Prezident torpaqları oliqarxların işğalından qurtarmağa start verdi

19-09-2016, 08:39   
Prezident torpaqları oliqarxların işğalından qurtarmağa start verdi

İlham Əliyev “iqtisadiyyatı dənizdən çıxarıb torpaqda qurmaq modelinə” əngəl olanlara qarşı ciddi tədbirlər görməyə başlayıb; yararlı torpaqları ələ keçirənləri referendumdan sonra daha çətin günlər gözləyir...
Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı üçün “iqtisadiyyatı dənizdən çıxarıb torpaqda qurmaq modeli” adlandıra biləcəyimiz proqramı gerçəkləşdirməkdədir. Dövlət başçısı rayonları qarış-qarış gəzir, neftin qiymətinin qeyri-sabit qalacağı uzun bir dönəm üçün Azərbaycanın iqtisadi inkişaf perspektivlərini arayır.

Neftin qiymətinin kəskin düşməsi ilə hətta ən inkişaf etmiş ölkələr belə ciddi problemlər yaşamaqdadır və bu problemlə üzləşmiş bütün hökumətlər çıxış yolu axtarmaqdadır. İ.Əliyev isə Azərbaycanın çətin dönəmdən çıxış yolunu torpaqda - kənd təsərrüfatının ən müxtəlif sahələrini dirçəltməkdə görür. Modelin həyata keçirilməsi, etiraf edilməlidir ki, kifayət qədər çətindir.

Çünki neft eyforiyası Azərbaycanda hətta sadə kəndlini də torpaqdan uzaq salmışdı ki, indi onları üzüm, pambıq, taxıl, tütün və sair sahələrə qaytarmaq prosesi gedir.

Azərbaycan büdcəsinə qazanc gətirənin “neftçidən kəndliyə ötürmək” mərhələsinin uğurla alınması üçün qanunlar hazırlanır, kəndlini və fermeri torpağa qaytarmaq üçün subsidiyalar ayrılır. Amma belə görünür ki, bu məsələdə ən ciddi problemlərdən biri illərdir oliqarxlar tərəfindən zəbt olunmuş yararlı torpaqlardır.

Image result for Prezidentdən sabirabad

Hələ iyulun 11-də keçirilmiş müşavirədə prezident İlham Əliyev kənd təsərrüfatı əhəmiyyətli torpaqların effektiv istifadəsi məsələsi barədə ciddi məqamlara toxunmuşdu. Dövlət başçısı bildirmişdi ki, söhbət minlərlə hektar əkinə yararlı torpaqdan gedir: “Mən bu torpaqlarla bağlı məruzənin hazırlanmasını tapşırmışam. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara aiddir və məndə onların adları var. Yaxın vaxtlarda həmin məsələ ilə bağlı tədbirlər görüləcək və istifadə edilməyən torpaqlar geri alınaraq kənd təsərrüfatında istifadəyə yönəldiləcək. Ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmamalıdır”, deyə prezident bildirmişdi.

Qeyd edək ki, oliqarxların böyük əksəriyyəti 1000 hektarlarla əkin-biçinə yararlı sahələri hasarlayıb, belə demək mümkünsə, özlərinə dövlət içində “anklav” yaradıblar. Bu, təkcə Bakı və Abşerona aid deyil, bütün ölkəboyu kənd təsərrüfatı üçün yararlı sahələr məmur-oliqarxlar tərəfindən zəbt edilib.

Prezident sentyabrın 17-də Sabirabadda keçirilmiş müşavirədə də bu barədə sərt danışıb. Dövlət başçısı deyib ki, böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq: “Ona görə bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir. Artıq bir çox müqavilələrin icarəsi ləğv olunub, bu proses davam etdirilir. Bir qarış torpaq belə boş qalmamalıdır. Bu, məhsuldarlığı artıracaq, insanlara daha da böyük maddi gəlir gətirəcək, dövlətə də bunun böyük xeyri olacaq”.

Image result for Prezidentdən sabirabad

Dövlət başçısı əlavə edib ki, bu məsələyə dövlət orqanları, yerli orqanlar və ictimaiyyət tərəfindən çox ciddi nəzarət olmalıdır.

Prezidentin çıxışından bu qənaətə gəlmək mümkündür ki, oliqarxların zəbt etdiyi torpaqların “işğaldan qurtarılması” prosesi artıq başlayıb və xəbərdarlıqdan artıq əməli işə keçilib.

Qeyd edək ki, hələ bir neçə gün əvvəl də “Yeni Müsavat”a bu istiqamətdə xəbərlər daxil olmuşdu. Xəbərlərdə deyilirdi ki, Aran və Mil-Muğan zonasında oliqarxlara məxsus istifadəsiz yararlı torpaqlar onların əllərindən alınıb. Hətta iddia olunurdu ki, oliqarx nazirlərdən birinin yarımçıq villası uçurularaq istehsalla məşğul olan sahibkara verilib. Mənbəmiz konkret adlar çəksə də, biz ümumiləşdirərək deyə bilərik ki, torpaqları əllərindən alınanlar hakimiyyətdə mövqeləri kifayət qədər güclü olanlardır. Bu isə onu deməyə əsas verir ki, prezident bu məsələdə israrlı və güzəştsiz siyasət aparır.
Yeri gəlmişkən, sentyabrın 26-da konstitusiya dəyişiklikləri ilə bağlı xalq səsverməsinə çıxarılan maddələrdən biri də mülkiyyət hüququ ilə bağlıdır.

Təklif olunan dəyişikliklərə görə, mülkiyyətçi torpağın qeyri-effektiv istifadəsinə yol verərsə, dövlət həmin torpağı onun əlindən ala bilər. Belə görünür ki, oliqarxların əllərində cəmləşdirdiyi torpaqları qanunun gücündən istifadə edərək onlardan almaq üçün bu dəyişikliyə ehtiyac yaranıb. Demək, referendumdan sonra “işğalçı oliqarxları” daha çətin günlər gözləyir...

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar