Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Özünü doğrayan Qarabağ əlili danışdı

30-05-2014, 16:54   

“O qədər get-gələ saldılar ki, artıq bezmişəm. Bədənimdə bu qədər qəlpə yarası var. Dəfələrlə həkim yoxlanışından keçmişəm. Lakin II qrup əlillik vermək istəmirlər”.

Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində özünə bıçaqla xəsarətlər yetirən III qrup Qarabağ əlili Rəşid Nəbiyev deyib. O, müxbirimizlə hazırda müalicə olunduğu Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində söhbətləşib.

R.Nəbiyev 1993-cü ildə könüllü olaraq Qarabağ döyüşlərinə gedib. 1994-cü ilin yanvar ayında Tərtərdə minaya düşüb. Ağır qəlpə yaraları alan R.Nəbiyev Bakıya - “Semaşko”ya gətirilib. Orada bir neçə ay müalicə aldıqdan sonra evə buraxılan R.Nəbiyev bu günədək heç bir yerdə işləməyib. İki qız, bir oğlan övladı var. Borca düşdükdən sonra Xutorda olan evlərini sataraq Binəqədi rayonunda - Biləcəri qəsəbəsinə köçüb. Yalnız həyat yoldaşı Sona Nəbiyeva işləyir.

R.Nəbiyev 2001-ci ilədək II qrup əlil olub. Daha sonra onun əlilliyi III qrupa salınıb. “III qrup edəndə dedilər ki, müalicə aldıqdan sonra sağalacaqsan. Elədilər II qrup. Müalicəm üçün bir qəpik də pul almamışam. 2012-ci ildə bankdan kredit götürüb Moskvaya müalicəyə getmişəm. Ancaq faydası olmadı. Sağalmadım. Həkim müalicəsindən keçəndən sonra sağ əlimin və ayaqlarımın vəziyyətinin yaxşı olmadığı bilindi. Yenə nazirliyə müraciət etdim. Bir az süründürdülər. Dediklərimə əhəmiyyət vermədilər. Öz bildiklərini edirlər. Deyirlər III qrup vermişik, bəsindir. Dünən də qəbul etmədilər. Mən də insanam. Bu torpaqlar üçün qarşılıq gözləmədən həyatımı riskə atmışam. Artıq bezmişəm. Nəticədə də belə oldu. Başqa nə edə bilərdim? İnsana bu qədər əziyyət vermək olmaz” - deyə R.Nəbiyev söylədi.

Qarabağ əlilinin həyat yoldaşı Sona Nəbiyeva hadisədən xəbər tutduqdan sonra nazirliyə çağırılıb: “Mənə zəng elədilər ki, belə bir hadisə baş verib. Nazirliyə gedəndə yoldaşımı artıq xəstəxanaya gətirmişdilər. Allaha and olsun, günü 5 manata limonad sexində fəhlə işləyirəm. Günlüyüm alıb taksi ilə bura gəlmişəm. Xəstəxanaya getməyə pulum yox idi. Nazirliyin binasındakı nəzarətçilərdən birindən yolpulu alıb getdim”.

S.Nəbiyeva dolanışıqlarının, yaşayış vəziyyətlərinin həddən artıq acınacaqlı olduğunu söylədi: “Həyat yoldaşımın aldığı 120 manat pensiyadır. Mən də günü 5 manata fəhlə işləyirəm. Oğlumuz da əsgərlikdən gələndən iş tapa bilmir. Gündəlik işlərdə işləyir. Dünən axşam evdə bir tikə quru çörək də olmayıb ki, yeyək. Gəlin vəziyyətimizi özünüz görün. Evdə adicə quru çay da yoxdur. Səhər tezdən heç nə yeməmişəm”.

S.Nəbiyeva dünən nazirlikdə olarkən onu hədələdiklərini də deyib: “Nazirlikdə olanda nazir müavinlərindən biri məni qəbul elədi. Səhv eləmirəmsə, adı Hikmət idi. Məni bir nəfərin yanına göndərdi. Dedi ki, Məşğulluq İdarəsinə get, sənə iş versinlər. Mənə iş lazım deyil. Yoldaşımı bu qədər süründürməsinlər. İstədiyi nədir ki?! II qrup əlillik verəcəklər, vəssalam. Bədəninə baxın, qəlpə yaralarından yer yoxdur. Fiziki sağlamlığını itirdiyindən fəhlə də işləyə bilmir”.

1961-ci il, oktyabrın 11-də Ermənistanda anadan olan Rəşid Nəbiyev 1984-cü ildə ailə həyatı qurub. Nəbiyevlər ailəsi 1989-cu ildə Bakıya gəlib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman babayev ANS PRESS-ə bildirib ki, nazirlikdə qəbul zamanı əlil şəxsin intihara cəhd etməsi barədə xəbərlər əsassızdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar