İlham Əliyevin əmisi oğlu: "Hamısı "aferist"dir, ora getməyə qorxuram..."

30-06-2016, 07:55   

Altes Şirkətlər Qrupunun payçısı Fərid Əliyev şirkətə getməkdən qorxduğunu dedi

“Bu iş prokurorluqdadır, göndərmişəm, onlar baxacaqlar...”

"Altes Group Holding"ə daxil olan "Nur-İnşaat" MMC kimi çoxsaylı tikinti işləri ilə məşğul olan bir şirkətin 3,8 milyon manat vergini ödəməməyinin çox ciddi səbəbi olmalıdır. İddialara görə illərlə daxil olan gəlirdən, vergiyə ödənəcək pulları şirkətin rəhbəri Rüstəm Abdullayev Londona köçürür. Son vaxtlar şirkət ortaqlarla məhkəmə çəkişmələri, onlardan birinin döyülməsi ilə bağlı iddialar, icarəçi ilə münaqişə, mənzillərin qanunsuz satılması kimi qalmaqallı iddialarla gündəmə gəlir. Bu hadisələrdə şirkətin rəhbər və təsisçilərindən R.Adullayevin adı hallanır, amma məsələ rəsmiyyətə gələndə, misal üçün, məhkəmə iddialarında prezidentin əmisi oğlu Fərid Əliyevin adı da keçir. Dolayısıyla burada olanların məsuliyyəti daha çox Fərid Əliyevin üzərinə qoyulur. Hər halda kənardan görünən belədir. F.Əliyevin şirkətdə vaxtilə 10 faizlik payından indi cüzi bir hissə qalsa da, yenə formal olaraq əsas fiqurdur. Onun prezidentlə qohumluğu hər yerdə "Altes Group"a "yaşıl işıq" yandırır. Amma deyilənə görə, F.Əliyevin şirkətin ətrafında baş verən neqativ hadisələrlə heç bir əlaqəsi yoxdur. O, safdır, sadəcə adından istifadə edirlər və ona yanlış informasiya çatdırırlar. Bunları nəzərə alaraq Bizimyol.info saytının əməkdaşları F.Əliyevin özü ilə görüşüb.

Cənab Əliyev R.Abdullayevdən fərqli olaraq bizə "Altes Plaza" binasında yox, sahibi olduğu söylənən Karaoke klubda görüş təyin etmişdi. Sonradan öyrəndik ki, bunun istirahət günü ilə bir əlaqəsi yoxdur, şirkətdə adı rəhbər kimi keçə də, ora gedə bilmir. Aramızda belə bir söhbət oldu:

Sual:" Fərid müəllim, siz sıradan bir adam deyilsiniz, prezident İlham Əliyevin əmisi oğlusunuz. Adınızın qalmaqallarda hallanması yəqin ki, Sizi narahat edir. "Altes Plaza"dan vergiyə, məhkəmələrə, prokurorluğa göndərilən şikayətlərdə də Sizin adınız keçir".

Fərid Əliyev: "Mən şirkətdə ildə bir dəfə olsam, yaxşıdır. Heç getmirəm ki. Məni ora daxil edib (əslində başqa ifadə işlətdi, onu yazmırıq-red.), müdir ediblər, vəssalam. Heç bilmirəm, orada nə var, nə yox".

Sual: "Orada Sizin əvvəllər 10% səhminiz olub, elə indi də deyəsən az miqdarda qalır". Fərid Əliyev: "Kimin? Mənim"? (Güldük)

Sual: "Heç, deyəsən, şirkətdə səhmlərinizin olduğundan xəbəriniz yoxdur"...

Fərid Əliyev (ürəkdən gülərək): "Xəbərim yoxdur. Hamısı "aferistdir. Mən ora getməyə qorxuram. Deyirlər, "Fərid müəllim, onu elə, bunu elə, ona zəng vur, buna zəng elə". Mən də dedim ee, rədd olun başımdan".

Sual: "Fərid müəllim, bütün sənədlər Sizə imzalatdırılır axı".

Fərid Əliyev: "Məni bütün nazirlər tanıyırlar, mənə hörmət edirlər".
Söhbətin bu yerində rəhbərliyində olduğu şirkətin külli miqdarda vergi borcu olduğunu ona xatırlatdıq. Fərid müəllim: "Nə vergi?!"- deyə soruşdu. Bu yerdə mühafizəçi (hər halda özünü belə təqdim elədi-red.) diktofonu qapıb rusca: "Farid Quseynoviç, tam u nas vse xoroşo", yəni "bizdə orada hər şey yaxşıdır", deyə ağzını açmağa daha artıq imkan vermədi və sualları cavablandırmamağı ona tapşırdı. Canfəşanlıqla: "Onlar diktofona yazırlar", dedi. Mən zatən diktofonu Fərid müəllimin gözünün qabağında, ağzına doğru tutmuşdum ki, səs aydın düşsün. Maşallah, Fərid müəllim də nə dediyini çox gözəl bilən biridir və gözləri də əla seçirdi. Gözü görmədiyi jurnalistə niyə kompliment desin ki?! Mühafizəçinin sözlərinə fikir vermədən üzünü bizə tutub dedi:

- Bu iş prokurorluqdur, mən onu göndərirəm, onlar baxacaqlar.

Dəqiqləşdirmək istədik: "Prokurorluğa göndərirsiz?"

- Hə, hökumət...

Özünü mühafizəçi adlandıran oğlan kişinin sözünü yenə ağzında qoydu, səsini başına atıb, Fərid müəllimin səsini basdırmağa çalışdı: "Orada problemləri çoxdur, məhkəmə də gedir, prokurorluq da...". "Mühafizəçi" yəqin qələmə verməyə çalışırdı ki, guya kimlərsə R.Abdullayevə problemlər yaradır. Əslində isə Abdullayevin özünün problem yaratdığını Fərid müəllimin eşitməsini istəmədiyi bəlliydi. Fərid müəllim: "Da",- deyə təsdiqlədi. Amma onun "da"sı şirkətdə problemlərin olduğunu təsdiqləyirdi və bunu açıq da söylədi. Arada ikinci şəxs - onu da mühafizəçi kimi qələmə verdilər - söhbətə qarışıb Fərid Əliyevin danışmasına mane olurdular. Fərid müəllim isə ona danışmağa mane olanlardan imkan tapdıqca əyilib bizimlə söhbət etməyə çalışdı: "Orada çox pis adamlar işləyir...". Yenə mühafizəçi "Fərid müəllimə aid olmayan problemlərdir", deyə səsini başına atıb, mühafizə etməli olduğu adamın səsini "batırdı". Və səsi gəldikcə bağırmağa başladı: "Farid Quseynoviç, ne otveçayte, oni zadayut provokatsionnıye voprosı, vsyo, müsabiqə qurtardı" ("Müsahibə" əvəzinə "müsabiqə" deyir-red.).
Sonrakı danışığımız da elə bu "ruhda" davam etdi, Fərid müəllim bacardıqca ürəyini boşaltmağa çalışırdı, onlar isə danışmağına imkan verməməkdə israrlıydılar. Əməlli-başlı şivən qopartmışdılar. Ucadan səs-küy salırdılar ki, əgər diktofon çantada açıqdırsa, F.Əliyevin söylədikləri orada aydın düşməsin. Söhbətin sonrası da onların mübahisəsinin müşayiəti ilə keçdi. Fərid müəllim hər dəfə R.Abdullayev haqqında neqativ sözlər deyəndə, onlar dərhal şivən qopardır, cürbəcür səslər çıxarırdılar. Müsahibimiz söylədi ki, adıçəkilən şirkətdə formal olaraq var, bütün olanlar isə Abdullayevin əməlləridir, özünün ifadə etdiyi kimi yazmaq istəmədik. Şirkətdəki rolunu kiçik uşaqların əylənmək üçün istifadə etdiyi əşyaya bənzətdi və bunu rusca dedi.

Fərid müəllimin düz yanında oturmuş, hətta bir neçə dəfə əl təmasımız olmuşdu, ona nəsə etmək istəsəydik, niyyətimizi asanlıqla həyata keçirə bilərdik. Bunu onu bizimlə söhbət etməkdən qorumağa çalışanların gözü önündə də nümayişkaranə elədik ki, yəni baxın, biz nəsə etmək istəsək, buna kimsə mane ola bilməz, hətta siz indiki kimi gözünüzü döyüb baxacaqsınız. O mühafizəçilərin vəzifəsi F.Əliyevi fiziki olaraq qorumaqdır, bir də boşboğazlıq etməmək ki, bunu da bacarmamışdılar. Cənab Əliyev özünü kifayət qədər yaxşı idarə edə bilir, nə dediyini də çox gözəl dərk edirdi. Müsahibimiz deməli olduğunu demişdi, artıq şirkət və oradakı mövqeyi, hazırkı duruma münasibəti bəlliydi. Odur ki, biz də mühafizədən başqa hər şeyi bacaran adamlarla daha artıq, türklər demiş, "uğraşmaq" istəmədik. Amma sonradan aldığımız məlumata görə, bizim Fərid Əliyevi ziyarət etməyimiz, orada olan söhbətlər elə həmin gün Rüstəm Abdullayevin ovcuna qoyulub. Onun yaxın çevrəsindən olanlar da ümumi tanışımıza zəng edərək: "Bu, nə məsələdir?",- deyə soruşublar. Deməli, Abdullayev F.Əliyevin söylədiklərindən bərk narahatlıq keçirib. Bu, normaldır. Anlamadığımız sadəcə bir şey var: R.Abdullayevə kim xəbər "uçurub" və bu, kimin marağında ola bilərdi? Orada iki jurnalist və Fərid müəllimdən başqa üç mühafizəçi və bufetçi qadın (barmaid) vardı. Yeri gəlmişkən, bufetçi də ara-sıra söhbətə müdaxilə etmək cürətini özündə tapırdı. Bizim həmin görüşün detallarını R.Abdullayevə çatdırmayacağımıza (çünki bu, marağımızda deyil-red.), aralarında olmayan münasibət səbəbindən F.Əliyevin də bunu etməyəcəyinə görə yeddi nəfərin yanındakı söhbəti R.Abdullayevə dörd nəfərdən başqa kim "sızdıra" bilərdi? Mühafizəçinin ağzı gərək "bütöv" olsun. Ağzında söz tuta bilməyənin adı mühafizəçi deyil, ən yaxşı halda xəbərçidir. İnsafən, adamların bir qəpiklik mühafizə qabiliyyəti də yoxdur.

Bizdə şübhə yaranır: əslində bəlkə də mühafizəçi kimi qələmə verilənləri Fərid müəllimlə bu gün problemi olan adamlar zamanında onun yanına yerləşdiriblər ki, onun atdığı addımlarla, görüşdüyü adamlarla bağlı "xəbərçilik" etsinlər. Cənab Əliyev isə mühafizə xidmətini ona hökumətin verdiyini düşünür (yəqin ki, onu buna inandırıblar).

İki gün sonra F.Əliyevə yenidən zəng elədik. Özümüzü tanıtdıqdan sonra ona izah elədik ki, o gün görüşümüz zamanı baş verənlər, söhbətlərimizi çevrəsindəki mühafizəçi adlandırılan, amma görəvi başqa olan şəxslər "yerinə" çatdırıblar. Diqqətlə dinləyib: "Cəhənnəmə ki, çatdırıblar", dedi. Bundan əndişələndiyi hiss olunurdu. Bəlkə də Fərid müəllim onların kim olduğunu bizdən yaxşı bilir. Sonra nə fikirləşdisə, sanki yanındakılara çatdırmaq üçün: "Siz oppozisiyasınız, mənim yanıma gəlməyin", dedi və... telefonu qapatmadan kənara qoydu. Bilmirik, oradakı söhbəti eşitməyimiz üçün belə elədi, yoxsa həqiqətən də telefonu bağladığını düşünmüşdü, 3 dəqiqədən artıq müddətdə mühafizəçinin ucadan bağırtısı kəsilmədi. Diktofona necə əl uzatmağından, jurnalistin buna etiraz etməyindən, özünün bir xanıma qarşı göstərdiyi "qəhrəmanlığından" ağız dolusu danışırdı. Səslər boğuq olduğundan sözləri ayırd etmək çətin idi, elə hey diktofon-diktofon deyirdi. Bir də "naqlıy", "pridurok" kəlmələri aydın eşidildi. İnsanlar söyüşü, təhqiri daha ucadan və "ürəkdən" edirlər. Amma aydın olmadı ki, "pridurok" deyəndə özünü nəzərdə tuturdu, yoxsa əzizlərini - səslər boğuq olduğundan aydın eşidilmədi. Odur ki, daha artıq dinləmədən biz də qapatdıq. Haradasa əminik ki, Fərid müəllim telefonu bizim üçün açıq qoymuşdu. Bəlli ki, o da çevrəsindəkilərə güvənmir. Əslində qısa söhbətimizdə də buna işarə vurmuşdu, ümumi ünvanlandığından yazmırıq. Ətrafındakıların kim olduqlarını biz bir neçə dəqiqə ərzində çözə bildiksə, F.Əliyevin yaşında olan, belə təcrübəli bir insan bunu çoxdan anlayıb. Sadəcə, özünün istifadə edilməsinə nəyə görəsə göz yumur, ya da yummuş kimi göstərir? Bunu anlamadıq.
R.Abdullayevin indiyə qədər arxayın davranmasının səbəbi F.Əliyevə, onun əlaqələrinə güvənməsi olub. Amma Fərid müəllimə də məxsus əmlaklara həbs qoyulub və bu gün Vergilər Nazirliyi orada kimin olmasına baxmayaraq şirkətə qarşı cinayət işi başladıb. Polad Qabulov (o, həm də şirkətdə pay sahibi olduğunu deyir-red.) şirkətin əmlakına həbs qoydursa da, Abdullayevin rəhbərliyi altında onu satıb, icarəyə veriblər. Bunun sübutu kimi göstərə bilərik ki, dünya çempionu Vüqar Namazovun fitness-klub üçün icarəyə götürdüyü sahə də şirkətə məxsusdur, çünki müqavilə şirkət adından bağlanıb. Faktiki şirkətə məxsus sahə icarəyə verilib, həbsdə olan əmlak istifadə edilib. Əlimizdəki ən son qərar Abdullayevlərin nəzarətində olan şirkətlərin əmlakları və maliyyə sənədlərinə qoyulan həbsin qüvvədə qalması ilə bağlıdır. Binəqədi Rayon Məhkəməsinin 8 oktyabr 2012-ci il tarixli qərardadında göstərilir ki, Polad Qabulov və Fətəli Novruzəliyev şərikləri Rüstəm Abdullayev, Fuad Abdullayev, Güldanə Abdullayeva, Namiq Əkbərov, Fərid Əliyev və Famil Əlizadəyə qarşı "payın naturada verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər. İddiaçı iddianın təmin tədbiri kimi işə məhkəmədə baxılanadək "Fərid-İnşaat" MMC-yə məxsus Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 507-511 ünvanında ("ALTES PLAZA" yaşayış kompleksi) yerləşən çoxmərtəbəli yaşayış binasına, "Nur-İnşaat" MMC-yə məxsus B.Bağırova küçəsi 592 ("EMERALD PALACE" yaşayış kompleksi) və H.Zərdabi küçəsi 569 ("ACADEMY HOUSE" yaşayış kompleksi) ünvanlarında yerləşən çoxmərtəbəli yaşayış binalarının üzərinə həbs qoyulması, eləcə də hər iki şirkətə məxsus qülləli kranlar, avtomobillər, maliyyə sənədləri, möhür, stamp, müqavilələr, aktlar və qəbzlər üzərinə işlə bağlı yekun qərar qəbul olunanadək həbs qoyularaq müvafiq saxlanca verilməsi barədə qərardad çıxarılmasını xahiş ediblər. Məhkəmə iddianı qismən təmin edib, avtomobillər və kranlar istisna olmaqla sadalanan dörd ünvanda yerləşən yaşayış binalarının üzərinə həbs qoyulması barədə qərar qəbul edib. Hər iki şirkətə məxsus maliyyə sənədləri, möhür, stamp, müqavilələr, aktlar və qəbzlərin üzərinə də həbs qoyulmaqla "İcra haqqında" Qanuna uyğun saxlanca verilib. Üzərinə həbs qoyulan sənədlər hər iki MMC-nin nümayəndəsi olan Fəqan Şükürova həvalə olunub. O da öz növbəsində işə baxılana qədər həmin binalardakı mənzillərin satılmayacağına imzası ilə zəmanət verib, amma sözünü tutmayıb.

R.Abdullayev Bizimyol.info-ya müsahibəsində adıçəkilən ünvanlarda bütün mənzilləri qabaqcadan satdıqlarını iddia edirdi. Əgər belədirsə, hansı mənzilin satılmayacağına zəmanət verildiyi də müəmmalıdır...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar