“60 kiloluq qoçdur, sifarişlə bəzədilib. Bəzədilməsi 80 manata başa gəlib. Nişanlı qız üçün aparılıcaq”.

12-09-2016, 21:34   
“60 kiloluq qoçdur, sifarişlə bəzədilib. Bəzədilməsi 80 manata başa gəlib. Nişanlı qız üçün aparılıcaq”.
500 manata qara qoç, "qiyməti bəlli" baytar arayışı
Bu gün və sabah müsəlman dünyasında Qurban Bayramı qeyd edilir. Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri qurbanlıq heyvanların satılması üçün Bakıda yalnız 4 məntəqə müəyyənləşdiriblər. Dövlət Baytarlıq Nəzarət Xidməti bayramla əlaqədar güclənmiş iş rejiminə keçib. Dövlət qurumları tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş ərazilərdən kənarda heyvan satışına icazə verilməyəcəyi bildirilsə də, yol kənarlarında, hətta metro keçidlərinin yaxınlığında qurbanlıq qoyunlar satılır.

Virtualaz.org saytının qurbanlıq heyvan bazarında apardığı müşahidələrə görə, bu il bazarda 20-25 faiz bahalaşma var. Amma bahalaşma alıcı sayına təsir etməyib.



Xətai rayonundakı heyvan bazarında qoyunların qiyməti ilə bağlı piştaxtalara elanlar yapışdırılıb. Elanlarda 90-100 manat yazılsa da, bazardakı qoyunların qiyməti 120 manatdan başlayır. “Bu yarmarkada qiymətlər nisbətən ucuzdur. Çoxu qoyunun çəkisinə görə deyil, qiymətə uyğun qurbanlıq seçir. Səhər tezdən ucuz qoyunlar satılıb”, - Bərdədən qurbanlıq qoyunlar gətirən Alı Səfərov deyib.

Qurbanlıq heyvanlar daha çox Aran bölgələrindən gətirilib. Qiymətlər heyvanın çəkisinə uyğun olaraq kiloqramına görə 9-10 manat arasında dəyişir.



Satıcıların sözlərinə görə, bu il qurbanlıq qoyuna təlabat çoxdur.

"Ağcəbədidən gəlmişəm. Səhərdən indiyədək 120-150 manatlıq 17 qoyun satmışam. 30-40 kiloqram çəkisi olan qoyunlarım var. 200 manatdan yuxarı qiymətə qoyun almaq istəyənlərə endirimlər edirəm”, - bunu isə Əhməd Qocayev deyir.

Xətai rayonu, Gəncə prospektindən metronun “Əhmədli” stansiyasınadək yol kənarında qoyun “bazarları” var. Təkcə bir küçədə 6 improvizə olunmuş "sallaqxana" açılıb. Qurbanlıq qoyunlar elə yol kənarındaca kəsilir, qanı yola axıdılır, qoyunun içalatı isə ağacların altına yığılır.



“Bizim heyvanların hamısı sağlamdır. Qurbanlıqda xəstə heyvan satmaq olmaz”, - Xudu Məmmədov küçəsində qurbanlıq qoyun satan satıcı heyvanların baytar nəzarətindən keçirilib-keçirilmədiyinə dair sualımıza aqressiv şəkildə cavab verir. “Bazardakı qoyunların hamısı nəzarətdən keçirilib? Bir arayışdır, onun da qiyməti bəllidir. Alıcılar onsuz da arayışla maraqlanmırlar. Sizdən başqa heç kim həkimdən arayış tələb etməyib”, - satıcı əlavə edir.

Bazarda qurbanlıq keçilər də satılır. Qara keçilərin qiyməti 150-180 manat arasında dəyişir. “Gördüyünüz bu qoçlar da, keçilər də Beyləqan rayonundan gətirilib. 300 manatdan baha qoçlarımız var. Amma keçi almaq istəyənlər azdır”, - Azər adlı satıcı deyir.



Məhəmməd Hadi küçəsində isə bəzədilmiş qara qoç 500 manata satılır. Nəriman adlı satıcı deyir ki, qoç sifarişlə gətirilib. “60 kiloluq qoçdur, sifarişlə bəzədilib. Bəzədilməsi 80 manata başa gəlib. Nişanlı qız üçün aparılıcaq”.

Satıcı bəzədilmiş qoçu almaq istəyənlərin çox olduğunu da deyir. Onun sözlərinə görə, qara qoç istəyənlər daha çox qız evinə qurbanlıq aparanlardır.

Digər satıcı isə deyir ki, qoyunu kəsdirib yarısını alanlar da var: “Qoyun ətinin kiloqramı 10 manatadır. 150-200 manata qoyun ala bilməyənlər əti kiloqramla alırlar. Bu il alıcı sarıdan korluq çəkmədik”.



Suraxanı rayonu, Zığ qəsəbəsində 3 yerdə qurbanlıq qoyunlar satılır. Zığdan Əhmədli istiqamətinə gedən avtobus dayanacağında dəmir hasar çəkilərək qoyunlar yığılıb. Kəsilən qoyunların içalatı yolun kənarına qoyulan vannalara yığılır. Uşaqların gözü qarşısında kəsilən heyvanların kəllələri isə dayanacağın kənarına yığılıb.

Səbinə Quliyeva adlı alıcı deyir ki, ötən həftədən 15 kiloqramlıq qoyun sifariş verib. “Təxminən 170 manata qoyun aldım. Kəsib, xırda parçalara bölüb verirlər. Yalnız dərisi və baş-ayağı qəssaba qalır. Amma belə natəmizlik yaxşı deyil”.



Abbas Məmmədov isə maddi imkanı məhdud olduğundan quzu alıb. “100 manata quzu aldım. İmkanım yoxdur, amma hər il Allah yolunda qurban kəsmişəm. Bu il ənənəni pozmaq istəmədim”.

Onu da qeyd edək ki, hər Qurban Byramında ətin qiyməti artır, sonradan isə qiymətlər əvvəlki səviyyəsinə düşmür. Builki Qurban bayramında qoyun ətinin qiyməti 10 manata satılır.

Jalə Ağazadə

Foto Samirənindir

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar