ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ötən həftə Moskvada olub və Qarabağ münaqişəsinin nizamlanmasına dair məsləhətləşmələr aparıb.
Virtualaz.org xəbər verir ki, diplomat Moskvada olarkən “İnterfaks”a müsahibə verib. Həmin müsahibənin tərcüməsini təqdim edirik:
-Minsk Qrupu həmsədrlərinin Moskvada keçirdiyi görüşləri necə qiymətləndirirsiniz? Sizi xarici işlər naziri Sergey Lavrov da qəbul edib. Təəsüratlarınız necədir?
-Xarici işlər naziri Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kasprşik və digər həmsədrlərlə birlikdə görüşdük. Bir saata yaxın davam edən görüş zamanı biz Dağlıq Qarabağda sülh prosesini və növbəti addımları müzakirə etdik. Nazir Sergey Lavrovla sülh prosesinin irəliləməsinə necə təsir edə biləcəyimiz haqda danışdıq. Məhsuldar görüş oldu. Biz XİN rəhbəri Lavrovun bu məsələnin müzakirəsinə necə çox vaxt ayırdığını qiymətləndiririk.
-Şəxsən siz hansısa təklif irəli sürdünüz?
-Başa düşmək lazımdır ki, nizamlanmanın strukturu artıq neçə illərdir müzakirə olunur. Nizamlanmaya dair ayrı-ayrı şərtlər var, lakin bizim hamımıza Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsi lazımdır ki, irəli gedə bilək. Biz bu şərtləri Sergey Lavrovla müzakirə etdik və tərəflərlə münaqişənin nizamlanmasına dair işi necə qura biləcəyimiz haqda danışdıq.
-Hansı ideyaların müzakirə olunduğu haqda ətraflı danışa bilərdiniz? ABŞ, Fransa və Rusiya tərəfindən hansı təkliflər irəli sürülüb və sizin buna münasibətiniz necədir?
-Bu elə sahədir ki, ABŞ, Rusiya və Fransa arasında tam qarşılıqlı anlaşma var. Biz münaqişənin dinc yolla nizamlanmasına dair yanaşmaları bölüşürük. Ona görə də mən hesab edirəm ki, bizim birgə işimiz çox məhsuldardır. Bu məsələ Lavrovla və dövlət katibi Con Kerri ilə bir neçə dəfə müzakirə olunub.
Bildiyiniz kimi Vyanada dövlət katibi Kerrinin sədrliyi ilə sammit oldu. Bu yaxınlarda isə prezident Putin iki prezidenti Sankt-Peterburqda qəbul etdi. Nəticə olaraq biz Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmaların yerinə yetirilməsini gözləyirik. Bax biz bunun üzərində işləmişik.
Yəqin bilirsiniz ki, bu sammitlər sayəsində nizamalama prosesinə dair bir çox şərtlər meydana çıxdı.
Məsələn, ATƏT-in müşahidə missiyasının genişləndirilməsi kimi. Biz əlbətdə ki, bu razılaşmaların inkişafını gözləyirik. Bundan əlavə ABŞ Rusiya və Fransa ilə birlikdə Vyanada və digər paytaxtlarda müşahidə missiyasının genişləndirilməsinə cəlb olunacaqlar.
Başqa aspektlər də var ki, biz bunları görmək istərdik, eləcə də prezidentlərin növbəti görüşünün harada keçiriləcəyi ilə bağlı. Görüş zamanı Ermənistan və Azərbaycan prezidentləri prosesin irəliləməsi üçün həlli vacib olan əsas problemləri müzakirə edirlər. Fikrimcə ABŞ, Rusiya və Fransa bu sammitlərin nəticələrinin düzgün istiqamətdə addımlar olması ilə razılaşacaqlar. Və biz öz təkliflərimizi irəli sürmüşük. Nazir Lavrov şəxsən bu prosesə cəlb olunub. Bildiyiniz kimi hər iki prezident də bu problemlə məşğuldur.
Ermənistan prezidenti Serj Sərkisyan avqustun 10-da Moskvada olub və Putinlə görüşüb. Bundan qabaq Putin Bakıya baş çəkib və Azərbaycan prezidenti İlham Əliyevlə növbəti addımları müzakirə edib. Və yaxşı xəbər budur ki, apreldə başlayan “dördgünlük müharibə”dən sonra biz aylardır ki, atəşkəsə az-çox riayət edildiyini görürük. Və bu bizim danışıqlarda irəliləyiş əldə etməyimizə kömək edən atmosferdir.
Ona görə də biz istərdik ki, prezidentlərin daha bir görüşü baş tutsun. Biz prezidentlər arasında ortaq nöqtə tapmaq üçün işləməyə və 20 ildən çoxdur davam edən sülh prosesində nəhayət nəticə əldə etməyə hazırıq.
-Prezidentlərin yeni sammitini təşkil etmək planı varmı?
-Plan var, ancaq hələlik konkret deyil. Biz prezidentlərin yeni görüşünün keçirilməsini istəyirik, ancaq hələlik bu görüşün vaxtı və harada baş tuta biləcəyi haqda heç bir aydınlıq yoxdur. Həmsədrlər olaraq biz xarici işlər nazirləri ilə görüşürük. Ümid edirik ki, hər iki nazirlə BMT Baş Assambleyasının sessiyasının gedişində görüşəcəyik. Ümid etmək istərdik ki, orada prezidentlərin də görüşü baş tutacaq.
-ABŞ üçün Qarabağ münaqişəsinin ideal həll yolu necədir?
-Fransa və Rusiya üçün necədirsə bizim üçün də elədir. Sülhün əldə edilməsinə yönəlmiş cəhdlər kifayət qədər uzun çəkdi və bu işə xeyli qüvvə sərf olundu. Münaqişə həddən artıq uzun çəkir, 20 ildən çoxdur ki, həddən artıq insan həlak olub. Münaqişə isə nizamlana bilər. Bizim nizamlamaya dair planımız var və biz onları müzakirə edirik.
Bizim üçün ideal həll yolu odur ki, qalib və məğlub tərəf olmasın, hər iki tərəfə sərfıki həll yolu tapılsın. Bir çox illər ərzində digər məsələlər barədə danışıqlar aparmış adam kimi deyə bilərəm ki, əgər tərəflərdən biri qurbanlara və kompromislərə getsə danışıqlar uğurlu ola bilməz. Danışıqlar o vaxt uğurlu olarkı ki, hər iki tərəf qazansın-Ermənistan və Azərbaycan sakinləri, bütün region sülh və təhlükəsizlik şəraitində yaşamaq haqqına malikdir.
Çox da uzaq olmayan keçmişdə ermənilər və azərbaycanlılar yanaşı və sülh şəraitində yaşayırdılar. İndi həmin dövrlər keçib. Kədərlidir, ancaq faktdır ki, ermənilərin və azərbaycanlıların yeni nəsli bir-birlərini tanımadan böyüyür. Onlar bir-birləri haqda ancaq KİV-lərdən, xəbərlərdən eşidirlər. Biz insanlar arasında təmas görmək istərdik. Və dinc nizamlama kimi biz istərdik ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilsinlər. İnanıram ki, Ermənistanda da, Azərbaycanda da bir çox sakinlər buna hazırdır.
-Bəli, elədir. Bununla belə bu, ərazi mübahisəsidir və mən bilirəm ki, Azərbaycan tərəfi ermənilərin Dağlıq Qarabağda bir sıra yüksəklikləri azad etməsində israr edir. Sizcə bu mübahisə necə nizamlana bilər?
-Əlbətdə. Nizamlama Dağlıq Qarabağın statusunun əvəzində bu ərazilərin bir hissəsinin Azərbaycanın nəzarətinə qaytarılmasını nəzərdə tutur. Bu, nizamlama şərtləridir, lakin yeganə şərtlər deyil. Qaçqınların qayıtması, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi. Bütün bu elementlər dinc nizamlama variantının şərtləridir və hamıya bəllidir. Biz gərək tərəflərlə işləyək ki, bütün bu şərtləri birləşdirək və dinc həllə nail olaq, regionun əhalisi də bundan qazana bilsin.
-Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa son səfərini necə qiymətləndirirsiniz? Bu, münaqişənin nizamlanmasına kömək edirmi?
-Bildiyiniz kimi o, Dağlıq Qarabağdandır, ona görə də onun həmin ərazilərə getməsində qeyri-adi heç nə yoxdur. Lakin bütün tərəflərin mövqelərini eşitmək lazımdır. Həmsədrlər də müntəzəm olaraq Dağlıq Qarabağa baş çəkirlər ki, oradakı faktiki hakimiyyətin nümayəndələri ilə müzakirələr aparsınlar. Mühümdür ki, bütün səslər eşidilsin. Təəcüblü heç nə yoxdur ki, Sərkisyan belə səfər edib və mən gözləyirəm ki, həmsədrlər də tezliklə bu regiona gedəcəklər.
-Rusiyanın nizamlama prosesindəki rolunu necə qiymətləndirirsiniz?
-Əlbətdə, Rusiyanın rolu çox pozitiv və məhsuldardır. Biz bunu görməkdən çox şadıq ki, prezident Putin şəxsən bu məsələ ilə məşğuldur və əlbətdə ki, nazir Lavrov məsələ ilə bağlı yaxşı məlumatlıdır. Diqqətəlayiqdir ki, o, on ildən artıqdır ki, danışıqlar prosesinə güclü şəkildə cəlb olunub və sualtı daşların harada gizləndiyini yaxşı bilir. Biz onun yanaşmasına çox hörmət edirik. Dövlət katibi Con Kerri məsələni onunla dəfələrlə müzakirə edib. Bu, elə sahədir ki, ABŞ, Rusiya və Fransa məhsuldar şəkildə əməkdaşlıq edə bilərlər.
-Bəs razılaşmanın əldə edilməsi üçün hansısa vaxt çərçivəsi varmı və ya nizamlama yenə illərlə davam edəcək?
-Biz ümid edirik ki, danışıqlar illərlə davam etməyəcək, ancaq əlbətdə ki, bu münaqişənin həllində qəfil dönüşə də ümid etmək yersizdir. Ancaq bizim irəli getmək üçün yolumuz var, konkret təkliflər var. Prezidentlər bu məsələ ilə məşğuldur.
Mən məsələnin sabah, bir həftə və ya bir ay sonra həll ediləcəyinə dair təxmin irəli sürə bilmərəm, ancaq prezidentlər siyasi iradə nümayiş etdirsələr nizamlamanın bütün şərtləri hazırdır.
-Sizə elə gəlmirmi ki, bu münaqişənin qalması kiməsə sərfəlidir, onu dondururlar və yenidən qaynar fazaya keçir?
-Bir çoxları bunu dondurulmuş münaqişə adlandırır, ancaq biz xüsusən son illərdə görmüşük ki, bu belə deyil. Aprelin əvvəllərində biz gördük ki, münaqişə necə təhlükəli ola bilər.
Mən bir neçə il əvvəl həmsədr vəzifəsinə təyin olunanda təmas xəttində ən böyük təhlükə snayperlər idi. Və bu çox kədərlidir ki, snayperlərin dueli nəticəsində xeyli insan həlak oldu.
Bu gün situasiya daha təhlükəlidir, biz təmas xəttində raketləri və digər ağır silahları görürük. Apreldə bizə gördük ki, bu necə təhlükəli ola bilər. Hesab edirəm ki, münaqişənin bütün bu ağır silahlardan istifadə olunmaqla yenidən eskalasiyası riski var. Təkcə eskalasiya riski deyil, hansısa yanlışlıq üzündən də bu baş verə bilər.
Ona görə də mən bu münaqişəni dondurulmuş adlandırmıram, mən onu bizim tərəfdən böyük diqqət tələb edən çox fəal münaqişə hesab edirəm. Hesab edirəm ki, kimsə bu münaqişəni idarəolunan hesab edirsə səhvə yol verir.
