Keçmiş nazirin xanımı onun ölüm xəbərindən danışdı
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun xanımı Tahirə Mahmudova həyat yoldaşının ölüm xəbərini təkzib edib. Jurnalistlərlə söhbətində Tahirə Mahmudova bildirib ki, əri sağdır, amma səhhəti ilə bağlı problemləri var.
“Bəli, Eldar müəllimin səhhətində problemlər var, amma ölüm faktı yoxdur. Heç elə bir şey də olmayıb. Məlumat yalandır”, – Mahmudova deyib.
Qeyd edək ki, Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudova Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyyasının katibi vəzifəsində çalışıb. MTN-də cinayətkar dəstənin ifşa edilərək tutulmasından sonra o, səhhətində yaranmış problemlər üzündən öz ərizəsi ilə işdən çıxıb.
Xatırladaq ki, Eldar Mahmudovun ölüm xəbəri rəsmi qurumlar nə təsdiq, nə də təkzib olunmuşdu. Bu da müxtəlif mülahizələrə yol açmışdı. Belə ehtimallar var idi ki, Eldar Mahmudovun ölüm xəbəri onun hakimiyyəti video kasetlə hədələməsilə əlaqəlidir. Qeyd edək ki, Eldar Mahmudovun ölüm xəbərindən əvvəl onun əlində ölkənin məşhur şəxsləri və məmurlar barədə 2800 ədəd intim videonun olması barədə məlumat yayılmışdı. Bu, Eldar Mahmudovun hədəsi kimi qiymətləndirilmişdi. Həmin məlumatda sonra keçmiş nazirin səhhətində ciddi problemlərin yarandığı, daha sonra isə onun öldüyü iddia edildi. Ehtimallara görə, bu xəbər məqsədli şəkildə dövriyyəyə buraxılıb ki, Eldar Mahmudovun “minaları”nı müəyyən etmək asan olsun. Rəsmi qurumların sükutu da bununla izah edilirdi.
Bu arada redaksiyamıza Eldar Mahmudovla bağlı növbəti ilginc xəbər daxil olub. Xəbərdə bildirilirdi ki, keçmiş nazirin hədəfində əsasən 3 məmur olub. Bunlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Ramil Usubov. Sabiq nazir Fərhad Əliyev həbs ediləndə MTN rəhbərliyi ona təzyiq edib ki, adıçkəilən məmurlar barədə ifşaedici ifadələr versin. Lakin Fərhad Əliyev bundan imtina edib. Bu məsələ sabiq nazirin son sözündə də əksini tapıb. Lakin sonradan Fərhad Əliyev həmin ifadəni son sözündən çıxarıb. Hətta bəzi redaksiyalara belə son sözün ilkin variantı göndərilib. Amma sabiq nazirin vəkillərinin xahişi ilə həmin qəzetlər o hissəni dərc etməyib.
Məlumatda deyilir ki, Eldar Mahmudovla Kərəm Həsənov arasında isti münasibətlərin olması da təsadüfi deyil. Keçmiş MTN şefi Kərəm Həsənov vasitəsilə Azərbaycan məmurlarının əmlakının siyahısını əldə edirmiş. Təsadüfi deyil ki, “MTN işi”nin ilk günlərində Kərəm Həsənovun Eldar Mahmudovla işbirliyi barədə məlumatlar yayılmışdı.