Rus mafiyası Elçibəyi öldürmək istəyirdi

15-07-2016, 08:10   
Rus mafiyası Elçibəyi öldürmək istəyirdi

Bir neçə gün öncə “Rossiya 1” telekanalının efirində “Kriminal Rusiya. Müasir xronikalar” verilişində indiyə qədər Azərbaycan ictimaiyyətinə məlum olmayan məlumat səsləndirildi – Ayrat Gimranovun Rusiyada məşhur olan cinayətkar dəstəsi Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyə sui-qəsd hazırlayırmış. Məlum olduğu kimi, bir çox arxiv sənədləri, həmçinin Rusiya hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının ifadələri göstərir ki, bu cinayətkar dəstə Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə edilirdi.


90-cı illərin əvvəllərinin Azərbaycanı Qarabağdakı qanlı müharibədən canını qurtara bilməyən, bir neçə dövlət çevrilişinə şahid olmuş və vətəndaş müharibəsindən əziyyət çəkən ölkə idi. 90-cı illərin əvvəllərinin Rusiyası da müharibələrlə, amma kriminal müharibələrlə yadda qalıb. Qanlı quldur müharibələrinin episentri isə. əlbəttə ki, Moskva idi – burada onlarla iri cinayətkar dəstə və yüzlərlə kiçik briqadalar fəaliyyət göstərirdi. Moskvadan fərqli olaraq, Sankt-Peterburqda cinayətkar dəstələrin sayı elə də çox deyildi, lakin bu fakt onların daha az qaniçən olmasına dəlalət etmirdi.

Rusiyanın mədəniyyət paytaxtının o zamankı ən məşhur cinayətkar dəstələrindən biri Ayrat Gimranovun bandası idi. Banda 1990-cı illərin əvvəllərindən 1999-cu ilə kimi fəaliyyət göstərmişdi. Onun lideri keçmiş “əfqan” zabiti, “Qızıl ulduz” ordeni kavaleri, “Tatarin” ləqəbli Ayrat Gimranov idi. Fəaliyyətlərinin başlanğıcında bandanın üzvləri oğurluqla məşğul olurdular. Eyni zamanda, onlar Gimranovun tanışı – keçmiş məmur Yuri Şutovun sifarişi ilə cinayətlər törədirdilər. Lakin böyük pullar gəlməyə başlayınca, cinayətkar banda fəaliyyət sahəsini genişləndirməyə başlamışdı.


Biz təfərrüatlara varmayacağıq və yalnız bu cinayətkar dəstə tərəfindən sifarişləri yerinə yetirilən Yuri Şutovun şəxsiyyəti üzərində dayanacağıq.

Şutov artıq həyatda deyil. Peterburqun ən məşhur deputatı və kriminal aləminin nümayəndəsi iki il əvvəl Rusiyanın ən məşhur düşərgəsi hesab edilən “Ağ qu quşu”da ölüb. Quldurluq üstündə ömürlük həbs cəzasına məhkum olunmuş Şutov sərhədsiz enerjisi və siyasi gözəgirənliyi ilə yaddaşlarda qalıb. Onun adı tarixdə Anatoli Sobçak, Mixail Maneviç, Qalina Starovoytova kimi şəxsiyyətlərlə bir sırada qalıb.

Lakin kriminal yolunun başlanğıcında – 1992-ci ildə Şutov və “Tatarin” quldurluq və silah saxlama maddələri ilə cinayət işinə cəlb edilmişdilər. Lakin cəmi il yarımdan sonra Şutov şəhəri tərk etməmək şərti ilə azadlığa buraxılmış, daha 2 il sonra isə Sankt-Peterburqun Vıborq rayon məhkəməsinin qərarı ilə tam bəraət qazanmışdı.


Sonradan o, Dövlət Dumasının sədr müavini Sergey Baburinin köməkçisi və partiyasının üzvü olacaq, Peterburq qubernatorunun müavini Mixail Maneviç və Qalina Starovoytova ilə münaqişəyə girəcək, və onlar az sonra güllələnəcəkdilər.

Şutov 1999-cu ildə həbs edilib və ömrünün qalan hissəsini “Ağ qu quşu”nda keçirib. Onun başkəsəni Ayrat Gimranov isə hələ də ömürlük cəzasını çəkir.

Bəs Ayrat Gimranovun və Yuri Şutovun iki onillik öncə Sankt-Peterburqda fəaliyyət göstərmiş cinayətkar dəstəsini Azərbaycanla nə bağlayırdı? Gimranovla Şutovun daha öncə məlum olmayan cinayət işlərindən göründüyü kimi, ölkəmizlə onlar bilavasitə bağlı idilər. Rusiyanın “Birinci kanal”ının jurnalistlərinin əlinə keçmiş məlumatlara görə, Ayrat Gimranovun bandası Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəyə qarşı sui-qəsd hazırlayırmış.

Azərbaycan prezidentinin Sankt-Peterburqun qana həris cinayətkar dəstəsinin “yolunu” nə zaman keçdiyi məlum deyil. Elçibəyi “Tatarin” və Şutovla nəsə bağlaya bilərdimi? Çətin ki.

Yayılmış mülahizəyə görə, 90-cı illərin ən iri cinayətkar dəstələri və qaniçən kriminal avtoritetləri Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə edilib. Çox vaxt xüsusi xidmət orqanları əllərini səs-küylü siyasi qətllərə bulamaq istəmirdilər və bunun icrasını kriminal aləmin nümayəndələrinə tapşırırdılar. Buna görə də, inkar etmək olmaz ki, Əbülfəz Elçibəyə qarşı baş tutmamış sui-qəsd tarixin bizim çətin ki nə vaxtsa xəbər tutacağımız ağ səhifələrindən biri olub.

(virtualaz)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar