Dolları villa sahibləri bahalaşdırır

13-08-2016, 09:15   

Əmlakın dəyərdən düşməsinin qarşısını almaqdan ötrü onu nağd pula çevirib, dollar alışına yönəldirlər

Bazar ertəsi üçün dolların rəsmi məzənnəsi 1,6102 səviyyəsində müəyyən olunub. Bu barədə Mərkəzi Bankdan bildirilib. Dünən isə USD/AZN rəsmi məzənnəsi 1,6102 manat səviyyəsində olub. Qeyd edək ki, bu ilin 11 mart tarixində rəsmi USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, 25 may tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü.

Hazırda hər gün məzənnədə dəyişiklik müşahidə olunur. Manatın dəyər itirməsi bank sektoruna daşınmaz əmlak bazarına da təsir edir. Milli valyutanın dəyərdən düşməsi mənzillərin, ticarət obyektlərinin qiymətinin enməsinə səbəb olur.


Qəzetimizə daxil olan məlumata görə, bu üzdən son zamanlar daşınmaz əmlak bazarına dəyəri yüz minlərlə, milyonlarla ölçülən bahalı vilalar, ticarət obyektləri çıxarılır. Bu əmlakların sahibləri manatın dəyərdən düşməsini müşahidə etdiklərindən bu addımı atırlar. Digər tərəfdən, bəzi sahibkarların borclarının kritik həddə çatması onları bu addımı atmağa vadar edir. Əldə olunan vəsait isə dollar alışına yönəlir ki, bu da onsuz da dollara olan tələbatı bir qədər də artırır.



Iqtisadçı Nemət Əliyevin fikrincə, Azərbaycanın tədiyyə balansı həmişə neftin qiymətinin yüksək olması hesabına müsbət olub. Azərbaycan məhz bu gələn neft pulları hesabına tədiyyə balansında müsbət saldoya nail ola bilirdi: “Ölkənin xarici ticarət balasında gərgin vəziyyət yaşanır. Orada bizim valyuta əldə etmək imkanımız yoxdur. Xarici ticarət balansında ixracla müqayisədə idxal hesabına valyuta itkilərimiz o dərəcədə böyüyüb ki, orada mənfi kəsir yaranıb. Həmin kəsir artıq bu ilin birinci rübündə ortalığa nəticə qoydu. Məlum oldu ki, ölkənin tədiyyə balansı üzrə 430 milyon dollar məbləğində kəsir yaranıb. Həmin tədiyyə balansında vəziyyəti düzəltməkdən, manata təzyiqi azaltmaqdan ötrü ölkənin qazancını artırmaq lazımdır. Bunu da əldə etməkdən ötrü gərək ölkənin qeyri-neft sahələri yüksək səviyyədə inkişaf etsin. Bizim nəqliyyat, turizm və digər şirkətlərimiz xaricdən daha çox vəsait cəlb edə bilsin. Təəssüflər olsun ki, o sahədə xidmət səviyyəsi aşağı olduğuna görə oradan qazanc əldə etmək imkanlarımız çox məhduddur. Təəssüflər olsun ki, Azərbaycan hökuməti bu sahədə irəliləyiş əldə edə bilmir. Sahibkarların bu sahədə illərlə oturuşmuş əmtəə nişanı yaratmasına imkan verilməyib”.

Hazırda daşınmaz əmlak bazarına bahala villaların, ticarət obyektlərinin çıxarılmasına gəlincə, bu, bazarda baş verən proseslərlə bağlıdır. Daşınmaz əmlakın dəyər itirməsi həmin əmlakların sahiblərini hərəkətə keçirib. Və onlar əmlaklarının dəyərdən düşməsinin qarşısını almaqdan ötrü onları nağd pula çevirməyə, həmin vəsaiti isə dollar alışına yönəltməyə çalışırlar. N.Əliyevin sözlərinə görə, amma bu proses ölkəyə dollar gətirən tendensiya deyil. Əksinə, bu addımlar dollara bazarda olan tələbatı bir qədər də artırır: “Mərkəzi Bankın yanlış siyasəti ölkə daxilində iqtisadi fəallığı daha da məhdudlaşdırır. Atılan addımlar iqtisadi sabitliyə ciddi ziyan vurur. Belə olan halda tədiyyə balansında müsbətə nail olmaq mümkün deyil”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar