Vahid MustafayevVahid Mustafayev: “Biz oğru deyilik, rüşvətxor deyilik, dövlət təşkilatı deyilik ki, büdcədən pul oğurlayaq”
“Bizi öldürməyin, qoyun yaşayaq, sabah yenə bizə ehtiyacınız olacaq”
“ANS-in təxminən min nəfər əməkdaşı işsiz qalıb, ağır vəziyyətdədir. Onların arasında ağır xəstəsi olan var. Bir neçə əməkdaşımızın yaxınları xərçəng xəstəliyindən əziyyət çəkir, onların müalicəsinə pul lazımdır. Biz oğru deyilik, rüşvətxor deyilik, dövlət təşkilatı deyilik ki, büdcədən pul oğurlayaq. Biz indi sizə padşah kimi baxırıq. Siz də padşahsınızsa, heç olmasa, öz nökərlərinizi fikirləşin, adamları küçələrdə ac qoymayın. Bizi öldürməyin, qoyun yaşayaq, sabah yenə bizə ehtiyacınız olacaq. Bir az mərhəmətli olun. Nəzərə alın ki, biz də adamıq, biz də bu ölkənin vətəndaşlarıyıq, sabah bizə ehtiyacınız ola bilər…”
Bunu ANS-in prezidenti Vahid Mustafayev dünən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “ANS ÇM” radiosunun lisenziyasının dayandırılması ilə bağlı prosesdə çıxış edərkən deyib. Məhkəmə prosesi “ANS ÇM”in Teleradio Şurasına qarşı iddiası əsasında keçirilib. Şura iyulun 18-də ANS telekanalı ilə yanaşı, radionun da lisenziyasının ləğvi barədə qərar çıxarıb. İndi “ANS ÇM” məhkəmədən həmin qərarın etibarsız sayılmasını və Teleradio Şurasından 1 milyon kompensasiya tutulmasını tələb edir.
Hakim Elçin Məmmədovun sədrliyilə keçirilən məhkəmə iclasında “ANS ÇM”in nümayəndələri bir sıra vəsatətlər qaldırıblar. Birinci vəsatət 18 iyul 2016-cı il tarixli qərarın icrasının dayandırılması, cavabdehin üzərinə radionun fəaliyyətinin bərpası barədə öhdəlik qoyulması haqda olub.
“Teleradio Şurasının hərəkətləri nəticəsində ANS-ə və onunla əlaqəli olan digər qurumlara külli miqdarda ziyan dəyib. Minə yaxın əməkdaşımız işsiz qalıb. İddiaya baxılıb qərar qəbul edilməsi, onun qüvvəyə minməsi xeyli vaxt aparacaq. Həmin müddətdə şirkətə ziyan dəyməkdə davam edəcək. Ona görə də xahiş edirik, müvəqqəti xarakterli müdafiə tədbiri kimi, radionun fəaliyyətinin bərpası barədə qərardad qəbul edəsiniz”, – deyə “ANS ÇM”in nümayəndəsi, vəkil Raqif Mustafayev bildirib.
Teleradio Şurasının nümayəndəsi Toğrul Məmmədov bu vəsatətin əsassız olduğunu bildirərək, onun təmin olunmamasını xahiş edib.
Hakim E.Məmmədov bildirib ki, növbəti iclasda bu məsələ ilə bağlı qərar veriləcək.
“Hamıya demək istəyirəm ki, bugünkü hərəkətlərinə görə ehtiyatlı olsunlar”
Raqif Mustafayev onu da qeyd edib ki, “ANS ÇM”in lisenziyasının ləğvinə dair Teleradio Şurasının qərarını indiyə qədər almayıblar.
Vahid Mustafayev də onun dediklərini təsdiqləyib: “Bizə heç bir qərar verilməyib. Polislər gəlib, qanuni əsas olmadan bizi çıxarıb, qapıları bağlayıblar. Bu günə qədər ora daxil ola bilmirik, hətta xadimələrimiz belə girib təmizlik işi aparmaq imkanından məhrumdur”.
V.Mustafayev onu da qeyd edib ki, prezidentin 1 iyun 2016-cı il tarixli sərəncamı ilə lisenziyanın verilib-alınması səlahiyyəti İqtisadiyyat Hazirliyinə verilib. Ona görə də Teleradio Şurası “ANS ÇM”in lisenziyasını ləğv edə bilməzdi: “ANS ÇM regionda ilk müstəqil, Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radiodur. Hamıya demək istəyirəm ki, bugünkü hərəkətlərinə görə ehtiyatlı olsunlar. Elə olmasın ki, sabah xalqın qarşısında bugünkü hərəkətlərinə görə peşman olsunlar”.
“Bütün bədənim tikə-tikədi”
Məhkəmədə davranışla əlaqədar hakim V.Mustafayevə irad bildirib. AHS-in prezidenti irada belə cavab verib: “Biz cəbhələrdə olmuşuq, məhkəmə zallarında yox. Bütün bədənim tikə-tikədi, kontuziya almışam. Əvvəlcədən sizdən üzr istəyirəm ki, davranışımda müəyyən səhvlər ola bilər”.
“ANS ÇM”in digər nümayəndəsi Sevda Məhərrəmova “ANS Kommers” şirkətinin üçüncü tərəf kimi məhkəməyə cəlb olunması barədə vəsatət qaldırıb. Bildirib ki, Teleradio Şurasının qərarı bu şirkətin də maraqlarına ciddi zərbə vurub, onu ziyana salıb. S.Məhərrəmovanın sözlərinə görə, “ANS ÇM”lə bu şirkət arasında müqavilə olub. Müqaviləyə əsasən, “ANS ÇM”də reklam yerləşdirmək səlahiyyəti yalnız bu şirkətdə olub. Şirkət də öz növbəsində müxtəlif qurumlarla reklamlarının bu radio stansiyada yerləşdirilməsi barədə müqavilələr bağlayıb və radionun fəaliyyətinin dayanması ilə həmin qurumlar qarşısında pis vəziyyətdə qalıb.
“Tarix qarşısında tarixi hərəkət edin”
“ANS Kommers”ə yüzminlərlə dollar həcmində ziyan dəydiyini deyən Vahid Mustafayev vəsatətə əlavə olaraq qeyd edib ki, müxtəlif beynəlxalq şirkətlər də Teleradio Şurasına qarşı beynəlxalq səviyyədə iddialar qaldırmaq niyyətindədir. Çünki Azərbaycan ərazisində onların hüquqları pozulub: “Biz hələ ki, beynəlxalq strukturların qarşısını alırıq. Vəd veririk ki, məsələ dövlətimiz tərəfindən həll olunacaq. Xahiş edirik, bu qanun pozuntularının qarşısını alın. Tarix qarşısında tarixi hərəkət edin, “ANS ÇM”i Azərbaycan xalqına qaytarın”.
Məhkəmə vəsatəti təmin etməyib.
“Ölkəyə cəlb etdiyimiz xaricilərə nə cavab verək?”
Vahid Mustafayev məhkəmənin qərarına etiraz edib: “Bu müstəqil dövlətin, məhkəmələrin yaranması üçün biz vuruşmuşuq. Onun nəticəsidir ki, siz bu gün burada kabinetdə, mantiyada oturmusuz, vəsatətlərimizi rədd edirsiz, heç bir izahat da vermirsiz. Başa düşürəm ki, siz də kimlərəsə tabesiz. Biz müharibədən çıxıb buralara gəlmişik. Yəqin ki, cavan yaşlarınızda televiziyanı açıb, Qarabağ haqqında xəbərləri bizdən almısız. Bizim nə günahımız var axı? Biz sizin yanınıza köməyə gəlmişik. Biz fəxr edirik ki, müstəqil dövlətimiz, müstəqil məhkəməmiz var”.
V.Mustafayev ANS-in fəaliyyətinin dayandırılması ilə ölkənin imicinə də ciddi zərbə dəydini deyir: “Siz bu gün dövlət imtahanı verirsiz. Bu iş adi iş deyil, tarixi işdir. Biz yüzminlərlə pul itiririk. Bu pulları Prezident Aparatı, Nazirlər Kabinetinin qərarları əsasında sərmayədarlar vasitəsilə Azərbaycana gətirmişik. Onlara burada biznes üçün münbit şərait olduğunu demişik. Həqiqətən münbit şərait yaradılıb da. Onlar da inanıblar, gəliblər. İndi də bizdən izahat istəyirlər. Cavab verməkdə aciz qalmışıq. İstəmirik ki, Azərbaycan xarici dövlətlərin qarşısında pis vəziyyətdə qalsın. Bizə bir yol göstərin, biz onlara nə deyək ki, biabır olmayaq? Söhbət Mirşahindən, Vahiddən getmir, dövlətçiliyimizdən gedir. İndi baxdığınız məsələlər mənim bütün həyatımdır. Bütün həyatımı bu işə qoymuşam. Onlar bizimlə yanaşı, digər televiziya və radio kanallarından da pullarını geri çəkəcəklər. Çünki inamları olmayacaq. Təəccüblənirlər ki, necə ola bilər, bir günün içində televiziyanı, radionu bağlayırlar? Sizdə bu baş verənlər nədir?”
“Bizə niyə bu barədə məlumat verilməyib?”
V.Mustafayev “ANS ÇM” radiosunun lisenziyasının qanun pozuntularına görə ləğv olunması barədə deyilənlərə də münasibət bildirib. Qeyd edək ki, Teleradio Şurası bu radiostansiyanın qanun pozuntularına yol verdiyi barədə 26 qüvvəyə minmiş məhkəmə qərarı olduğunu bildirir. Əlavə edir ki, il ərzində üç belə pozuntu qeydə alınarsa, Şuranın lisenziyanı ləğv etmək hüququ yaranır.
“Əgər qanun pozuntusu var idisə, əvvəldən niyə bizə bu barədə məlumat verilməmişdi? Bizə dəstək olun ki, dövlətimizi xaricilər qarşısında xilas edək”, – deyə V.Mustafayev bildirib.
Məhkəmə prosesinin gedişində Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli qərarı, eyni zamanda cavabdeh tərəfin iddia ərizəsinə yazılı etirazı “ANS ÇM” nümayəndələrinə təqdim olunub. Raqif Mustafayev bu sənədlərlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Ona görə də bu iş üzrə məhkəmə prosesində sentyabrın 6-na qədər fasilə verilib.
Aytən