-Rusiya Azərbaycana silah verir və Ermənistanı dəstəkləyir, çünki Ermənistan Rusiyanın müttəfiqidir. Bəs ABŞ-ın Ermənistanla və Azərbaycanla hərbi-texniki əməkdaşlığı haqda nə deyərdiniz? Aprel döyüşləri bu əməkdaşlığa təsir etdimi?
-Biz başa düşürük ki, Rusiya və ABŞ fərqli situasiyalardadır. Rusiya hər iki tərəflər uzunmüddətli münasibətlər tarixçəsinə malikdir və uzun müddətdir onlarla dostluq edir. Biz bu münasibətləri başa düşürük.
ABŞ da Ermənistan və Azərbaycanla sıx əməkdaşlıq edir, ancaq başqa cür. Biz tərəflərin heç birinə silah vermirik. Ancaq müdafiə təyinatlı silahlar veririk, özü də çox məhdud miqdarda. Lakin Azərbaycana gəldikdə bizim Konqresin qanuni mandatı var və bu, həmin ölkəyə Dağlıq Qarabağa hücum üçün istifadə edilə bilən silahların verilməsini qadağan edir. Beləliklə, biz tərəfləri silahla təchiz etmirik. Hesab edirik ki, hər iki tərəflə strateji qarşılıqlı münasibətlərimiz var.
-Yəni siz tərəflərə müdafiə təyinatlı silahlar verirsiniz?
-Hər iki tərəflə məhdud hərbi əməkdaşlıq qurulub. Lakin tərəflərdən heç biri ilə silah təchizatına dair anlaşmamız yoxdur.
-Bu məsələ Rusiya və Fransa ilə müzakirə olunurmu?
-Biz bu məsələləri müzakirə edirik. Çalışırıq ki, dinc nizamlamaya nail olaq. Məncə dövlət katibi Con Kerri də xarici işlər naziri Sergey Lavrovla birgə işini qiymətləndirərkən bu cür deyərdi.
-Səhv etmirəmsə də ABŞ-ın İrəvandakı səfirliyi ən iri səfirliklərdən biridir...
-Bu haqda oxumuşam, ancaq hesab etmirəm ki, doğrudan da belədir. Sizə dəqiq rəqəmləri təqdim etmək üçün informasiyaları dəqiqləşdirmək lazımdır, ancaq təcrübəmdə deyə bilərəm ki, Ermənistandakı səfirlik ölçüsünə görə dünyanın qalan ölkələrindəki ABŞ səfirliklərindən elə də fərqlənmir.
Mən Bolqarıstanda səfir olmuşam və deyə bilərəm ki, oradakı səfirliyin əməkdaşlarının sayı Ermənistandakı səfirliyin əməkdaşlarından çox idi. Xəbərləri oxumuşam ki, Ermənistandakı səfirlik iridir, ancaq bu, ABŞ-ın orta ölçülü səfirlik standartlarına uyğundur.
Lakin səfirliyin ölçüsünün qarşılıqlı münasibətlərə təsiri yoxdur. Biz Ermənistanla bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik.
-Rusiya, Azərbaycan və İran arasında yeni əməkdaşlıq formatını izləyirsinizmi? Bu yaxınlarda üç ölkə prezidentlərinin sammiti oldu. Bu formata münasibətiniz necədir?
-Əlbətdə, biz bu hadisələri izləyirik. Təəcüblü heç nə yoxdur ki, belə görüş olub. Əlbətdə, Rusiya Azərbaycanın şimal qonşusudur, İran isə cənub qonşusu. Qeyri-adi heç nə yoxdur ki, bu ölkələr regionun problemlərini müzakirə edirlər. Ümid edirik ki, təkcə Rusiya deyil, regionun qalan ölkələri də Qarabağa dair danışıqlar prosesini dəstəkləyəcək. Minsk Qrupunun həmsədri kimi mənim üçün ən başlıcası budur.
Hazırladı: F.Məmmədov
Virtualaz.org