəyini vurğulayır. Amma rəsmi statistika təsdiqləyir ki, ipoteka kreditləri 31 dəfə azalıb. Deməli, hökumətin ipoteka siyasəti də iflasa uğrayıb.


Indi də vətəndaşa ümid verməyin təzə metodunu tapıblar. Gecə-gündüz təbliğat aparılır ki, hökumət sosial evlər tikəcək, evsiz vətəndaşlar bu layihədən yararlana biləcək və s. Əlbəttə ki, bu da növbəti görüntüdür və hökumətin belə bir layihəyə start vermək imkanı yoxdur. Ipoteka kreditinə ayrılan məbləğ 31 dəfə azlıbsa, “sosial ev” layihəsi necə inandırıcı ola bilər? Hökumət indiki ağır vəziyyətdə belə bir layihəyə start verə bilərmi?

Əlbəttə, bu məsələnin uzun müddət təbliğat aparılacaq, qulağa xoş gələn vədlər veriləcək və beləliklə də unudulacaq. Yuxarıda da qeyd etdiyimiz kimi hökumət vətəndaşın psixologiyasını bilir və bu kimi şaiyələrlə yalançı təsəlli yaradır. Vətəndaşın sosial vəziyyətini cəhənnəmə çevirən zehniyyət, evsizlərin problemini sosial evlərlə həll edə bilməz.

Hətta bu layihə nə vaxtsa reallaşsa belə insanlar üçün əlçatmaz olacaq. Çünki, elə şərtlər tətbiq edəcəklər ki, vətəndaş ümumiyyətlə bu evlərə meyl etmək istəməyəcək.

Göründüyü kimi bütün fəaliyyət, bütün müzakirələr, bütün şaiyələr vətəndaşı aldatmağa, hökumətin işlədiyi təəssüratını yaratmağa xidmət edir. Əslində, isə hökumət dövlətin evini sökməklə məşğuldu.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar