Bankları yox, ölkəni nağdsızlaşdırın

11-08-2016, 10:04   
Bankları yox, ölkəni nağdsızlaşdırın
Onsuz da Azərbaycanı «nisyələr ölkəsi»nə çevirmisiz

Hökumət böhranla əl-ələ verib, ölkəni əldən salmaqla məşğuldu. Gözümüzün qarşısında ölkə üzüaşağı gedir, hökumət isə yarıtmazlığı ilə üzüaşağı gedəni itələməyə çalışır. Yəni, bu təhlükəli tendensiyanı dayandırmaq əvəzinə, təhlükə tendensiyası yaradırlar.

Gah xəbər tuturuq ki, vətəndaş çörək ala bilmir və buna görə 10 qəpiklik “vozvrat” çörək axtarır. Gah xəbər tuturuq ki, problemli kreditlərin həcmi maksimuma çatıb. Gah xəbər tuturuq ki, yüzlərlə sahibkar vergi borcunu ödəyə bilmədiyi üçün ölkədən buraxılmır, gah eşidirik ki, kredit borcunu qaytara bilməyənlrə intihar yolunu seçiblər. Ümumiyyətlə, ölkə əhalisi banklara 20 milyard manat pul borcludur. Lombarddakı girovlar, maaş kartı, şəxsiyyət vəsiqəsi ilə borc almalar, nisyə dəftərləri, qarşılıqlı etimad əsasında borclanma da öz yerində. Yəni, ölkədə ciddi pul böhranı yaranıb, ödəmə qabiliyyəti tamam ölüb, nəğd ödənişi nisyələr əvəzləyib. Belə bir vaxtda xəbər gəldi ki, banklar da nağd əməliyyatları məhdudlaşdırır. Bu barədə Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında nazir müavini Ilkin Vəliyev məlumat verib: “Bu son təklif deyil. Bu təklif üzərində müzakirələr gedir. Nəzərdə tutulur ki, 1000 manatdan yuxarı nağdsız əməliyyatlar stimullaşdırılsın. Bu təkcə bizdən asılı olan məsələ deyil. Burada bankların xidmət haqları da var. Kommersiya bankları da tarifləri aşağı salaraq bu stimullaşdırmaya dəstək verməlidirlər”- deyə nazir müavini bildirib.


Vəziyyət o həddə çatıb ki, nağdsızlaşdırma zərurəti hiss ediblər. Bu yolla yeni “islahat”ın əsasını qoyacaqlar. Amma bizim toxunmaq istədiyimiz məsələ taamam fərqlidir. Yaxşı olar ki, ölkə özü rəsmən nağdsız fəaliyyətə keçsin. Yuxarıda da qeyd etdiyimiz kimi onsuz da əhalidə nağd pul yoxdur. Gündəlik təlabatların ödənilməsi qarşılığında pul əvəzinə, vəd verilir, nisyə dəftərinə ad yazılır. Artıq toya dəvətnamə alan adam da “borca yaz” deyir, dərziyə paltar tikdirən də “verəcəm” söyləyir. “Maaşda görüşərik” isə ümummilli sözə çevrilib. Bir sözlə, hamı sözlə alış-veriş edir. Ona görə də nağdsızlaşdırma əməliyyatını əhaliyə də tətbiq etmək laızmdır.

Bir halda ki, bank bu ənənədən imtina edir, o zaman ölkənin yeni sistemə keçməsi daha məqsədəuyğundur. Bəli, ölkə qeyri-rəsmi olaraq “nisyə sistemə” keçib. Birazdan “nağd” anlayışı tamam arxivə keçəcək. Heç natural təsərrüfat da baş tutmayacaq.

Demək istəyirik ki, analoqsuz idarəçilik nəticəsində onsuz da nağd əməliyyatlar rəhmətə gedib. Ümumiyyətlə, yeni yaradılan Maliyyə Nəzarəti Palatasını da ləğv etmək laızmdır. Olmayan şeyə nəzarət etmək absurddur. Yaxşı olar ki, maliyyəsizliyə nəzarət komitəsi yaradılsın və bu komitə də nisyələrin dalınca qaçsın.

Ölkəni elə vəziyyətə qoyublar ki, baş verənlərə qeyri-ciddi yanaşmaq məcburiyyətindəyik. Çünki, ölkə qeyri-ciddi adamların, qeyri-ciddi əməllərinin qurbanı olub. Hökumət Azərbaycanı “nisyələr ölkəsi”nə çevirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar