«Azərbaycanın «iqtisadi inkişafının» məntiqi sonu budur»
“Sumqayıtda gecə yarısı pəncərəni qıraraq mağazaya girən naməlum oğrunun davranışı hər kəsi, o sıradan mağaza sahibini də təəəccübləndirib. Kassada 200 manat pulun olmasına baxmayaraq, həmin pulun 1 manatına da toxunmayan oğru yalnız özünün zəruri bildiyi məhsulları götürərək gedib. Onun mağazadan götürdüyü məhsulların siyahısı isə belə olub: 10 yumurta, 2 çörək və 4 pampers.
Oğurluq hadisəsindən səhər saatlarında xəbər tutan mağaza sahibinin bu olaydan çox təsirləndiyi və bu üzdən də hüquq mühafizə orqanlarına müraciət etmədiyi bildirilir”.
Sumqayıtda baş verən bu hadisə nədən xəbər verir? Adamlar artıq çörək oğurluğunamı keçib? O biri tərəfdən, insanlar öz simalarını hələ də qoruyurlar…
Hüquqşünas Qurban Məmmədov deyir ki, bu cür hadisənin baş verməsi artıq cəmiyyət üçün bir siqnal olmalıdır: “Əvvəla bu məsələyə hüquqi baxımdan yanaşsaq, bir oğurluq hadisəsi baş verib, çox ağır bir cinayət baş verib. Insan haram yeməməlidir. Amma əgər o adam dükana girib yalnız öz ailəsinin zəruri ehtiyaclarını götürübsə, orda, məncə, nə haram var, nə günah var, nə də cinayət var.
Amma baş verən bu hadisə cəmiyyətimizdə mövcud iqtisadi durumun, sosial vəziyyətin göstəricisidir. Hakimiyyət bu məsələdən çox ciddi dərslər çıxarmalıdır. Bu çox böyük problemdir. Bu onu göstərir ki, insanlar artıq aclıq həddindədir və balasını sadəcə olaraq gündəlik yeməklə təmin etmək üçün ağır bir cinayətə əl atır. O baxımdan hesab edirəm ki, bütün cəmiyyətimizə də, dövlətimizə də bu bir siqnal olmalıdır”.
Ola bilsin, onun bir mesajı da var
Siyasi psixoloq Samirə Qasımlının fikrincə, sabah belə faktlar çoxala bilər: “Bu, doğrudan da həm çox ürəkağrıdıcı, həm də qürurverici bir faktdır. Insanlara ümid verən faktdır. Bunun üzücülüyü ondadır ki, insanların sosial durumu, yoxsulluq o həddə gəlib çatıb ki, insan ən minimal ehtiyacını ödəyə bilmir. Digər tərəfi isə, bu insanın təmizliyinin, dürüstlüyünün göstəricisidir. Yəni insanlıq ölməyib. Adam gəlib başqa şeylər də oğurlaya bilərdi. Ancaq gəlib özünün ən minimal ehtiyaclarını götürür.
Ikincisi, ola bilsin, onu götürən adamın özünün bir mesajı var idi cəmiyyətə, görün vəziyyət nə yerdədir ki, mən evə bir çörək, bir pampers belə apara bilmirəm. Amma məni qorxudan məsələ odur ki, bu gün ölkədə iqtisadi vəziyyət, maddi durum artıq o həddə gəlib çata bilər ki, bu gün bu bir siqnal kimi görünə bilər. Sabah bu faktlar daha da çoxala bilər.
Biz bu gün mətbuatda iqtisadçıların proqnozlarını oxuyuruq ki, vəziyyət o həddə çatacaq, bəzi insanlarda pul olacaq, nəsə almaq istəyəcəklər, amma marketlərdən almağa bir şey tapmayacaqlar. Vəziyyət gəlib o qədər çətin duruma çatacaq. Sovetlərin çökmə dövründəki kimi. Yoxsulluğun pik həddinə çatdığı dövrdəki kimi. Ona görə biz bu gün özümüzü bu kimi faktlara hazır saymalıyıq. Adətən sosial vəziyyət, insanların maddi durumu pis olanda onlar başqa şeylər haqqında düşünmür. Yalnız sadəcə ailəsinin, uşaqlarının tələbatını ödəməyi düşünür. Kriminalın, cinayətkarlığın artmasından qorxum var”.
“Hər birimizi pampers oğrusuna çevrilmək gözləyə bilər”
Publisist, yazar Elnir Astanbəyli isə deyir ki, xalq bugünkü və gələcək taleyinin həllində iştirak etməyə məhkumdur. Əks halda əksəriyyət çörək oğrusuna çevrilə bilər:
“Əslində gözlənilən bir şey idi. Son aylarda iqtisadi durumun ağırlaşması, son dövrdə iki ard-arda devalvasiyadan sonra gözlənilən idi. Azərbaycan hakimiyyəti sadəcə olaraq mif üzərində qurulmuş, öz təbirlərincə desək, iqtisadi inkişafının məntiqi sonu budur. Bunu hər kəs proqnozlaşdırırdı ki, proseslər Azərbaycanda işsizliyin, yoxsulluğun, aclığın, səfalətin sərhədlərinin daha da böyüməsi ilə nəticələnəcək.
Eyni zamanda bizə Viktor Hüqonun “Səfillər”indən tanış olan Jan Valjanın timsalında çörək oğurluğu ki vardı, o artıq Azərbaycanda həyat gerçəkliyinə çevriləcək. Son vaxtlarda biz belə hadisələri çox görürük. Son bir neçə ayda iki çörək oğurluğu ilə bağlı fakt olmuşdu. Bunlar artıq Azərbaycanın həyat gerçəkliyinə çevriləcək. Bunlara artıq biz alışacağıq. Bu cür xəbərlərə öyrəşəcəyik.
Son 20 ildə ölkənin gətirilib çıxarıldığı nöqtə budur. Özlərinin rəsmi etiraf etdiklərinə görə, 15 ildə Azərbaycana 120 milyard dollara qədər neft pulu gəlib. Bu neft pullarının mütləq çoxluğu korrupsiyaya, gərəksiz layihələrə, musiqi, idman yarışlarına xərclənib. Xalqın ümumi rifahı üçün əlverişli layihələrə deyil, tam absurd, gərəksiz, əhəmiyyətsiz, şou xarakterli, hakimiyyətin sadəcə və sadəcə ölkədən kənarda imicini düzəltmək üçün nəzərdə tutulmuş idman yarışlarına, musiqi festivallarına, hansı sorumluluğu bilinməyən forumlara, konfranslara xərclənib.
Reallığın da bu gün gəlib çıxdığı nöqtə ortadadır. Xalqın səfaləti getdikcə artır. Bütün bunlar haqqında düşünmək əvəzinə isə “az qalıb, jmıx yeyəcəyik” deyən iqtisadçı eksperti tuturlar, yenə də ənənəvi siyasi represiyyaları davam etdirirlər. Sanki bunlar həmin o çörək oğurluqlarını, pampers oğurluqlarını kompensasiya edəcəkmiş.
Mənim gözləntim odur ki, biz yaxın aylarda buna bənzər xəbərləri çox tez-tez eşidəcəyik. Bir müddət sonra da bunlar bizim üçün adiləşmiş xəbərlərə çevriləcək. Artıq xalq bugünkü və gələcək taleyinin həllində iştirak etməyə məhkumdur. Yoxsa bizim hər birimizi çox qısa zamanda çörək oğrusuna, pampers oğrusuna çevrilmək gözləyə bilər”.
“Azadlıq” radiosu